Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:47
Dinlə

«Mən təzə müxalifətçi deyiləm. 1993-cü ilin iyun ayından sonra hazırkı hakimiyyətə qarşı müxalifətdəyəm. Əslində, müxalifətin köhnəsi, yenisi olmur, müxalifət elə müxalifətdir».

Bunu «Azadlıq» radiosunun «Seçki qatarı» proqramına prezidentliyə eks-namizəd Qulamhüseyn Əlibəyli deyir. Onun fikrimcə, keçirilən seçkini ideal saymaq olmaz:

«Seçkiqabağı şərait normal seçki keçirilməsini mümkün etmirdi. Siyasi fəaliyyət azad deyildi, KİV azadlığı yox idi, siyasi partiyalara münasibətdə ayrı-seçkilik hökm sürürdü».

Q.Əlibəyli deyir ki, bu dəfə də ötən seçkidəki qanun pozuntuları təkrar olunub, amma total şəkildə yox:

«Əvvəlki seçkilərdə Azərbaycanın bütün nöqtələrində müxalifət nümayəndələrinə təzyiq olunurdu, indi çox az yerdə olub. Odur ki, əvvəlki seçkiyə nisbətən irəliləyiş var. Amma qanun pozuntuları da vardı - ayrı-ayrı dairədə topa ilə bülleten salınması, karusel əməliyyatı, səslər sayılandan sonra nəticənin dəyişdirilməsi və s. Təəssüf ki, mənim əlimdəki məlumatlar çox az məntəqəni, dairəni əhatə edir. Ona görə də şikayət etmədim. Çünki əlimdəki şikayətlərə əsasən həmin məntəqələrin nəticəsi ləğv olunsaydı belə, yenə seçkinin nəticəsinə ciddi təsir etməyəcəkdi».

Qulamhüseyn Əlibəyli deyir ki, bu seçkidən qazandığı o olub ki, siyasətçi kimi Azərbaycan miqyasında təxmini reytinqini özü üçün müəyyənləşdirib:

«Amma bu göstərici məni qane etmədi. Daha çox səs toplamağa ümid edirdim».

Verilişin qonağı olan politoloq Ərəstun Oruclu isə deyir ki, müxalifətin kim olacağını hakimiyyət müəyyənləşdirə bilməz:

«Müxalifəti hakimiyyət yaratmadığı kimi, onu sıradan da çıxara bilməz. Müxalifəti yaradan da, sıradan çıxaran da ictimai-siyasi durumdur. Müxalifəti konkret olaraq indiki halda fiziki olaraq sıradan çıxarmaq, qətl törətmək, əzmək, üzvlərinə təzyiq etmək, şərləmək olar. Amma bu, o demək deyil ki, müxalif düşüncə və müxalifət ümumiyyətlə sıradan çıxacaq».

Prezident İlham Əliyevin vəkili, BDU-nun professoru Şahlar Əsgərov isə deyir ki, əhalinin 100 faiz iqtidardan razı qaldığını demək düzgün deyil:

«Amma seçkidə kimin qalib olduğu bəllidir. Bəzi namizədlər deyirdilər ki, seçkiyə bəxtimizi sınamaq üçün getmişdim. Xalq da bunu duydu və ona görə də onlara səs vermədi».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG