Keçid linkləri

Təcili xəbərlər

5 ildən sonra prezident, yoxsa Konstitusiya dəyişəcək?


YAP-ın seçki bayramı, 15 oktyabr 2008
YAP-ın seçki bayramı, 15 oktyabr 2008
Ölənlərinizə rəhmət, bir gün müdirimin qaynanası dünyasını dəyişmişdi. Mən də uruset təhsilindən sonra yenicə Azərbaycana dönmüşdüm. Bizim tələbə mühitində geniş yayılmış bir fikir var idi ki, qaynana ilə kürəkən sinfi düşmən kimi bir şeydirlər. Hətta səhiyyə embleminə (kuboka dolaşıb dilini haçalayan ilan rəsmi) zarafatla deyərdik: «qaynana dondurma yeyir». Mən də, dili qafil, tənbəllik eləməyib dedim: «Müdir, heç bilmirəm, təbrik edim, yoxsa başsağlığı verim». O mənə tərs-tərs baxanda, anladım ki, camaat arasında dolaşan fikirlər həqiqətə uyğun olmaya da bilər.

15 Oktyabrdan sonra da belə bir tərəddüd yaranır. Bir tərəfdən elan olunur ki, prezident seçkisi Azərbaycanın demokratiyaya doğru tərəqqisidir. Digər tərəfdən isə deyilir ki, bunu tərəqqi saymayan qələt eləyir, başını daşa döyür.

Əlbəttə, məsələ bu şəkildə, necə deyərlər, kökündən qoyulursa, tərəddüd keçirməyə adamda ürək gərəkdir. Əgər Qərbdə yaşayıb öz prezidentlərini corab kimi dəyişən firəng siyasətçiləri belə ürək sahibi deyilsə, Azərbaycanda yaşayan sadə adamlardan nə gözləyəsən.

15 Oktyabrdan sonra da belə bir tərəddüd yaranır. Bir tərəfdən elan olunur ki, prezident seçkisi Azərbaycanın demokratiyaya doğru tərəqqisidir. Digər tərəfdən isə deyilir ki, bunu tərəqqi saymayan qələt eləyir, başını daşa döyür
Papağımı qarşıma qoyub götür-qoy edirəm.
Əvvəlcə, firənglərə qulaq kəsilək. Onların ümumi fikrini təxminən belə ifadə etmək olar. «Bilirik, güləcəksiniz, amma bu dəfə də Azərbaycan irəliyə doğru addım atdı».

Orta hesabla hər 2 ildən bir Azərbaycandan demokratiya imtahanı qəbul edib, hər dəfə onun qiymət kitabçasına «məqbul» yazan bu ağaların hərəkətində yeganə fərq ondan ibarət oldu ki, əvvəllər alver edib rüşvət formasında bir necə siyasi dustağa azadlıq alardılar. Bu dəfə isə məhbus jurnalistlər heç yada da düşmədi. Əgər sabah Avropa Parlamentinin foyesində qırmızı qumac üzərində «Azərbaycan iri addımlarla irəliləyir» şüarı görsəniz, təəccüblənməyin.
Məhbus jurnalistlərdən müxalifət də alver predmeti kimi istifadə edə bilərdi. Amma, mahnı dili ilə desək, «olmalıydı, olmadı». Ümumiyyətlə, müxalifət haqqında danışmağa lətifədən başqa janr qalmayıb.

«Andreas Herkel İsa Qəmbərlə görüşür. Soruşur:
- Belə, bundan sonra nə edəcəksiniz?
İsa Qəmbər düşünmədən cavab verir:
- İqtidarla birləşib Azərbaycanın Avropa Birliyinə tamhüquqlu üzv kimi qəbul edilməsini tələb edəcəyik!
A. Herkel inanmır:
- Məni ələ salırsan?
- Birinci kim başladı?»

Və nəhayət məqalənin ən maraqlı hissəsi - sadə adamlar. Seçkilərin həqiqətən də demokratik keçməsinə olan tərəddüdləri dağıtmaq üçün siyasətçilərin elektorat adlandırdığı adamların fikirlərinə müraciət etdim. Qubadlı qaçqını Gəray İsmayılov Azərbaycan ziyalısıdır. Məktəb direktorudur. Müəllimdir. Yeni nəslin tərbiyəsində birbaşa iştirak edir. Onun fikirlərindən qiymətli nə ola bilər ki...

- Çox gözəl! (Seçki) Mənim xoşum gəldi! Mən uzun müddət, 59-cu ildən müəllim olmuşam, həmişə də seçkidə iştirak etmişəm. 40 il də məktəb direktoru işləmişəm, belə seçki mən hələ görməmişəm.
- Bildirişlər imzaladırsınız, bu nə ilə bağlıdır?
- Bəli! Deməli iştirak edib. Bizi maraqlandırır ki, seçkidə iştirak eləsin. Seçkidən geri qalmasın. Məktəbdi, idarədi, müəssisədi – məsələ burasındadır, bütün adamlar fəal sürətdə seçkidən qırağa - deməyimiz odur ki – adam qalmasın. Səsvermə yaxşı olsun.
- Əgər kimsə imzalatdırıb gətirmirsə müəssisəyə, onda problem yaranır?
- Yox, o belədir ki, demək niyə getməmisən səsverməyə? Belə çıxır ki, səsverməyə getməmisiniz də. Nə ilə əlaqədardır? Bir kağızı mən də, üzr istəyirəm, qaraladıb gətirərəm ki, getdim-gəldim. Amma bu, sənəddir ki, uje iştirak edib. Bu müəllimədi. Məsələ bubrasındadır ki, səs vermisənmi? Ailə tərkibin səs verib? Bəli. Bax, əsl demokratiya elə budur!

Bu söhbətdən sonra bəndənizdə heç bir tərəddüd qalmadı, yalnız bir sual: 5 ildən sonra Azərbaycanda prezidentmi dəyişəcək, yoxsa Konstitusiya?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG