Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:46

Qanunsuz silah saxlama ittihamı…


Vüqar Əliyev: «Qanunsuz silah ola bilsin döyüşlərdə əldə edilib, düşməndən götürülüb»
Vüqar Əliyev: «Qanunsuz silah ola bilsin döyüşlərdə əldə edilib, düşməndən götürülüb»
«Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu bir neçə il əvvəl qanunsuz silah saxlama ittihamıyla həbs olunmuşdu. Jurnalist hadisəni belə xatırlayır:
«Həmin vaxt mənim evimdə axtarış aparan qrup rəhbəri açıq şəkildə evimə tapança qoydu və aktlaşdırdılar ki, mən evimdə silah saxlayıram. Buna görə də məni həbs edib apardılar MTN-ə».

Rauf Arifoğlu deyir ki, onun həbsinə ictimaiyyət və beynəlxalq təşkilatlar siyasi qiymət verdiyi üçün bir müddətdən sonra azad edildi. Evindən tapılan tapança isə mənşəyi məlum olmayan silah sayılıb.

Hüquq müdafiəçisi Leyla Yunus deyir ki, siyasətçilərə, fəal müxalifətçilərə, hakimiyyətin özünə təhlükə saydığı adamlara qanunsuz silah saxlama ittihamıyla təzyiq göstərmə asan yollardan biridir və onlar dəfələrlə belə şikayətlərlə üzləşiblər.

Hüquqşünas İsaxan Aşurov isə deyir ki, qanunsuz silah saxlama ittihamı təkcə siyasi çevrə üçün tətbiq edilmir, kriminal sahəyə mənsub şəxsləri həbs etmək üçün də bu yola əl atılır:

«Hüquq-mühafizə orqanları cinayətkar aləmdə məşhur adamları həbs etmək üçün başqa əsaslar olmayanda bundan istifadə edirlər».
Amma İsaxan Aşurov deyir ki, siyasətçilərdən fərqli olaraq, sıravi adamların öz səsini ictimaiyyətə çatdırmaq, ictimai müdafiə dəstəyi almaq imkanları azdı: «Bir qayda olaraq bu şəxslərin müdafiəsi zəif qurulur».

Yeri gəlmişkən, 1990-cı illərin ortalarında qanunsuz silah ittihamıyla üzləşmiş bir müsahibimiz başına gələn əhvalatı adının çəkilməməsi və səsinin yazılmaması şərtiylə danışdı. Ölkənin qərb regionunda yaşayan, şərti adı Taleh Həmidov olan müsahibimiz keçmiş polis işçisidir. Danışır ki, idarələrinə yeni rəhbərlik gələndə onu və bir neçə nəfəri işdən uzaqlaşdırmaq istəyib.

«Bir gün məni çağırdılar ki, bir oğru tutublar. İstintaq zamanı məlum olub ki, həmin oğru mənim də evimi soyub və oradan silah aparıb. Dedilər ki, həmin silahı polisə təhvil verib. Mən o dəqiqə başa düşdüm ki, məni ilişdirmək istəyirlər. Silahın mənim olmadığını heç cür sübut edə bilməyəcəkdim. Ona görə də məcbur oldum danışığa getdim, işin ört-basdır olması üçün külli miqdarda rüşvət verdim, həm də işdən çıxdım».

Hüquqşünas İsaxan Aşurov deyir ki, qanunsuz silah saxlama ittihamının qondarma olmasını sübut etmək çətindir:
«Çünki Azərbaycanda tərəflərin bərabərliyini təmin edən qanunlar mövcud deyil. İttiham və müdafiə tərəfləri bərabər imkanlara və səlahiyyətlərə malik deyillər».

İsaxan Aşurov deyir ki, adətən, qondarma qanunsuz silah ittihamı üçün dövriyyədə olmayan, yəni qeydiyyatdan kənar qalan silahlardan istifadə olunur. Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyevsə bəzi hallarda bu ittihamın qondarma olmasıyla bağlı deyilənləri təkzib edir. Onun sözlərinə görə, istintaq orqanları konkret sübutlara əsaslanırlar:

«Axtarış zamanı onun evində, maşınında, üstündə silah aşkarlanırsa, bu, hal şahidlərinin iştirakıyla aktlaşdırılır. Silahın mənbəyinin müəyyənləşməsi isə istintaqda aparılır».

Vüqar Əliyev deyir ki, əgər təqsirləndirilən şəxs məsuliyyətdən yaxa qurtarmaq üçün silahın ona məxsus olmadığını və hüquq-mühafizə orqanlarının guya silahı onun cibinə, yaxud üzərinə qoyduğunu bildirərsə, onda istintaq orqanlarının işi çətinləşir:

«Belə hallar olur ki, qanunsuz silahın mənbəyi müəyyənləşmir. Bilirsiniz ki, biz müharibə şəraitində yaşayırıq. Olur ki, döyüşlərdə əldə edilib, düşməndən götürülüb. Belə qanunsuz silahlar var».

Amma Vüqar Əliyev deyir ki, bu ittihamla üzləşən və silahın onun olmadığını iddia edən şəxslər faktın yoxlanılması üçün istintaqda vəsatət qaldıra bilərlər.
XS
SM
MD
LG