Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:02
Oktyabrın 10-da Özbəkistanda məhkəmə «Azadlıq» radiosunun keçmiş əməkdaşı Solicon Abdurahmonovu narkotik maddə saxlamaqda təqsirli bilərək onu 10 il azadlıqdan məhrum edib.

Bu ilin iyununda saxlanmış 58 yaşlı jurnalist ittihamı rədd edir. Vəkili bildirib ki, bu, uydurma ittihamdır və polis narkotik maddəni onun maşınına atıb.

Yerli hüquq-müdafiə fəalları, həmçinin beynəlxalq hüquq müdafiə təşkilatı «Human Rights Watch» və «Sərhədsiz Reportyorlar» təşkilatı da bu hadisəni Özbəkistan hakimiyyətinin tənqidçi jurnalistlərə qarşı gördüyü daha bir tədbir adlandırıblar.

Abdurahmonov «Azadlıq», «Amerikanın səsi» radioları, həmçinin Müharibə və Sülh İnstitutu, UzNews adlı internet xəbər agentliyi ilə əməkdaşlıq edib. «Human Rights Watch» onu hakimiyyəti tənqid edən cəsarətli jurnalist kimi təsvir edir.

Məhkəmədə jurnalistin maşını axtarılarkən çəkilən videonu nümayiş etdiriblər. Vəkili Rustam Tulaganovun fikrincə, elə bu videoda jurnalistin şərə salındığı aydın görünür:

«Hər şey əvvəlcədən quraşdırılıb. Polis maşını açır, plastik qabın hara qoyulduğunu əvvəlcədən bildiyindən birbaşa onu çıxarır. Sonra da qabı əlinə götürüb üzünü kameraya tutaraq deyir ki, bu, narkotik maddə, opiumdur».

Məhkəmənin bu qərarı Özbəkistana qarşı sanksiyaların davam edib-etməyəcəyi barədə Avropa Birliyinin qərarından az əvvəl elan olunub. 2005-ci ildə Əndincanda mitinqçilərə divan tutulması, insan haqlarının kobud pozulmasına görə, Avropa Birliyti Özbəkistana qarşı yüksək rütbəli rəsmilərə viza verilməməsi də daxil olmaqla sanksiyalar qoyub. Avropa Birliyi həmin sanksiyalara yenidən baxılması üçün Özbəkistan rəsmilərini siyasi məhbusları azad etməyə, ölkədə insan haqlarının pozulmasına son qoymağa çağırırdı.

Parisdəki «Sərhədsiz Reportyorlar» təşkilatı Avropa Birliyini çağırıb ki, Özbəkistana qarşı sanksiyalara yenidən baxılarkən jurnalist Abdurahmonovun da vəziyyətini nəzərə alsınlar. Bu barədə təşkilatın keçmiş sovet respublikaları üzrə nümayəndəsi Elza Vidal məlumat verib:

«Biz açıqlama yaymağa hazırlaşırıq. Bu açıqlamanı Avropa Komissiyasında Mərkəzi Asiya ilə məşğul olanlara da göndərəcəyik».

Özbək hakimiyyəti həmişə media ilə pis davranışına görə tənqid edilir. Bu ölkədə «Azadlıq» və BBC radiolarının yerli büroları bağlanıb. İnternetdəki yerli xəbər saytlarına girişi qadaşan edilib. Müstəqil jurnalist Cəmşid Karimovu iki ildir psixi xəstəxanada saxlayırlar. Qudrət Babacanov, Galima Buxarbayeva, Natalya Buşuyeva kimi başqa jurnalistlər də təqiblərə məruz qalıblar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG