Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:41

İcbari tibbi sığortanın taleyi necə oldu?


«Hökumət büdcədən pul ayırıb vətəndaşları sığortalamaq istəyirsə, gərək əvvəlcə səhiyyədə xidmətin keyfiyyətini qaldırsın»
«Hökumət büdcədən pul ayırıb vətəndaşları sığortalamaq istəyirsə, gərək əvvəlcə səhiyyədə xidmətin keyfiyyətini qaldırsın»
Dinlə

…Nəhayət ki, eynəkli stomatoloq işini bitirdi. Bormaşını masanın üstünə qoyub, bayaqdan onu gözləyən müəlliməyə tərəf çevrildi:

- Neçəyə düzəldirsiz dişi?
- Nə düzəltdirmək istəyirsiz?
- Plomb qoydurmaq istəyirəm.
- 20 manata da var, 30 manata da.
- Pulunuz çatacaq müəllimə?
- (Tərəddüdlə) Hə, çatacaq...

Pərvanə Məmmədli Bakı Dövlət Universitetində dərs deyir, filologiya elmləri namizədidir. Deyir ki, indiki maaşıyla ən yaxşı halda dişini müalicə etdirə bilir. Çox xərc tələb edən müalicə işləri isə onun gücü daxilində deyil:

- Nə qədər maaş alırsız?
- 200 manata qədər
- Nə qədər dərsə?
- Mən məcburam iki yerdə işləməyə. Maaşım imkan vermir, həkimə ancaq son anda, məcbur olanda gedirəm.

Hökumətin planına görə, büdcədən maaş alanların hamısı protezdən başqa, bütün stomatoloji xidməti pulsuz alacaqlar. İcbari tibbi sığorta sistemi işə başlayandan sonra. Bu sığorta sisteminə görə, dövlət təşkilatlarında işləyənlərin hamısı üçün büdcədən vəsait ayrılacaq. Konkret hansı xidmətlərin pulsuz olacağını hökumətdə də bilmirlər, hələ ki, xidmət paketinin müzakirəsi gedir. Amma bu sahədə monitorinq aparan İqtisadi Tədqiqatlar Mərkəzi deyir ki, böyük ehtimalla bahalı tibbi xidmətlərdən başqa, yerdə qalan poliklinika, təcili yardım xidmətlərini hökumət öz boynuna çəkəcək.

Dünya Bankı araşdırıb ki, Azərbaycanda 2005-ci ildə səhiyyə büdcəsinin xərclərinin təqribən 20 faizi dövlətin payına düşüb. Səhiyyə büdcəsi deyəndə, qeydiyyatsız ödənişlər də nəzərdə tutulur. Halbuki, beynəlxalq ekspertlərə görə, səhiyyə büdcəsinə vəsaitin 70 faizə qədərini dövlət verməlidir.

Səhiyyə xidmətləri isə getdikcə bahalaşır, hökumətlərin borcudur ki, vətəndaşının sağlamlığının qeydinə qalsın. Böyük Britaniyada hamı üçün əksər tibbi xidmətlər pulsuzdur. Amerikada səhiyyə büdcəsi təqribən elə dövlət büdcəsi qədərdir.

Azərbaycan hökuməti də gələn ilin yanvarın 1-dən icbari pulsuz sığortanı həyata keçirmək üçün birinci pilot layihəyə başlamalıdır. Amma İqtisadi Tədqiqatlar Mərkəzinin əməkdaşı Dünya Camalova deyir ki, hökumət gecikir. Çünki prezident keçən il sərəncam vermişdi ki, iki aya planı həyata keçirəcək agentliyin əsasnaməsi təsdiqlənməlidir. Bu sənədi isə keçən ay hazırlayıblar, ancaq hələ də təsdiqlənməyib.

Amma Səhiyyə Nazirliyinin bu işi icra edən təşkilatı - İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndəsi Töhfə Cəmilova deyir ki, onlar işləyirlər. Beş rayonda araşdırma aparırlar ki, tibbi sığortaya hüququ olanlar kimlərdir. Təbii ki, büdcədən maaş alanların hamısının xərcini hökumət ödəyəcək, amma başqa ehtiyacı olan qruplar da müzakirə edilir.

«Sağlamlığa Çağırış» Alyansının eksperti Süleyman Cəbrayılov isə deyir ki, hökumətin planı yaxşıdır. Amma nəzərə almaq lazımdır ki, indi pulsuz xidmət ölkədə onsuz da var, baxmayaraq ki, keyfiyyəti aşağıdır, həkimlərin maaşları azdır, onların gözü çox vaxt xəstənin əlində qalır. Tibb Universiteti hələ də köhnə sistemlə təhsil verir, burada magistratura pilləsi yoxdur. Xəstəxanalarda tibb avadanlıqları çatışmır. S.Cəbrayılov deyir ki, əgər hökumət büdcədən pul ayırıb vətəndaşları sığortalamaq istəyirsə, gərək əvvəlcə səhiyyədə xidmətin keyfiyyətini qaldırsın.

Dişlərini düzəltdirməyin qeydinə qalan dilçi alim Pərvanə Məmmədliyə hökumətin icbari tibbi sığorta planı haqda danışanda, onun reaksiyası belə oldu:

«Bu işi keyfiyyətli görsələr, hamı udardı».
XS
SM
MD
LG