Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:39

«Seçkidən sonra cəmiyyətdə məyusluq yaranacaq»


Arif Hacıyev və İqbal Ağazadə, 8 oktyabr 2008
Arif Hacıyev və İqbal Ağazadə, 8 oktyabr 2008
Dinlə

«Biz İqbal Ağazadəyə opponent deyilik. Bizim opponentimiz Azərbaycan hakimiyyətidir. Bu gün Azərbaycanda olan bu rüsvayçı vəziyyətə görə, nə İqbal Ağazadə, nə Qüdrət Həsənquliyev, nə də hətta Hafiz Hacıyev məsuliyyət daşımır. Məsuliyyəti Azərbaycan hakimiyyəti daşıyır».

Bu sözləri «Azadlıq» radiosunun seçki debatında iştirak edən Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı deyib.

«Ümid» Partiyasının sədri İqbal Ağazadə ilə birlikdə «Seçki qatarı» proqramının qonağı olan A.Hacılı hesab edir ki, Azərbaycan hakimiyyəti normal seçki mühitinin olmaması üçün əlindən gələni edib, milyardlarla vəsait xərcləyib:

«İndi sadəcə Azərbaycanda hakimiyyətin ömrünün daha 5 il uzadılması prosesi gedir. Və biz bu prosesdə dekorasiya rolu oynamaq istəmədik. Hakimiyyətin tapdığı 3-5 nəfərdən biri olmaq lazım deyildi. Biz o xətti götürmədik, seçkidə bu ampluada iştirak etmədik».

Arif Hacılı bildirir ki, prezidentliyə namizədlərin televiziya çıxışlarından onların arxasında kimlərin dayandığı bilinir:

«Biri çıxışında MTN-in, biri Daxili İşlər nazirinin, o biri Heydər Babayevin əleyhinə danışır. İndi burda müxalifət nümayəndəsinin üzərinə pafosla danışmaq lazım deyil. Televiziya debatında çıxış edəndə Əli Hüseynovun üzərinə pafosla yerimək lazımdır ki, niyə korrupsiya ilə məşğulsunuz, niyə hər şeyi prezidentin adına bağlayırsınız, niyə Azərbaycanda ailə hakimiyyəti mövcuddur, niyə İlham Əliyev bu cür dəhşətli hakimiyyət yaradıb? Niyə bu fikirlər orda səslənmir? Prezident seçkiləri gedirsə, tənqid hədəfi prezidentliyə namizədlər olmalıdır».

Arif Hacılı deyir ki, koalisiya yaradan müxalifət qüvvələri seçkiyə qatılmamaqla həm Azərbaycan cəmiyyətinə, həm hökumətinə, həm də beynəlxalq qurumlara qarşı şok terapiya həyata keçirmək istəyiblər:

«Bu niyyətimizə xeyli dərəcədə nail olacağıq. Seçkidən sonra Azərbaycan cəmiyyətində məyusluq yaranacaq. Məhz onda müxalifətin seçkidə iştirak etməməsinin səbəbi daha aydın görünəcək».

İqbal Ağazadə isə seçkidə dekorasiya rolunda olması ilə bağlı deyilən ittihamlarla razılaşmadı:

«Mən heç bir tamaşanın aktyoru olmaq niyyətində deyiləm».

«Ümid» Partiyasının sədri hesab edir ki, bu cür fikirləri səsləndirən müxalifət nümayəndələri gərək artıq siyasətdən getmiş olardılar:

«Bəs onda 2003-cü ildə seçkidə niyə iştirak edirdik? O vaxt da biz heç nəyi dəyişə bilmədik. Onda bəyəm dekorasiya deyildi? Əgər bu gün biz nəyisə dəyişə bilməmişiksə, nəticələr eynidirsə, onda seçkidən imtinanın mahiyyəti nədir? Niyə dəyişə bilmədiniz? 2003-cü ildə indikindən daha optimal şərait idisə, onda dekorasiya yox, real namizəd vardısa, sual olunur – o cür əlverişli şəraitdə niyə hakimiyyəti dəyişə bilmədiniz, niyə getmədiniz siyasətdən?»

İ.Ağazadə hesab edir ki, indi Azərbaycanda siyasi vəziyyətin bu hala gəlib çıxmasına görə, təkcə iqtidar yox, müxalifət də cavab verməlidir:

«O vaxt mən də həmin düşərgədəydim Amma məsuliyyət birinci mənim üzərimdə deyil. Onda bir şəhid olmağım qalmışdı, mandatımı təhvil verib həbsə getdim. Başqa nə etməliydim? Ölməliydimsə, bu, başqa bir şey…»

İqbal Ağazadə onu da deyir ki, prezidentliyə namizəd Hafiz Hacıyevin ona qarşı ittihamlarına cavab vermək niyyəti yoxdur:

«Bu, ciddi bir şey deyil».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG