Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:44

Nəhs mərtəbədə yerləşən qərargah


Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunun binası
Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunun binası
Dinlə

Azərbaycanda ən hündürdə yerləşən seçki qərargahı prezidentliyə namizəd Qüdrət Həsənquliyevə məxsusdur. Hətta bu qərargah indiki prezidentin oturduğu aparatdan da yüksəkdədir. Amma bir məsələ var ki, seçki qərargahı nəhs mərtəbədə yerləşir - 14 mərtəbəli binanın 13-cü mərtəbəsində.

Q.Həsənquliyevin seçki qərargahını tapmaq elə də asan olmadı. Əvvəlcə 109 telefon sorğu xidmətindən bu ünvanı soruşdum. Yeri gəlmişkən, sorğu xidmətindən İlham Əliyevin seçki qərargahının ünvanını soruşanda, Rəsul Rza küçəsi - 3 ünvanını dedilər ki, bu da Mərkəzi Seçki Komisssiyasının ünvanıdır. Telefonçu xanıma izah edəndə ki, bizə MSK yox, namizədin seçki qərargahı lazımdır, dedilər ki, onlarda belə ünvanlar yoxdur:

- MSK-dan soruşmaq lazımdır.

Amma Qüdrət Həsənquliyevin seçki qərargahının rəhbəri Elçin Mirzəbəyli hesab edir ki, onların ofisi elə də çətin yerdə yerləşmir.

E.Mirzəbəyli deyir ki, 13 rəqəmi onlar üçün düşərli olub. Belə ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) yaranandan bu mərtəbədə məskunlaşıblar və hələlik hansısa uğursuzluqla da üzləşməyiblər:

- Bəs 13-cü mərtəbədən cəmiyyətin, Bakının problemləri necə görünür?
- Bakının da, cəmiyyətin də problemləri hətta 1-ci mərtəbədən də görünür, bunun üçün yuxarıdan aşağı baxmaq lazım deyil.

Qüdrət Həsənquliyevin prezident seçiləcəyi halda digər namizədlərə, o cümlədən indiki prezidentə hansı postu təklif edəcəyi məlum deyil. Belə ki, hazırda Şəkidə seçicilərlə görüşdə olan prezidentliyə namizədin özündən bu suala cavab almaq istəsəm də, onun mobil telefonu söndürüldüyündən bu mümkün olmadı.
Seçki qərargahının rəhbəri Elçin Mirzəbəyli
Amma həmsöhbətim Elçin Mirzəbəyli deyir ki, onlar bu məsələyə kompleks şəkildə yanaşacaqlar:

«Biz Milli Etimad Hökuməti yaradacağıq. Hakimiyyət bölgüsündə 50 faiz yerlər BAXCP və onun müttəfiqlərinə, 25 faiz seçkilərə qatılmayan partiyalardan olan mütəxəssislərə, 25 faiz isə mövcud iqtidarın korrupsiyaya bulaşmamış kadrlarına veriləcək. Bundan başqa, Hesablama Palatasının bütün üzvləri müxalifətçilər olacaq».

Prezidentliyə namizəd Qüdrət Həsənquliyev seçkilərdə 50 faizdən çox səs toplamaqda israrlıdır. Hər halda namizədin seçki qərargahının rəhbəri Elçin Mirzəbəyli belə deyir:

«Təbii ki, biz 50 faizdən çox səs toplamaq fikrindəyik».

Qərargahda işgüzar partiya həyatı hökm sürür. Amma Qüdrət Həsənquliyevə sözü olan seçici onu necə tapacaq, bu, sual qaranlıq qalır. Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunun yerləşdiyi çoxmərtəbəli binanın fasadında burada seçki qərargahı və ya partiyanın yerləşməsi barədə hər hansı işarə yoxdur. Amma işdir əgər birdən yolunuz Qüdrət Həsənquliyevin qərargahına düşsə, bir-iki xırda məsələyə diqqət yetirin. 13-cü mərtəbəyə qalxmaq üçün liftin 14-cü, 14-cü mərtəbədən 1-ə düşmək üçünsə 2-ci düyməsini basmaq lazımdır. Əks təqdirdə liftdə qala və yaxud da başqa ünvana gedə bilərsiniz. Elçin Mirzəbəyli burda ciddi problem görmür:

«13, 14 olduğu kimi, 1 də 2 deməkdir».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG