Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:19

«Hansı mətbuat azadlığından danışmaq olar ki?!»


«Vaxtilə «Qafqazda at oynadan» Azərbaycan mətbuatını indi Tacikistan və Türkmənistanla müqayisə etmək olar»
«Vaxtilə «Qafqazda at oynadan» Azərbaycan mətbuatını indi Tacikistan və Türkmənistanla müqayisə etmək olar»
Dinlə

- Azərbaycanda mətbuat azaddırmı, media istədiyini yaza bilirmi?
Müsahibim susur...

Paytaxtda rastlaşdığım bir neçə nəfərə də bu sualla müraciət etdim. Amma nədənsə müsahiblərim susdular.

«Sərhədsiz Reportyorlar» mətbuat azadlığını beynəlxalq müdafiə təşkilatının yeni yayılan hesabatında isə bu suala cavab verilir. Sənəddə Azərbaycan mətbuat və söz azadlığının səviyyəsinə görə, 173 ölkə arasında 150-ci mövqedə göstərilir. Siyahıda Azərbaycan həm Gürcüstan, həm də Ermənistandan geridə qalır.

«Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov bu hesabatı qərəzli sayır:

«Bu təşkilatlar Azərbaycana qarşı həmişə qərəzli olublar. İndi də təbii ki, həmin mövqedə durmaqdadırlar. Ona görə, mən təccüblənmirəm. Çünki neçə illərdir «Sərhədsiz Reportyorlar» təşkilatı Azərbaycanda mətbuat və söz azadlığı ilə bağlı həqiqətə uyğun olmayan, qərəzli məlumatlar yayır».

2006-cı il noyabrın sonlarında Bakının mərkəzindəki ofisindən çıxarılan «Azadlıq» qəzeti elə həmin vaxtdan bu günə kimi «Azərbaycan» nəşriyyatının 9-cu mərtəbəsində yerləşir. Ancaq belə bir hündürlüyə qalxmalarına baxmayaraq qəzetin baş redaktor əvəzi Azər Əhmədov deyir ki, o vaxtdan yaxşılığa doğru heç nə dəyişməyib. Əksinə baş redaktorları həbs edilib, bir əməkdaşları təzyiqlərlə üzləşdiyi üçün ölkədən gedib. Bundan başqa, olan–qalan avadanlıqları şəhərin mərkəzindəki ofisdən çıxarılanda tamamilə yarasız hala düşüb. Bu baxımdan da A.Əhmədov hesabatla tamamilə razıdır. O deyir ki, son bir neçə ildə mətbuat azadlığı ilə bağlı hansısa ciddi addım atılsaydı, yəqinki bu hesabatla razılaşmazdı.

Azər Əhmədov bildirir ki, bu gün müstəqil və ya müxalif qəzetlərə reklam verilməsi qeyri-rəsmi yasaqlanıbsa, nəşr işçilərinə çörək və yol pulunu güclə verirlərsə, bu, elə mətbuat azadlığının ən yaxşı göstəricisidir. Onun sözlərinə görə, redaksiyaya sonuncu dəfə yeni kompyuteri 3-4 il bundan əvvəl alıblar, özü də kreditlə.

Hər gün «Azadlıq» qəzetinin sonuncu səhifəsini ərsəyə gətirən Arzu Abdullanınsa Azərbaycanda mətbuat azadlığının olub-olmamasıyla bağlı deyilənlərə bir cavabı var:

«Hansı mətbuat azadlığından danışmaq olar ki, hakimiyyətin xoşuna gəlməyən jurnalistlərin üzərinə ən iyrənc böhtanlar atıb həbs edirlər».

A.Abdulla deyir ki, nə qədər ki, bu kimi hallar aradan qaldırılmayıb, nə qədər ki, Elmar Hüseynovu öldürənlər, Bahəddin Həziyevi döyənlər tapılmayıb, mətbuat azadlığı ilə bağlı hesabatlardan müsbət rəy eşitmək yersizdir.

Ancaq «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov deyir ki, hətta onun özü və ya müxbiri həbs olunsaydı belə, yenə də «Sərhədsiz Reportyorlar»ın hesabatını qərəzli sayardı.

«Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə deyir ki, vaxtilə «Qafqazda at oynadan» Azərbaycan mətbuatını indi Tacikistan və Türkmənistanla müqayisə etmək olar. Onun sözlərinə görə, geriləmə həm qəzetlərin tirajında, həm elektron kİV-lərin sayında, həm də bölgələri əhatə dairəsində aydın görünür. Bundan başqa, həbsdə olan jurnalistlər, qanunvericilikdə dəyişikliklərin dayandırılması, diffamasiya məsələsinin ilişib qalması və nəhayət, efirdə fikir müxtəlifliyinin olmaması bu hesabata təsir edib.
XS
SM
MD
LG