Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:23

Müxalifət kimdi: boykotçular, yoxsa təbrikçilər?


«Bu seçki prosesinin tam mənada baş tutmaması göstərdi ki, təbrikçi müxalifətlə siyasi proseslər irəli gedə bilmir»
«Bu seçki prosesinin tam mənada baş tutmaması göstərdi ki, təbrikçi müxalifətlə siyasi proseslər irəli gedə bilmir»
Dinlə

«Əgər müxalifət, legitim bir müxalifət olaraq yenə fəaliyyət göstərmək, bir siyasi partiya kimi cəmiyyətdə mövcud olmaq istəyirsə, gərək seçkilərə qatılsın. Biz dövlət olaraq seçkilərə qatılan müxalifətlə əməkdaşlıq edəcəyik»-, Prezidentin İcra Aparatının İctimai-siyasi şöbənin müdiri Əli Həsənov belə deyib.

Nəşri dayanan «Gündəlik Azərbaycan» qəzetinin şef-redktoru Şahvələd Çobanoğlu Əli Həsənovun bu fikirlərini şərh edərək deyir ki, hakimiyyət prezident seçkilərinə qatılıb, heç 3 faizlik baryeri belə keçə bilməyən siyasi qüvvələri cəmiyyətə müxalifət kimi təqdim etmək istəyir. Ancaq jurnalistin fikrincə, bu, heç də hakimiyyətin istəyindən asılı deyil:

«Bütünlükdə bu seçki prosesinin tam mənada baş tutmaması göstərdi ki, bu təbrikçi müxalifətlə siyasi proseslər irəli gedə bilmir».

Şahvələd Çobanoğlu deyir ki, nə qədər zəif olsalar da, cəmiyyət real müxalifət kimi ancaq boykotçu qüvvələri tanıyır. Onun fikrincə, əslində bu seçkilərə az-çox rəng qatan da elə boykotçu müxalifət olub: «Boykotçu müxalifətin təsir imkanını itirməsi tək onların yox, ölkədə bu vəziyyəti yaradanların günahıdır. İndi Azərbaycanda narazılığın ifadəsi üçün heç bir imkan qoyulmayıb».

Turan informasiya agentliyinin əməkdaşı Zəfər Quliyev isə düşünür ki, əgər hakimiyyətin demokratiyaya münasibəti dəyişməsə və regionda Azərbaycandakı daxili proseslərə təsir edə biləcək ciddi hadisələr baş verməsə, bu vəziyyət dəyişməyəcək:

«Ancaq istisna edilmir ki, hakimiyyətin daxilində də müxalifət yarana bilər. Parlament seçkiləri ərəfəsində qruplaşma kəskinləşə bilər. Onlar ya açıq, ya da dolayı yolla öz maraqlarını təmin etməyə çalışa bilərlər».

Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl isə hakimiyyətin içində ona qarşı müxalifətin yarana biləcəyinə inanmır. Onun fikrincə, hakimiyyətdə nə belə cəsarətli, nə də müstəqil sima var. İlham İsmayıla görə, sadəcə gələcəkdə bəziləri özünü xilas etmək hesabına hansısa addımlar ata bilər.

Yerli ekspertlər yaranan boşluğu solçuların tutacağına da inanmırlar. Amma onlar düşünürlər ki, hələ sovet dönəmində belə Azərbaycanda həqiqi solçular az olub. Üstəlik İlham İsmayıl deyir ki, heç islamçılar da ənənəvi müxalifətin yerini tutub cəmiyyətdə söz sahibinə çevrilə bilməzlər. Çünki indilikdə onlar da özlərini müdafiə etməyə çalışırlar:

«Amma cəmiyyətdə pessimist əhval-ruhiyə, narazılıq artdıqca dinə maraq da artırmaqda davam edəcək».

Bununla belə yerli müşahidəçilər düşünürlər ki, Azərbaycan kiçik bir ölkə olduğundan orda şəraitin birdən-birə dəyişməsi də mümkündür. Bundan ötrü isə ya daxildə ciddi təlatümlər, ya da regional dəyişikliklər lazımdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG