Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:14

«Media prezidentin rəqiblərini işıqlandırmır»


«Sərhədsiz Reportyorlar»ın Avropa və MDB ölkələri bölməsindən Elza Vidal

«Sərhədsiz Reportyorlar»ın Avropa və MDB ölkələri bölməsindən Elza Vidal

Dinlə

Media prezidentin rəqiblərini və siyasi debatlarını işıqlandırmır. «Sərhədsiz Reportyorlar» beynəlxalq mətbuat azadlığını müdafiə təşkilatı Azərbaycanda seçki ərəfəsində medianın seçki prosesini necə izləməsinin ikinci mərhələsi adlı hesabatında belə deyir.

Sənəd büdcədən maliyyələşən yazılı media orqanlarının seçkini işıqlandırmasını əhatə edib. Büdcədən maliyyələşən iki telekanalla yanaşı, bir özəl telekanal da müqayisə üçün müşahidə olunub.

Hesabatda bildirilir ki, monitorinqin ikinci həftəsində yayım və çap mediasının daha çox diqqətində yalnız bir namizədin fəaliyyəti olub. Digər namizədlərin fəaliyyətinə isə laqeyd yanaşılıb.

«Sərhədsiz Reportyorlar» bildirir ki, media seçkini boykot edən müxalifət partiyalarının aksiya keçirməsinə hökumətin icazə verməməsini işıqlandırmayıb. Toxunulan bir neçə sosial mövzuya gəlincə isə, bu, daha çox hökumətin islahatları ilə bağlı olub.

Hesabata görə, çap mediası daha çox seçkinin təşkili və seçkiyə aid olmayan diplomatik fəaliyyət barədə yazıb. Namizədlərlə bağlı yazılar isə çap mediasında yer almayıb.

«Sərhədsiz Reportyorlar»ın Avropa və MDB ölkələri bölməsindən Elza Vidal «Azadlıq» radiosuna deyir ki, onları daha çox narahat edən seçki təbliğatı üçün ayrılan vaxt və yerdən əlavə, namizədlər haqqında məlumatın verilməməsidir:

«Monitorinq apardığımız çap mediası seçki kampaniyası haqqında və ölkədə gedən hadisələrlə bağlı məlumat verməyib».

«Azərbaycan» qəzetinin şöbə müdiri İxtiyar Hüseynlinin fikrincə, bu təşkilat növbəti dəfə Azərbaycana qərəzli və qeyri-obyektiv münasibətini ifadə edib:

«Prezidentliyə namizədlərin özləri seçki kampaniyasında fəal iştirak etməyiblər. Yeddi namizəddən bizim püşkatmaya cəmi üçü gəlmişdi. Gəlməməyinin səbəbi o idi ki, onların adamı, səlahiyyətli nümayəndəsi yox idi. Bizim ilk pulsuz reklam kampaniyası keçiriləndə 4 prezidentliyə namizədin materialı olmadı».

Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı isə bildirir ki, Azərbaycanda kütləvi informasiya vasitələri, xüsusilə də televiziyalar hökumətdən asılı vəziyyətdədirlər. Müstəqil olmayan qurumlar isə balanslaşdırılmış və hərtərəfli məlumat verməyə hər zaman çətinlik çəkiblər:

«Ən adi vətəndaş belə çox yaxşı anlayır ki, seçkini boykot edən, rəsmi siyasətə qarşı çıxan adamların televiziyalara çıxarılması problematikdir. Böyük miqdarda qəzetlər də artıq ictimai-siyasi məsələlərlə bağlı hökumətin mövqeyini əks etdirirlər».

Hesabatda o da bildirilir ki, həm yayım, həm də çap mediasında bir namizədin həddən artıq yer alması və digər namizədlərin yer almaması seçicilərə seçki kampaniyası barədə tam və balanslı məlumat almağa imkan verməyib.

Monitorinq AzTV, İTV, ANS televiziya kanalları, Azərbaycan radiosu və İctimai radioda, «Xalq qəzeti», «Respublika», «Azərbaycan» və «Bakinski raboçi» qəzetləri üzrə aparılıb.
XS
SM
MD
LG