Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:26

Minbaşı: «İşimin öhdəsindən 80 faiz gəldim»


«Mən özüm katiblə bir-bir qapılara gedib, xahiş etmişəm ki, seçkidə iştirak etsinlər»

«Mən özüm katiblə bir-bir qapılara gedib, xahiş etmişəm ki, seçkidə iştirak etsinlər»

Dinlə

- Minbaşı nədir?
- Minbaşı min insanın başçısı deməkdir. Yəni təbliğat aparıb min seçicini səsverməyə gətirirəm. Onların adlarını dəqiqləşdirirəm və seçki komissiyasına təhvil verirəm.
- Sizin adınız nədir?
- Məmməd Şərifov…
Özünü minbaşı kimi təqdim edən Məmməd Şərifov 10 saylı Binəqədi seçki dairəsinin 8 saylı məntəqəsinin qarşısında durmuşdu. Onun sözlərinə görə, üzərinə könüllü götürdüyü vəzifənin böyük bir hissəsinin öhdəsindən gəlib:

- Bizim təbliğat nəticəsində təqribən 800 nəfər seçkiyə gəlib. Xaricdə, özəl şirkətlərdə çalışanlar isə gələ bilməyib.

8 saylı məntəqədə 1300-dən çox seçici var idi. Seçki başa çatdıqdan sonra komissiya sədri 814 nəfərin səsvermədə iştirak etdiyini bəyan etdi.
Ancaq onbaşı, yüzbaşı və minbaşılar təkcə 10 saylı seçki dairəsinin 8 saylı məntəqəsinin yox, başqa məntəqələrin də qarşısında olublar. Onlardan biri ilə də həmin dairənin 12 saylı məntəqəsinin qarşısında əməkdaşımız Gülnur Raqifqızı qarşılaşıb:
- Mən Gülhüseyn Salmanovam, minbaşıyam. İşimin öhdəsindən demək olar ki, 80 faiz gəlmişəm.
- Əsas kimləri seçkiyə gətirmisiniz?
- Biləcəri - dəmiryolçu qəsəbəsidir. Dəmiryolçuları, müəllimləri gətirmişəm.
- Demisiniz kimə səs verin?
- Yox, bizdə demokratik seçkilərdir.

Seçki Məcəlləsinə görə, səsvermə günü hər hansı təbliğat aparmaq yolverilməzdir. Ancaq seçki komissiyasının üzvləri də minbaşıların bu fəaliyyətinə qarşı çıxmırdılar. 12 saylı məntəqənin katibi:
- Minbaşını dairədən təyin ediblər.
Ancaq bu da hələ hamısı deyil. Həmin məntəqənin sədrinin «Azadlıq» radiosuna dediklərindən:
- Mən özüm katiblə bir-bir qapılara gedib, xahiş etmişəm ki, seçkidə iştirak etsinlər.

«Zerkalo» qəzetinin şərhçisi Azər Rəşidoğlu isə deyir ki, əslində bu seçkidə əsas rəqiblər iştirak etmədiyindən İlham Əliyevin qələbə çalacağı əvvəlcədən gözlənilirdi. Onun sözlərinə görə, onbaşı, yüzbaşı və minbaşılardan ibarət sistemin tətbiqi isə seçici fəallığını artırmağa xidmət edirdi:
- Bu, çox sadə məsələdir. İlham Əliyev 50 faizin, 60 faizin prezidenti olmaq istəmirdi. O, gənc olmasına baxmayaraq daha çox atası Heydər Əliyevi xatırladır.
Azər Rəşidoğlunun sözlərinə görə, həm müxalifətin aparıcı hissəsinin seçkini boykot etməsi, həm də əhalinin ümumilikdə seçkiyə marağının azalması belə sistemləri işə salmağı vacib edirdi. Ona görə də onbaşı, yüzbaşı və minbaşı sistemini tətbiq etməklə bütün büdcədən maliyyələşən təşkilatlarda çalışan insanları seçkiyə gətirməyə çalışdılar.

Şərhləri göstər

XS
SM
MD
LG