Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:56

Bakıda Nobel qardaşlarının «üzən muzey»i yaradılacaq


1878-ci ildə Bakıya gələn Nobel qardaşları burada çox iş görüblər
1878-ci ildə Bakıya gələn Nobel qardaşları burada çox iş görüblər
Dinlə

«Azadlıq» Radiosunun «Can Bakı» proqramının qonağı - Nobel İnformasiya Mərkəzinin həqiqi üzvü, həmin mərkəzin Qafqaz və Orta Asiya ölkələri üzrə səlahiyyətli nümayəndəsi Bəybala Ələsgərov belə deyir. Onun sözlərinə görə, 1878-ci ildə Bakıya gələn Nobel qardaşları burada çox iş görüblər. Azərbaycanda neft sənayesinin əsasını qoyublar: «Onlar Balaxanıda ilk neftçıxan sahəni, «Qaraşəhər»də kerasin zavodunu alıblar. Bakıda ilk neft kəmərini - Balaxanı-«Qaraşəhər» kəmərini yaradıblar. «Zərdüşt» adlandırdıqları ilk neftdaşıyan tankeri Xəzər dənizinə buraxıblar».

Bəybala Ələsgərov xatırladır ki, Bakının Nizami parkında Nobel qardaşları muzeyi yaradılıb. Daha bir muzey isə gəminin içində yaradılacaq. Nobel qardaşlarının «üzən muzey»ini ziyarət etmək istəyənlər gəmi ilə səyahətə çıxmalı olacaqlar: «Bu muzeyin dünyada analoqu yoxdur. İlk dəfə olaraq Azərbaycanda yaradılacaq».
Verilişin digər qonağı – XXI əsr Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev Nobel qardaşları haqda kitabın müəllifidir. Onun sözlərinə görə, Nobel mükafatı ilə 90-cı illərdən maraqlanmağa başlayıb: «Bu nüfuzlu mükafatı alan insanların əsərlərini topladım, onlar haqqında məqalələr yazdım. 2004-cü ildə «Ədəbiyyat üzrə Nobel mükafatı laureatları. 1901-2003» adlı ilk kitabım işıq üzü gördü. Bu yaxınlarda ikinci nəşri də buraxılacaq. İkinci kitabda Nobel mükafatçılarının maraqlı dialoqları, nitqləri, yaradıcılıqlarının izlənilməsi, əsərlərinin qısa məzmunu yer alıb». Etibar Əliyev belə hesab edir ki, Nobel mükafatının maliyyə vəsaitinin formalaşmasında birmənalı şəkildə Bakı neftinin müstəsna rolu olub: «Amma təəssüf ki, Azərbaycana hələ də Nobel mükafatı gəlməyib. Biz mükafatın verildiyi 5 sahədən xeyli uzağıq. Görün, dünyada elm hansı səmtdə inkişaf edib, biz hansı səviyyədə qalmışıq. Dünya ədəbiyyatçılarının mövzuları, vətəndaş mövqeləri, əsl şairlərin yaradıcılığı bizdəkindən müqayisə olunmaz dərəcədə fərqlənir». Etibar Əliyevin fikrincə, Azərbaycana Nobel mükafatını yalnız sülh sahəsi qazandıra bilər: «Amma burda da çox ciddi prosedurlar var ki, onlar da təhlil olunmalıdır».

Bəybala Ələsgərovun əlavəsinə görə, indiyədək dünyada 815 nəfər Nobel mükafatı alıb. Onlardan 26-sı qadındır. Nobel İnformasiya Mərkəzinin həqiqi üzvü gələcəkdə bu mükafatın Azərbaycana da gələcəyinə ümidini itirmir. Və bununla bağlı konkret işlər görüldüyünü deyir: «Fiziologiya sahəsindən 3 nəfərin namizədliyini Nobel mükafatının ekspertlərinə göndərmişik. Daha 5 nəfərin namizədliyinin göndərilməsi nəzərdə tutulub. Təbii ki, onların siyahısı ekspert rəyi əsasında seçilib, mükafat fondu rəhbərliyinə təqdim olunub».
XS
SM
MD
LG