Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:20

«Azərbaycan hökuməti ən çox nədən qorxur?»


Jurnalistlərin Beynəlxalq Mərkəzinin prezident seçkiləri ilə bağlı forumu daha çox mübahisələr və əsəbi çıxışlarla yadda qaldı

Jurnalistlərin Beynəlxalq Mərkəzinin prezident seçkiləri ilə bağlı forumu daha çox mübahisələr və əsəbi çıxışlarla yadda qaldı

«Axı bir metri 15 min dollara siz necə yol tikə bilərsiniz? Ona görə deyirəm heç bir əhəmiyyəti yoxdur. Siz nefti Nigeriyada olduğu kimi birbaşa quyudan oğurlayırsınız və ya Norveçdəki kimi əvvəlcə Neft Fonduna göndərirsiniz, sonra da layihələrə ayırıb ciblərə qoyursunuz. Heç bir fərqi yoxdur. Oğurluq elə oğurluqdur».

Bu cür emosional fikirlin müəllifi müstəqil politoloq İlqar Məmmədovdur. İlqar Məmmədov ölkədəki Neft Fondunun əslində gələcək nəsillər üçün vəsait yığmaq əvəzinə neft pullarını dağıtmaqla məşğul olduğunu iddia edir. Bu iddianı da Jurnalistlərin Beynəlxalq Mərkəzinin Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı forumda söyləyib.

Forumda seçki öncəsi ölkənin gələcəyinə təsir edən məsələlər müzakirə olunub. «Azərbaycanda demokratiya. Məqsəd və çağırışlar» adlanan forum 3 istiqamətdə - siyasi plüralizm, vətəndaş cəmiyyəti və iqtisadiyyat sahələrində mövcud məsələlərə toxunuldu. İnternet vasitəsilə də canlı olaraq yayımlanan foruma telefonla sual vermək imkanı da yaradılmışdı. Forumda sualları cavablandıran iştirakçılardan biri millət vəkili Aydın Mirzəzadənin İlqar Məmmədova neft pullarının xərclənməsi ilə bağlı cavabı isə belə oldu:

«Aeroport yolunun bir kilometri 15 milyon manata deyil, 5 milyon manata başa gəlib. Büdcədə də xərclər şəffafdır. Mən təəssüf edirəm ki, xüsusilə də İlqar müəllim çox tez-tez təsdiqlənməmiş faktla sadəcə olaraq hakimiyyəti əsassız tənqid etməyi özlünə vəzifə bilir».
Aydın Mirzəzadə ilə İlqar Məmmədov arasında yolların tikilməsinə xərclənən pulların nə qədər olması və büdcə pullarının hara və necə xərclənməsi ilə bağlı mübahisə təzəcə qızışmışdı ki, iqtisadçı Qubad İbadoğlu bu məsələyə aydınlıq gətirdi:

«Əzizbəyovdan aeroporta qədər yolun uzunluğu 14 kilometrdir və dövlət büdcəsindən son iki il ərzində ayrılmış vəsaitlərin birlikdə həcmi isə 255 milyon manat təşkil edir. 255 milyonu 14-ə bölməklə tapa bilərsiniz 1 kilometrə neçə milyon manat düşür».
Forumda həm də Rəna Səfərəliyeva, Norveçin Azərbaycandakı səfiri Con Ramberq və İREX təşkilatında media proqramının rəhbər müavini Şahin Abbasov çıxış etsələr də, İlqar Məmmədovun Aydın Mirzəzadə ilə mübahisələri daha çox diqqət çəkdi. Onların arasında gedən dialoqdan bir məqam:

«Aydın müəllim, yaxşı olmazmı ki, üzümüzü birbaşa Qərbə tərəf yönəldək. Avropa qurumlarına, NATO-ya, Avropa Birliyinə.
-Təşəkkür edirəm. Mən sizinlə tamamilə razıyam və bizim üzümüz qərbə tərəfdir.
-Çox üzr istəyirəm Aydın müəllim iki-üç həftə bundan qabaq sizinlə efirdə idik. Mən deyirdim biz NATO-ya üzv olmalıyıq. Siz dediniz olmayaq. Nə oldu bəs?
-Birincisi mən dedim ki, indi olmayaq. Unutdunuz bunu? (gülür) İkincisi, Avropada kifayət qədər ölkə var ki, NATO-ya üzv deyil. Elə isə nə oldu?»
Forumda həm iştirakçılar, həm də onu internetdə canlı izləyənlər müxtəlif suallar verdilər. Bu suallardan biri də beləydi: «Azərbaycan hökuməti ən çox nədən qorxur?» İlqar Məmmədovun cavabı bu oldu ki, azad biznes, azad vətəndaş, azad söz!.. Aydın Mirzəzadə isə cavab verdi ki: «Ən çox qorxduğumuz odur ki, bir gün bizi heç kəs tənqid etməyə».

Başqa cavablara gəlincə:
Rəna Səfərəliyeva: «Neft nə vaxtsa qurtarar».
Qubad İbadoğlu: «Hakimiyyəti itirməkdən».
Şahin Abbasov: «Daha çox azadlığı itirməkdən qorxur».

«Şəffaflıq Azərbaycan» təşkilatının sədri Rəna Səfərəliyeva forum zamanı regionlarla Bakıdakı inkişafın kəskin fərqlənməsini belə izah etdi ki, bölgələrdəki kişilər öz regionlarının deyil, Rusiya regionlarının inkişafı üçün çalışırlar. Xanım Səfərəliyevanın sözlərinə görə Azərbaycan regionlarında iş olmadığına görə orda necə deyərlər «kişini barmaqla saymaq olar». Hakimiyyətin ünvanına tez-tez tənqid eşidən Aydın Mirzəzadə isə iqtidarı müdafiə edəcəyini bəyan etdi. Onun sözlərinə görə, bölgələrdə yetərincə iş yeri açılıb...

Daha çox mübahisələr və əsəbi çıxışlarla yadda qalan forumun moderatoru Zeynal Məmmədli sonuncu sualı səsləndirdi:

«Vətəndaş cəmiyyətinin o 3 məşhur dayağını götürsək insan hüquq və azadlıqları, siyasi plüralizm və azad bazar. Hansı daha möhkəm dayanır?»
İlqar Məmmədov: «Dayaq deyirsiniz. Mən ayaq deyərdim. Bu ayağın üçü də hazırda gipsdədir».

Buna da bax:

Şərhləri göstər

XS
SM
MD
LG