Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:14

«Sıx tikinti Abşeronda böyük fəlakətlərə gətirib çıxara bilər»


Respublika Seysmoloji Xidmət rəhbərinin direktoru Qurban Yetirmişli və professor Fəxrəddin Qədirov

Respublika Seysmoloji Xidmət rəhbərinin direktoru Qurban Yetirmişli və professor Fəxrəddin Qədirov

«Abşeron yarımadasında sıx tikinti işlərinin aparılması ürəkaçan deyil. Çünki bu yarımadada boşluqlar var, qaz və neft çıxır, texnogen amillər burada təbii fəlakətlərin baş verməsi ehtimalını bir qədər də artırır». Bunu «Azadlıq» Radiosunun «Can Bakı» proqramının qonağı olan Respublika Seysmoloji Xidmət rəhbərinin direktoru Qurban Yetirmişli deyir. Onun sözlərinə görə, Abşeronda indi insanlar palçıq vulkanlarının nəinki yaxınlığında, hətta vulkanın üzərində ev tikirlər:

«Bu məsələyə diqqət yetirmək lazımdır. Yarımadanı bu cür sıx binalarla yükləmək olmaz. Abşeronu həm şimaldan, həm də şərqdən zəlzələ ocaqları əhatə edir. Bu ərazidə potensial gücü Rixter cədvəli üzrə 7-7,5 bal olan zəlzələlər baş verə bilər. Yarımadada belə sıx tikinti işlərinin aparılması isə Abşeronda baş verən zəlzələnin episentrini gətirib şəhərin içinə çıxara bilər. Onda dağıntılar da çox olar. Odur ki, biz xaotik, sıx, bir-birinə yaxın binaların tikilməsi ilə razılaşa bilmərik. Zəlzələ halında binaların özü bir-birinə xəsarət yetirə bilər».

Qurban Yetirmişli dedi ki, son vaxtlar Abşeronda güclü aktivləşmə müşahidə olunmadığına görə tezliklə bu ərazidə zəlzələ baş verəcəyini proqnozlaşdırmaq olmaz.

«Can Bakı»nın digər qonağı - Milli Elmlər Akademiyasının müxbir üzvü, Geologiya institutunun Geodinamika və seysmologiya şöbəsinin rəhbəri, professor Fəxrəddin Qədirov da bildirdi ki, Abşeron yarımadası çox unikal bir yerdir:

«Burda təbii fəlakətlərin çoxlu növləri ilə rastlaşmaq ehtimalı var. Elə bil, bu geoloji proseslərin hamısı burda toplaşıb. Hələlik sanki bizi Allah qoruyur».

Son 10 ildə baş verən təbii fəlakətlərin sayı iki dəfə artıb. Onların da xeyli hissəsi geoloji proseslərlə bağlıdır. Son 35 ildə dünyada fəlakətli təbiət hadisələrindən 3,8 milyon insan həlak olub 4,4 milyard nəfər isə zərər çəkib.

Buna da bax:

Şərhləri göstər

XS
SM
MD
LG