Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:55

İşğal davam edir: Gürcüstan jurnalistlərin gözü ilə</a> <font color="darkorange">Fotolar</font>


Qori yaxınlığında gürcü qaçqınlarının düşərgəsi

Qori yaxınlığında gürcü qaçqınlarının düşərgəsi

Oktyabrın 11-də Gürcüstan Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə xarici ölkə jurnalistləri Gürcüstanın rus qoşunlarının tərk etdikləri ərazilərdə olublar. Buraya əsasən Qori rayonu və onun kəndləri daxil idi.

İlk səfər Karaleti kəndinə oldu. Rusiya silahlı birləşmələri ərazini oktyabrın 8-də tərk etsələr də, dinc əhali kəndlərinə oktyabrın 10-dan etibarən qayıtmağa başlayıb. Bu kənddə müharibə zamanı 32 evin zərər çəkdiyi bildirilir. Ərazidə rəsmi şəxslərdən kimsə olmadığından məlumatları əsasən müharibə və ondan sonrakı dövrdə kəndi tərk etməyən yerli əhalidən və hərbi qulluqçulardan alırdıq.

Ərazini tərk edən əhali isə Tbilisi şəhərindəki uşaq bağçalarında və məktəblərdə, bir qismi isə Qori rayonunun mərkəzində salınmış çadır düşərgəsində məskunlaşmışdı.

Elə sakinlər var ki, onların evləri tamamilə yararsız vəziyyətdədir. Kənd sakini Oleqşin Tamazaşvili avqustun 12-də yaşadığı evi tərk edib. İki oğlu müharibədə iştirak etdiyinə görə onun evi əşyaları ilə birlikdə tamamilə yandırılıb. Onun sözlərinə görə, rus və osetin silahlı birləşmələri kənddə qalan yaşlıları hədələyərək onlardan müharibədə iştirak edən sakinlərin ünvanlarını göstərməyi tələb ediblər.

Hərbçi Ramin Qoqiaşvilinin də evi tamamilə yandırılıb. Hər iki zərərçəkmişin sözlərinə görə, hökumət rəsmiləri onlara baş çəkərək, evlərinin tez bir zamanda təmir olunacağına söz veriblər. Bunlardan əlavə, kənddə uç ay əvvəl inşa olunan ambulatoriya da partladılıb.

Tkviavi kəndini isə müharibə zamanı əhalinin 70 faizi tərk edib. Əhali oktyabrın 9-dan kəndə qayıtmağa başlayıb. Müharibə dövründə kəndi tərk etməyənlər yalnız yaşlılar olub. Kənddə bütün kommunikasiya xətləri dağıdılıb. Yaşlıların sözlərinə görə, kənddə iki həftə içməli su və çörək böhranıdır.

Tkviavidə ümumilikdə 76 ev tam yararsız vəziyyətdədir. Kənd sakini Zaza Okruaşvilinin evi bomba düşdüyünə görə tamamilə dağılıb. Hazırda Zaza Tbilisidəki uşaq bağçalarından birində məskunlaşıb. Evi tamamilə dağıdılan digər sakinlərin sözlərinə Qori rayonunun qubernatoru onlara baş çəkib və bildirib ki, Gürcüstan hökuməti onlara yeni evlərin tikilməsində yardım edəcək.

Ergneti kəndinin Tsxinvali ilə həmsərhəd olan əraziləri hələ də rus və osetin silahlı birləşmələrinin nəzarətindədir. Ərazidə olduğumuz müddətdə dəfələrlə partlayış səsləri eşidilirdi.

Ərazidə xidmət çəkən gürcü polislərinin sözlərinə görə, bu, istehkamçılar tərəfindən partladılan bombaların səsləridir.
Daha sonra Pkvenisi kəndində olduq. Burada kəndin girəcəyində gürcü postu qurulmuşdu. Hərbçilərin sözlərinə görə bu kənddə xeyli zərərsizləşdirilməmiş mina və bomba var.

Kəndin girəcəyində Böyük Britaniyanın «The Haul Trust» təşkilatının 100-dən çox istehkamçısı təmizləmə işləri aparırdı. İstehkamçıların sözlərinə görə, iki gün ərzində 60-a yaxın mina və bomba tapılıb, hazırda onların zərərsizləşdirilməsi üzərində iş gedir.

Gürcüstanın Elm və Təhsil naziri Giya Nodiya rus qoşunlarının azad olunduğu kəndlərdəki əhalinin durumu və məktəblərin vəziyyəti ilə tanış olmaq üçün bufer zonaya səfər etmişdi.

Qeyd edək ki, bu ərazilərdə elə məktəblər var ki, onlar tamamilə yerlə-yeksan edilib. Nazirin sözlərinə görə, bunlar əsasən ibtidai məktəblərdir. Nodiya dedi ki, dağıdılmış məktəblərin şagirdləri qonşu kənd məktəblərində təhsillərini davam etdirə biləcəklər. Bu il həm də məcburi köçkün şagirdlər 100 lari dəyərində kompensasiya alacaqlar. Onlar dövlət tərəfindən məktəbli çantası və bütün dərsliklərlə təmin olunacaqlar. Məcburi köçkün tələbələr də bir il müddətinə təhsil haqqından azad olunacaqlar.

Nazir onu da vurğuladı ki, məcburi köçkünlər məskunlaşdığından bir il müddətinə Gürcüstanda 160-dan artıq uşaq bağçası fəaliyyət göstərməyəcək. O cümlədən Tbilisidəki 16 məktəbin də şagirdləri təhsillərini başqa məktəblərdə davam etdirirlər.

Sonuncu səfəri isə Tsxinvali ilə sərhəd olan Axalqori rayonuna nəzərdə tutulurdu. Axalqoriyə 6-7 kilometr qalmış qurulmuş gürcü postu jurnalistləri əraziyə buraxsa da, lakin onların təhlükəsizliyinə təminat vermədiklərini bildirdilər. Çünki gürcü postundan 200-300 metr ərazidə rus qoşunları cəmləşmişdi. Ona görə də rayon barədə məlumatı gürcü polislərdən aldıq. Onların sözlərinə görə, Axalqori 56 kənddən ibarətdir. Əhalisi 7000 nəfərdir. Onların 90 faizindən çoxunu gürcülər təşkil edir. Qalanları isə osetinlərdir.

Rus qoşunları bu rayona müharibədən sonra daxil olublar. Rayonda bütün yaşayış binaları və inzibati binalar yaxşı vəziyyətdədir. Lakin əhali hələ də evlərinə qayıda bilmir. Çünki rayondakı rus qoşunları yerli əhalini incidir. Rayonda yalnız yaşlılar qalır. Axsam saatlarında isə komendant saatı təyin olunub.

Gürcü polislərinin sözlərinə görə, əsasən sakinlər yaşlı valideynləri baş çəkmək üçün rayona gəlirlər. Ərazidə olduğumuz müddətdə dəfələrlə rayona daxil olan və çıxan maşınların sürücüləri ilə söhbətimiz də bunu təsdiqlədi. Rus qoşunlarını Axalqori tərk etməməsinin iki səbəbini göstərdilər. Birincisi, Sovet İttifaqı dövründə Axalqori Cənubi Osetiyanın inzibati ərazi vahidi hesab olunurdu.

Ona görə də osetinlər yenidən bu rayonu özlərinə birləşdirmək istəyirlər. Digər səbəb isə onun paytaxt Tbilisinin yaxınlığında yerləşməsidir ki, bu da strateji əhəmiyyət kəsb edir.




Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG