Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:55

«Plüralist demokratiyada 90 faizlik qələbə olmur»


Rəsmi məlumata görə, oktyabrın 15-də keçirilmiş prezident seçkisində hazırkı ölkə başçısı İlham Əliyev 88,73% səs toplayıb
Rəsmi məlumata görə, oktyabrın 15-də keçirilmiş prezident seçkisində hazırkı ölkə başçısı İlham Əliyev 88,73% səs toplayıb
Dinlə

«Freedom House» təşkilatı hesab edir ki, 15 oktyabrda keçirilən prezident seçkisində İlham Əliyevin 88 faizlik qələbəsi ölkədə əsas azadlıqlar sahəsində geriləmənin göstəricisidir.
90 faizə yaxın səslə qələbə nə deməkdir? Bu vəziyyət xalqa və hakimiyyətə nə vəd edir?
Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyir ki, cəmiyyətin bir insanı dəstəkləməsini nə xalqa, nə də hakimiyyətə irad tutmaq düz deyil:
«Əgər Azərbaycan cəmiyyəti, xalqı bir insanı dəstəkləyirsə, bu, ona günah kimi yazıla bilməz. Azərbaycan hakimiyyəti üçün əsas mandatı xalqın keçirdiyi və kütləvi şəkildə iştirak etdiyi, nəticəsini də onun müəyyən etdiyi seçkilər verir. Nəticəsini xalqın müəyyən etdiyi seçkilərə heç kimin şübhə etməyə haqqı yoxdur».
Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov isə hesab edir ki, növbəti beş ildə İlham Əliyevlə yenə də irəliləyişlər olacaq. Ölkə azad, firavan həyatını davam etdirəcək. Cənab Əhmədov seçki gününün axşamı hakim partiyanın qərargahı qarşısında düzənlənən tədbirdəki çıxışında belə deyib.
AXCP sədri Əli Kərimli isə deyir ki, plüralist demokratiyada heç vaxt 90 faizlik qələbə olmur. Yalnız totalitar, avtoritar rejimlərdə qələbələr belə göstəricilərlə müəyyənləşir:
«Bu, onu göstərir ki, Azərbaycanı idarə edənlər yaşlarından asılı olmayaraq köhnə təfəkkürün daşıyıcılarıdır».
Ə.Kərimli deyir ki, 90 faizlik qələbə hakimiyyətin bundan sonra da islahatlara meylli olmayacağını göstərir:
«Amma xalqın istəyinə və dünya birliyində gedən dəyişikliklərə uyğun Azərbaycanda da dəyişikliklər olacaq».
Hüquqşünas Erkin Qədirli isə hesab edir ki, çox böhranlı, təlatümlü vəziyyətlərdə – məsələn, ölkə müharibədən çıxdığı zaman onu idarə edənlər və ya milli azadlıq, müqavimət hərəkatının liderləri seçkilərdə yüksək səs ala bilərlər. O, fransızların İkinci Dünya müharibəsində ölkənin müqavimət hərəkatını təşkil etmiş general Şarl de Qolu özlərinə prezident seçmələrini belə misallardan adlandırır. Amma əlavə edir ki, hətta belə liderlərin də nəinki yüksək səs almaq, ümumiyyətlə seçilməmək ehtimalı var. Məsələn, İngiltərənin müharibədə qələbəsini təmin etmiş Baş nazir Uinston Çörçil müharibədən sonrakı seçkilərdə məğlub olub. E.Qədirli deyir ki, xüsusilə rahat cəmiyyətlərdə kiminsə 100 faizə yaxın səs alması mümkün deyil. və belə vəziyyət əslində ölkəyə heç nə vəd etmir:
«Bu cür vəziyyət əslində cəmiyyəti narahat etməlidir. Çünki bu, o deməkdir ki, əslində insanlar real mənafelərini ifadə edə bilmədikləri üçün biganələşirlər. Yəni ümumiyyətlə seçkilərə qatılmırlar, dövlətin idarə olunmasında iştirak etmək istəmirlər. Çünki onların hətta gündəlik ehtiyacları səviyyəsində mənafelərinin ifadə olunma ehtimalı çox aşağıdır. Kommunal ehtiyaclardan tutmuş siyasi ehtiyaclara qədər».
Rəsmi məlumata görə, oktyabrın 15-də keçirilmiş prezident seçkisində hazırkı ölkə başçısı İlham Əliyev 88,73% səs toplayıb. Digər namizədlərdən heç biri 3 faizlik baryeri aşa bilməyib.
XS
SM
MD
LG