Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:35

Müsavatın qərargahında tam sükutdur


Müsavat Partiyasının qərargahı, Bakı, 9 oktyabr 2008

Müsavat Partiyasının qərargahı, Bakı, 9 oktyabr 2008

Dinlə

Müsavat Partiyasının qərargahında ayaq səsləri fonunda başqa səslər eşidilmir. Bu da təbiidir. Çünki qərargahın dəhlizlərində tam sükut hökm sürür. Elə birinci mərtəbədəki akt zalının qapısı bağlıdır. Deyilənə görə, Müsavat Məclisinin iki ay əvvəl keçirilən toplantısından sonra heç bu otağın qapısı açılmayıb.

Nahar fasiləsinin yaxınlaşmasına baxmayaraq akt zalı ilə üzbəüz yeməkxanada da kimsə gözə dəymir. Yeməkxananın müdiri bunun səbəbini öyrənmək məqsədi ilə verdiyim sualları nədənsə cavabsız qoyur. Üstəlik, ikinci mərtəbədəki təşkilat şöbəsinə məxsus otaqda da heç kimi tapa bilmədim. Ancaq elə təşkilat şöbəsinin qonşuluğunda, partiyanın seçki departamentinin yerləşdiyi otaqda, bu departamentin müdiri Gülağa Aslanlını təklikdə işləyən gördüm. G.Aslanlı deyir ki, seçkidə iştirak etməyən və onu boykot edən partiyaların Məşvərət Mərkəzi səsvermə günü hakimiyyətin seçki saxtakarlıqlarını ifşa etmək məqsədi ilə təqribən 90 dairənin 150-yə yaxın məntəqəsində müşahidə aparacaqlar:
- Artıq müşahidəçilərmiz dairə seçki məntəqələrindən vəsiqələrini götürüblər. İndi seçiləcək məntəqələrin müəyyən edilməsi prosesi gedir. Seçkidən sonra da bütün müşahidələrimiz ümumiləşdirilib, bir sənəd halında yayılacaq.
Müsavatın seçki departamentinin yerləşdiyi otağın divarlarına ən müxtəlif portretlər vurulub. Orada Mustafa Kamal Atatürkün, Məmməd Əmin Rəsulzadənin, Əbülfəz Elçibəyin portretlərindən başqa, İsa Qəmbərin, Arif Hacılının və elə Gülağa Aslanlının şəkilləri də gözə dəyir. Onlardan başqa, Araz Elsəs və Sami Yusifin şəkilləri də otağın divarına vurulub.

Qərargahın indiki fonu ilə ziddiyyətli görünsə də, partiya başqanı İsa Qəmbərin kabinetinin girişində hərəkətlilik var.
Orda isə öyrənirəm ki, elə bu kabinetdə Məşvərət Mərkəzinə daxil olan Müsavat, Azərbaycan Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf partiyaları və «Azərbaycan Naminə» İctimai Forumun rəhbərliyinin toplantısı olmalıdır. Müsavat başqanı İsa Qəmbər toplantının qeyri-rəsmi görüş olduğunu bildirərək görülən işlərdən ümumi məlumatlar verir. Başqan deyir ki, onların əsas fəaliyyəti hakimiyyətin ifşasına yönəlib. Ancaq bununla bağlı fəaliyyətin görünmədiyi ilə bağlı sulımıza isə onun cavabı belə olur:

- Kütləvi aksiya üçün yer istəyirik, vermirlər. Bu hakimiyyətin ifşası deyilmi? Biz İTV-dən efir istəyirik, vermirlər. Bu, hakimiyyətin ifşası deyilmi? Sadəcə hakimiyyət özünü elə aparır ki, elə bil bu biabırçılıq ona aid deyil.
İsa Qəmbərin kabineti ilə üzbəüz isə partiyanın Mətbuat Xidməti yerləşir. Orada isə hər hansı bir iş getmir. Mətbuat Xidmətinin üzvü Yalçın Abbaslı bunu belə izah edir:

- Bizim işimiz müəyyən vaxtlar bəyanatlar və Divanın iclasları ilə bağlı məlumatlar verməkdir. Əgər biz seçkiyə qatılsaydıq, işlərimiz çox olardı.
Müsavat Partiyasının qərargahının yaxınlığında «Kəmalə-Nərmin» adlı bir şadlıq sarayı yerləşir. Qərargahla bu şadlıq sarayının kəsişmə nöqtəsində sərnişin avtobusları tez-tez dayanırlar. Neçə illərdir bu dayanacağı insanlar yalnız «Kəmalə-Nərmin» şadlıq sarayının adı ilə adlandırırlar.

Şərhləri göstər

XS
SM
MD
LG