Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:05

Sönük və rəqabətsiz


Mərkəzi Seçki Komissiyasının sözçüsü əksini düşünür

Mərkəzi Seçki Komissiyasının sözçüsü əksini düşünür

«Mən prezident olsam, Rusiya variantından istifadə edib İlham Əliyevi Baş nazir seçəcəyəm. Onun ağlından istifadə etmək lazımdır».
Prezidentliyə namizəd, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev belə deyib. O, prezident seçiləcəyi halda iqamətgahını Xankəndində yaradacağını da elan edib. Başqa bir prezidentliyə namizəd Qüdrət Həsənquliyev isə seçiləcəyi halda Azərbaycanın adını dəyişəcəyini, Şimali Azərbaycan qoyacağını bildirib.
Bu kimi fikirlər seçkiöncəsi təbliğat-təşviqat mərhələsi zamanı səslənib. 28 gün davam edən və oktyabrın 14-də səhər saat 8-dən dayandırılacaq təşviqat mərhələsini əksər yerli mütəxəssislər belə qiymətləndirir – sönük və rəqabətsiz.
Ancaq Mərkəzi Seçki Komissiyasının Mətbuat Xidmətinin rəhbəri Azər Sarıyev əksini düşünür. O deyir ki, builki təşviqat mərhələsi ötən illərlə müqayisədə daha sivil, ciddi problem olmadan baş tutub:
«Demokratik ölkələrdə necə sivil aparılırsa, bizdə də o cür aparıldı. Yəni başıpozuqluq, bir-birinə qarşı dağıdıcı münasibət əvvəlki seçkilərdə olduğu kimi müşahidə olunmadı».
«Ümid» Partiyasının sədri İqbal Ağazadə isə deyir ki, təbliğat kampaniyası apararkən müəyyən təzyiqlərlə üzləşiblər, amma buna baxmayaraq yetərincə seçici ilə əlaqə yarada biliblər:
«Təbliğat dönəmində bir sıra rayonlarda müəyyən təzyiqlərlə, yerli icra strukturlarının müdaxiləsilə müşayiət olunan proseslər oldu, amma bu, total deyildi. Bunun bir sıra səbəbləri var idi, çünki seçkidə çox az qüvvə iştirak edir və hakimiyyət çalışır ki, bu məsələlərdə korrekt davransın. Kampaniyanı qənaətbəxş hesab edirik, indiyədək olan seçkilərdən daha artıq işləmişik».
Hazırkı prezident, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyevin vəkili Rəşad Məcid isə deyir ki, təbliğat kampaniyaları çox qaynar keçib. Bu müddətdə gözəçarpacaq rəqabətin hiss olunmadığını isə RMəcid İ.Əliyevin rəqiblərinin zəifliyi ilə izah edir:
«Əvvəldən də demişdik ki, YAP-ın namizədi İlham Əliyevin reytinqi çox yüksəkdir. Ona görə də seçkinin aşkar favoriti odur. Məsələ burasındadır ki, digər partiyadan olan namizədlər zəifdirlər, bir çox rayonlarda onların strukturları yoxdur, onlar görüşlər təşkil etməkdə də zəiflik göstərirlər».
Seçki mütəxəssisi Anar Məmmədli də hakim partiyanın namizədinə nisbətən güclü rəqib ola biləcək bir sıra aparıcı müxalifət liderlərinin seçkini boykot etməsini seçkiöncəsi mərhələnin sönük keçməsinin bir səbəbi kimi izah edir. Onun sözlərinə görə, digər səbəb təşviqat müddətinin 60 gündən 28 günə endirilməsidir. Müsahibim deyir ki, bütün bunların təsirindən namizədlərin təbliğat kampaniyası qızğın, müzakirələr şəklində deyil, rəqabətsiz keçib.

Şərhləri göstər

XS
SM
MD
LG