Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:07

Seçki kameraları kimi və nəyi çəkəcək?


. Prosesi izləmək üçün məntəqələrin 10%-nə (500 məntəqəyə) kamera qoyulacaq
. Prosesi izləmək üçün məntəqələrin 10%-nə (500 məntəqəyə) kamera qoyulacaq
Dinlə

Prezident seçkisində quraşdırılacaq kameralar kimi və nəyi çəkəcək? Mərkəzi Seçki Komissiyası (MSK) bildirir ki, kamera quraşdırmaqda məqsəd seçkinin daha da şəffaf keçməsini təmin etməkdir. İlk dəfə olaraq seçkini internetdən birbaşa izləmək mümkün olacaq. Kameraların çəkdiyi görüntülər MSK-nın saytında birbaşa yayımlanacaq. Seçki məntəqəsinin açılmasından tutmuş, məntəqənin bağlanmasına, bülletenlərin sayılması və protokolların doldurulmasına qədər bütün proses lentə alınacaq.

MSK-nın sözçüsü Azər Sarıyev:

«Kamera qutunun üzərindəki tavanda quraşdırılacaq. Yəni kamera vasitəsilə qutu və məntəqədəki masalar görünəcək, prosesi izləmək mümkün olacaq. Yalnız seçki kabinəsi monitordan kənarda qalacaq ki, səsvermənin gizliliyi təmin olunsun. Lent yazıları sonra da saxlanacaq ki, şikayətlərin araşdırılmasına kömək etsin».

Kamera ideyası yəqin beynəlxalq təşkilatları da razı salacaq. Axı kamera hər şeydən əvvəl seçicilərin aktivliyinin müəyyən olunmasına yönələn pozitiv addımdır. Amma beynəlxalq təşkilatlar tərəfdən baxanda addım pozitiv görünür. Yerli ekspertlərin, məsələn, siyasi icmalçı Rauf Mirqədirovun gözüylə baxanda isə:

«Seçicilərin iştirakını maksimuma çatdırmaq üçün şantaj və qorxu vasitəsi kimi istifadə olunacaq. Deyəcəklər ki, seçkiyə getməsəz, çəkilişlərə baxıb biləcəyik».

«Azadlıq» radiosuna zəng edən bir dinləyicinin dediyinə görə, kameradan şantaj vasitəsi kimi artıq istifadə olunur. Dinləyici deyir ki, evinə, onları siyahıya almağa gələndə deyiblər ki, məntəqədə kamera olacaq, kimin kimə səs verdiyi görünəcək:

«Gəlirlər, qapını döyürlər ki, neçə adamsız, söz yayırlar ki, kamera olacaq, görəcəklər kim kimə səs verib».

MSK-dan Azər Sarıyev deyir ki, səsvermənin gizliliyini təmin etmək üçün kamera seçki kabinəsindən kənarda olacaq. Seçki qutusunu izləyəcək kameranın istiqamətini dəyişmək isə mümkün deyil. Bunun üçün kameranı yalnız sındırmaq lazımdır.

Amma başqa bir ekspert, Hüquq və İnkişaf İctimai Birliyinin sədri Hafiz Həsənov da kameraların seçkinin şəffaflığı naminə quraşdırıldığına inanmır:

«Məqsəd sadəcə indiki onbaşıların, yüzbaşıların, minbaşıların, büdcə təşkilatlarında işləyənlərin, həkimlərin, müəllimlərin seçkiyə gəlib-gəlmədiyini yoxlamaqdır. Bunun şəffaflıqla heç bir bağlılığı yoxdur».

Gürcüstanda da president seçkisi zamanı kameradan istifadə olunub. Amma Rauf Mirqədirovun fikrincə, Azərbaycandan fərqli olaraq, Gürcüstanda seçki məntəqələrinə qoyulan kameralardan şantaj vasitəsi kimi istifadə etmək mümkün deyil. Çünki Gürcüstan əhalisi siyasiləşib, söz azadlığının səviyyəsi, siyasi fəaliyyət imkanı orda Azərbaycandan çoxdur.

Seçki zamanı məntəqələrin heç də hamısında kamera olmayacaq. Prosesi izləmək üçün məntəqələrin 10%-nə (500 məntəqəyə) kamera qoyulacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG