Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 18:05

Neftin ucuzlaşması Azərbaycana nə vəd edir?


Rəsmi rəqəmlərə görə, Azərbaycanda büdcə gəlirlərinin təxminən 70 faizi neftdən asılıdır

Rəsmi rəqəmlərə görə, Azərbaycanda büdcə gəlirlərinin təxminən 70 faizi neftdən asılıdır

Dinlə

İqtisadi İnkişaf naziri Heydər Babayev ötən həftə dünyada neftin bir barrelinin qiymətinin 80 dollardan aşağı düşməyəcəyinə ümid etdiyini söyləmişdi. Ancaq oktyabrın 9-dan «Brend» markalı neftin 1 barreli 80 dollardan aşağı təklif olunur. Rəsmi rəqəmlərə görə, Azərbaycanda büdcə gəlirlərinin təxminən 70 faizi neftdən asılıdır. Bəs «qara qızıl»ın qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?
İqtisadçı Qubad İbadoğlunun fikrincə, bu ilin sonu üçün büdcə xərclərində problem yaranarsa, Neft Fondu «təhlükəsizlik yastığı» rolunu oynaya bilər. Amma o, gələn ilin büdcə proqnozunun təhlükə altına düşə biləcəyini ehtimal edir:
«Hökumət ola bilsin ki, gələn ilin büdcə proqnozlaşdırılmasında cətinliklə üzləşsin».
Q.İbadoğlu hesab edir ki, neftin qiyməti davamlı olaraq aşağı düşərsə, ölkədə başlanan iri miqyaslı investisiya layihələrinin yarımçıq qalması ehtimalı da güclənəcək.
Bir sıra iri miqyaslı dövlət sifarişlərini həyata keçirən «Akkord» Şirkətlər Qrupunun sözçüsü Afaq Quliyeva deyir ki, ölkə bankları kredit verməyi dayandıran zaman maliyyə sıxıntısıyla üzləşiblər. Amma öz imkanları hesabına bu sıxıntıdan çıxa biliblər. A.Quliyevanın sözlərinə görə, hazırda şirkət bu ilin sonuna başa çatması nəzərdə tutulan bir sıra dövlət sifarişlərini tamamlamaq üzrədir:
«Hələlik işlərin aparılması üçün ayrılan pullar kifayət edir».
Enerji məsələləri üzrə ekspert İlham Şaban da neftin qiymətinin düşməsinin ölkə iqtisadiyyatına təsirinin böyük olacağını deyir, amma:
«İqtisadiyyatın çökməsi üçün pul qıtlığı olmalıdır, ancaq Azərbaycanda pul qıtlığı yoxdur. Azərbaycana pul gəlir, bu pulla da işlər görülür. Ölkə daxilində ərzaq qıtlığı yoxdur. Əgər büdcə gəlirində ikiqat azalma olsaydı, onda böhran başlayardı. Yaxın dövr üçün belə proqnoz yoxdur».
Milli Məclisin İqtisadi Siyasət Daimi Komissiyasının üzvü Vahid Əhmədov da deyir ki, neftin qiymətində enmə tendensiyasının davam etməsi Azərbaycanda iri layihələrin taleyini təhlükə altına ala bilər. Onun sözlərinə görə, gələn ilin büdcə gəlirlərinin də təxminən 70 faizə qədəri neft pullarına hesablanıb və hökumət büdcə proqnozunda bir barrel nefti 70-80 dollar arasında götürməyi planlaşdırır.
V.Əhmədovun fikrincə, neftin qiyməti 70 dollardan aşağı düşərsə, büdcə xərclərində gərginlik yaşana bilər. Millət vəkilinin sözlərinə görə, Azərbaycanın qızıl, valyuta ehtiyatı bir müddət gərginliyi aradan qaldıra bilər, amma bu ehtiyatları tükəndirmək məqsədəuyğun deyil.
Vahid Əhmədov hesab edir ki, yol, körpü tikintisində gedən işlər başa çatmalıdır, amma dünyada maliyyə böhranı səngiyənə qədər operativlik tələb etməyən layihələr dayandırıla bilər.

Şərhləri göstər

XS
SM
MD
LG