Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:10

Namizədlər: «Seçilsək, büdcədən neft iyi gəlməyəcək»


«Neft pullarından büdcəyə daxil olmalara limit qoymaq lazımdır»
«Neft pullarından büdcəyə daxil olmalara limit qoymaq lazımdır»
Dinlə

Prezident seçkisindən sonra şəhərlilər iş dalınca kəndlərə gedə bilərlər. Hər halda prezidentliyə namizədlərin əksəriyyətinin seçki platformasında ən ciddi fikir verilən sahə aqrar sektordur. Əksər namizədlər deyirlər ki, onlar prezident seçilərlərsə, büdcədən neft iyi gəlməyəcək. Gəlsə də çox az gələcək. Yəni büdcənin neftdən asılılığını azaldacaq, lap minimuma endirəcəklər. Bu da aqrar sahənin inkişafı hesabına olacaq. Bir sözlə, kənd təsərrüfatını elə inkişaf etdirəcəklər ki, büdcə neftdən yox, aqrar sahədən asılı olacaq.

Prezidentliyə namizəd İqbal Ağazadə deyir ki, əslində əhalisinin 38 faizindən çoxu aqrar ərazidə yaşayan ölkədə bu belə də olmalıdır. O bildirir ki, çalışacaq ki, neft pullarının çoxunu kənd təsərrüfatına yönəltsin ki, ölkə ərzaq mallarına olan tələbatını özü ödəsin:

«Neft pullarından büdcəyə daxil olmalara limit qoymaq lazımdır, ola bilməz ki, Azərbaycanın dövlət büdcəsinin 80 faizi neftdən gələn vəsaitlər hesabına formalaşsın və gələcək nəsillərin cibinə girilsin».

İqbal Ağazadə
Prezidentliyə digər namizəd Hafiz Hacıyev də neft pullarını nəzarətsiz buraxmayacağını deyir. O bildirir ki, ilk növbədə neft pullarının tam şəffaflığına nail olacaq:

«Mən elə bilirəm ki, artıq prezident seçilmişəm, ona görə də ilk növbədə neft gəlirlərilə bağlı şəffaflığı təmin edəcəyəm».

H.Hacıyev neft pullarının xərclənməsindən heç razı deyil:

«Neft pulları gələcəkdə gəlir gətirəcək sahələrə yönəldilməlidir».

Hafiz Hacıyev deyir ki, o, neft pulları ilə işə salınan elə bir müəssisə tanımır ki, orda xeyli adam çalışsın və normal istehsal olsun:

«Mən neft pulları hesabına açılan iri iş yerlərini görmək istəyirəm, amma görə bilmirəm. Gördüyüm bir dənə Bakıdakı çoxmərtəbəli binaların tikintisidir. Bu da korrupsiyaya bulaşmış məmurlarındı. Onlar çirkli pullarını xaricə çıxara bilmədiklərindən tikintiyə yönəldirlər».

Hafiz Hacıyev
Prezidentliyə digər namizəd Fazil Qəzənfəroğlu isə seçilsə, neft pullarını qorumaq üçün ilk növbədə Neft Fondu haqqında qanun qəbul olunacaq. Və Fond parlamentin nəzarətinə veriləcək ki, istənilən vaxt təftiş oluna bilsin. İkinci addımsa Neft Fondundan büdcəyə köçürmələri minimuma endirməkdir:

«İndi Neft Fondundan köçürülən pul ümumi büdcənin 36 faizini təşkil edir. Bu, o deməkdir ki, 3-5 ildən sonra neftin qiyməti aşağı düşəndə və ya neft istehsalı azalanda, artırılan pensiyalar, maaşlar azaldılacaq ki, bu da sosial partlayış deməkdir. Bu baxımdan da indidən büdcəni qeyri-neft sektorundan gələn gəlir mənbələrinə alışdırmaq lazımdır».

F.Qəzənfəroğlu deyir ki, ərzaq qıtlığı olan ölkədə təzadlı pul ayrılmaları aradan qaldırılmalıdır:

«İdman komplekslərinin tikintisinə 108 milyon pul ayrılır, amma ərzaq qıtlığı olan olan ölkədə aqrar sektora cəmi 26 milyon manat ayrılır. Bu, çox anormal yeyinti üsuludur».

Fazil Qəzənfəroğlu
Digər namizəd Qüdrət Həsənquliyev isə prezident seçilsə, neft pullarının 80 faizə qədərini ordu quruculuğuna yönəldəcək. Namizədin vəkili Elçin Mirzəbəyli deyir ki, sonra regionların inkişafına ciddi fikir veriləcək.

Başqa bir namizəd Qulamhüseyn Əlibəyli də neft pullarını daha çox aqrar sektora və emal müəssisələrinin yaradılmasına yönəldəcək.

Digər iki namizəddən, Fuad Əliyev və İlham Əliyevdən bu məsələyə cavab almaq mümkün olmadı.

Bəs neft pullarını yerbəyer edən namizədlər korrupsiyaya qarşı mübarizəni necə aparacaqlar?

«Ümid» Partiyasının namizədi İqbal Ağazadə bu mübarizənin bir yolunu görür:

Qüdrət Həsənquliyev
«Özün almayacaqsan, təyin etdiyin adamlar almayacaq, qalanlar da almayacaq. Xırda rüşvətlər olacaqsa, bu da məhkəmə yolu ilə aradan qalxacaq. Ölkədə korrupsiyanı yaradan iqtidardakı məmurlardı, korrupsiya Azərbaycana kənardan epidemiya kimi gətirilməyib. Mən və mənim təyin etdiklərim rüşvət kampaniyasında iştirak etməsə, təbii ki, Azərbaycanda rüşvət də olmayacaq».

Ancaq Hafiz Hacıyev deyir ki, o, prezident seçilən kimi korrupsiyanın qarşısını almaq üçün sərt tədbirlərə əl atacaq:

«Mən hakimiyyəti korrupsioner məmurlardan təmizləyəcəm, özü də onları elə-belə buraxmayacağam ki, həmin pulla hakimiyyətimi devirsinlər. Mən Gürcüstan variantına üstünlük verirəm - həmin məmurlar həbs ediləndən sonra onların bütün pullarını alıb büdcəyə keçirəcəyəm və sonra həbsdən azad edəcəyəm. Necə ki, Okuraşvilidən 5 milyon alıb sonra buraxdılar».

Qulamhüseyn Əlibəyli
Fazil Qəzənfəroğlu isə deyir ki, o, prezident olsa, sadəcə dövlətin iqtisadiyyata müdaxiləsi aradan qaldırılacaq:

«Dövlət iqtisadiyyatdan əlini çəkən kimi, korrupsiya da aradan qalxacaq».

Qüdrət Həsənquliyev isə korrupsiyanın kökünü bu sahəyə qarşı mübarizə aparanların bitərəflərdən seçilməsində görür.

Neft pullarının xərclənməsilə bağlı prezidentliyə namizədlərlə bir neçə görüş keçirən Milli Büdcə Qrupunun üzvü, iqtisadçı Qubad İbadoğlu hesab edir ki, namizədlər hamısı olmasa da, bir neçəsi platformalarında bu məsələnin həllində maraqlı görünürlər.

Politoloq İlqar Məmmədov isə deyir ki, indiyə qədər də belə vədlər olub, amma sonda heç də hər şey deyildiyi kimi, həyata keçirilməyib. Qaldı ki, indiki prezidentliyə namizədlərin neft pulları və korrupsiyanın qarşısının alınacağı barədə müsbət vədlərinə, politoloq bunların heç birinə inanmır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG