Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:44

«Ədalətsizliyin günahını təkcə dövlətdə axtarmaq düzgün deyil»


S.Rüstəmxanlının fikrincə, Azərbaycan müxalifəti nə vaxtsa hakimiyyətə gələcək
S.Rüstəmxanlının fikrincə, Azərbaycan müxalifəti nə vaxtsa hakimiyyətə gələcək
Dinlə

«Hamı rüşvətdən gileylənir, amma məmnunniyyətlə rüşvət verir. Hamı oğurluqdan gileylənir, amma özü xalq malına göz dikir. Bu, cəmiyyətin böyük faciəsidir. İlk öncə bundan xilas olmaq haqda düşünməliyik».
«Azadlıq» radiosunun «Can Bakı» proqramının qonağı, tanınmış şair və millət vəkili Sabir Rüstəmxanlı belə deyir. Onun fikrincə, ölkədə baş verən ədalətsizliyin günahını təkcə dövlətdə axtarmaq düzgün deyil:
«Bunların arxasında həm də cəmiyyətin müqavimətsizliyi dayanır. İnsan haqqını müdafiə edə bilməyəndə, istəyinə əyri yolla nail olmağa can atır, axıra qədər mübarizə aparıb, düz yol tapmaq haqda düşünmür».
S.Rüstəmxanlının fikrincə, Azərbaycan müxalifəti nə vaxtsa hakimiyyətə gələcək:
«Azərbaycanda güclü müxalifət hərəkatı olsa, hakimiyyətdə bu qədər özbaşınalıq olmaz. Bu gün bəzi məmurlar sevinə-sevinə deyirlər ki, artıq Azərbaycanda müxalifət yoxdur. Onlar bizi səhnədən silinmiş hesab edirlər. Düşünürlər ki, gücümüz qalmayıb. Halbuki, Azərbaycanda müxalifət var. Düzdür, müxalifətin bir hissəsini əl quzusuna döndəriblər. Elə son seçkidə də bunu gördük. Amma vicdanlı, milli idealdan heç vaxt qopmayan, haqsızlıqlarla barışmayan insanlar da var».
Sabir Rüstəmxanlı dinləyicinin «niyə parlament iclasları canlı yayınlanmır» sualını belə cavablandırdı:
«Artıq neçə illərdir ki, bu məsələni qaldırırıq, amma nəticəsi yoxdur. Milli Məclis özü yaradıcı heyət düzəldib, iclasları redaktə edib, sonra efirə verirlər. Təklif edirəm ki, parlament toplantıları birbaşa yayınlansın. Bu, həm hüquq mədəniyyətinin yüksəldilməsi, həm qanunların öyrənilməsi, həm də deputatların iş keyfiyyətlərini müşahidə etmək baxımından çox zəruridir. Parlamentdə elə deputatlar var ki, 5 il oturub, birgə dəfə də səslərini çıxarmayıblar. Elə bil tamaşaya gəlirlər».
XS
SM
MD
LG