Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:30

Beynəlxalq müşahidəçilər rəyini açıqladı


Beynəlxalq Seçki Müşahidə Missiyasının mətbuat konfransı, 15 oktyabr

Beynəlxalq Seçki Müşahidə Missiyasının mətbuat konfransı, 15 oktyabr

Dinlə

Beynəlxalq Seçki Müşahidə Missiyası prezident seçkisinin gözəçarpan irəliləyişlə keçdiyini, amma ölkənin üzərinə götürdüyü bütün beynəlxalq öhdəliklərə cavab vermədiyi nəticəsinə gəlib.

Bu haqda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB), Avropa Şurası Parlament Assambleyası (AŞPA) və Avropa Parlamentinin (AP) müşahidəçilərinin birgə bəyanatında deyilir.

Missiya bildirir ki, seçki sakit keçib, lakin güclü rəqabətin, media tərəfindən işıqlandırılan aktiv siyasi şəraitin yoxluğu ilə xarakterizə olunub:

«Beləliklə, mənalı və pluralist demokratik seçkinin bütün prinsiplərini özündə əks etdirməyib».

Missiya bəzi müxalifət partiyalarının uzun müddət davam edən maneələri əsas tutaraq seçkini boykot etməsindən təəssüflənir:

«Bu, elektorat üçün mənalı seçim etmək miqyasını daha da məhdudlaşdırıb».

Missiya bildirir ki, seçkinin keçirilməsində nəzərəçarpan irəliləyişlər olub.

ATƏT/DTİHB Müşahidə Missiyasının rəhbəri səfir Boris Frlets: «Ancaq əsas beynəlxalq öhdəliklərin, xüsusilə də pluralizm, ədalətli təşviqat mühiti və mətbuatla bağlı sahələrdə əlavə səylərə ehtiyac var».

AŞ PA nümayəndə heyətinin rəhbəri Andres Herkel isə deyir ki, seçki günü ümumilikdə müsbət dəyərləndirilsə və əhəmiyyətli irəliləyişlərlə qeyd olunsa da, Azərbaycanda mətbuat azadlığı narahatlıq mənbəyi olaraq qalır.

Avropa Parlamentinin nümayəndə heyətinin rəhbəri Marie Anne İsler Beguin isə deyib ki, seçki günü aparılmış müşahidə göstərib ki, seçkilər yaxşı hazırlanıb və sakit keçib:

«Ancaq əsas müxalifət partiyalarının seçkini boykot etməsi və real seçki kampaniyasının yoxluğu ilə əlaqədar olaraq həqiqi rəqabətin mövcud olmaması dərin təəssüf doğurmalıdır».

Missiya bildirir ki, seçki günü xüsusilə səslərin sayılması və hesablanmanın əsas mərhələsində çatışmazlıqlar müşahidə olunub:

«Rəsmilər namizədlər üçün daha yaxşı bərabər şəraitin yaradılmasına çalışıb və seçki ümumilikdə səmərəli şəraitdə keçib».

Müşahidəçilər qeyd edirlər ki, ümumilikdə seçki kampaniyası zəif olub, hazırkı prezident kampaniyanı aparmamaq qərarına gəlib. Digər namizədlər isə aydın şəkildə az ictimai dəstək qazanıblar.

Mərkəzi Seçki Komissiyası seçicilərin ümumi sayından 75 faizinin seçkidə iştirak etdiyini bəyan edib.

Beynəlxalq Seçki Müşahidə Missiyası ATƏT/DTİHB-in 45 uzunmüddətli, 340 qısamüddətli müşahidəçisi, o cümlədən AŞPA-nın 31 deputatı və heyət üzvü və AP-nın 10 nümayəndəsi daxil olmaqla 43 ölkədən gəlmiş 440 müşahidəçidən ibarətdir.

Şərhləri göstər

XS
SM
MD
LG