Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:48

«Azərbaycanda bəzi banklar müflis ola bilər»


«Dünyada maliyyə böhranının dərinləşməsindən asılı olaraq bunun təsiri özünü bank sferasında göstərəcək»

«Dünyada maliyyə böhranının dərinləşməsindən asılı olaraq bunun təsiri özünü bank sferasında göstərəcək»

Dinlə

Həsən metronun «Nizami» stansiyasının yaxınlığında, özünün mobil telefon dükanının qarşına kətil qoyub bekar oturub. Dünyada maliyyə böhranı başlayanı onun da müştəriləri azalıb, çünki banklar istehlak malları, eləcə də telefon üçün də kredit vermirlər.

- Əvvəl heç olmasa, gündə bir–iki telefon satırdıq, camaat kreditlə alırdı, indi heç alan yoxdur.
- Yaxşı, bəs necə işlədəcəksiz mağazanı?
- Nə bilim, ümidimiz Allahadır, deyirlər ki, seçkidən sonra bərpa edəcəklər.

İqtisadçı Qubad İbadoğlu deyir ki, Həsən seçkini gözləməsin, Azərbaycan bankları kreditləri dünyadakı maliyyə böhranına görə, dayandırıblar. Məsələ burasındadır ki, Azərbaycanda bankların çoxu özləri xaricdən kredit alırlar, bu pulla kredit verirlər. İndi xaricdəki banklar böhran keçirir deyə, Azərbaycan bankları da kredit verə bilmirlər. Xaricdən borcalma bankları beynəlxalq maliyyə böhranı ilə daha sıx bağlayır. Q. İbadoğlu dünyadakı böhrandan qorunmaq üçün bankların güclənməsini vacib sayır:

«Yaxşı olardı ki, banklar yalnız kassa kimi pul almaq və onu kreditə vermək əməliyyatı ilə məşğul olmasınlar. Bankların özünün investisiya fəaliyyəti olmalıdır. Təəssüf ki, bizim bankları daha çox vəsaitləri borc şəklində götürmək və sonra onu kredit vermək maraqlandırır».

Başqa bir iqtisadçı Azər Mehtiyev isə deyir ki, Azərbaycanda banklar siyasi hakimiyyətin təsiri altındadır, bu bankların müflis olma ehtimalı azdır, amma dünyada maliyyə böhranı uzansa, vəziyyət dəyişəcək:

«Dünyada maliyyə böhranının dərinləşməsindən asılı olaraq bunun təsiri özünü bank sferasında göstərəcək və Azərbaycanda müəyyən bankların müflis olma ehtimalı var».

A.Mehtiyev deyir ki, bu təhlükə daha çox kiçik banklar üçündür.

Bakıdakı iri bankların bir neçəsindən soruşdum ki, maliyyə böhranı onlara təsir edib? Dedilər ki, İqtisadi İnkişaf nazirinin müsahibəsindən sonra mediaya cavab vermək üçün gərək fikirləşsinlər. İqtisadi İnkişaf naziri Heydər Babayev deyib ki, banklar üçün heç bir problem yaranmayacaq, onlar belə şəraitdə işləməyə öyrəniblər. Nazir bildirir ki, neft gəlirləri ölkədə maliyyə böhranı yaranmağa imkan verməyəcək.

Amma Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Qreqori Yedjeyçak «Azadlıq» radiosuna deyir ki, böhran uzunmüddətli olsa, bu, birinci neft gəlirlərinə təsir edəcək:

«Yaxın perspektiv üçün Azərbaycana dünyadan iqtisadi təhlükə yoxdur. Amma əgər dünyadakı iqtisadi tənəzzül uzunmüddətli olsa, neftin qiyməti indikindən daha çox ucuzlaşsa, gəlirlər azalacaq, bu, hər şeydən əvvəl Neft Fonduna təsir edəcək və yəqin ki, dövlət xərclərini yenidən nəzərdən keçirmək lazım gələcək. Hazırda bu xərclər kifayət qədər çoxdur».

Q.Yedjeyçak hökumətin iqtisadi böhrandan qorunmaq üçün qısa müddətli tədbiri kimi Milli Bankın banklara nəzarəti artırmağını göstərir. Uzun müddət üçün çıxış yolu isə iqtisadiyyatın başqa sahələrini inkişaf etdirmək, ölkəni xaricdən pul gətirən neft sektorundan asılı qoymamaqdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG