Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:44

«Qanunsuz silahlar müxtəlif yolla gətirilir»


İsaxan Aşurov
İsaxan Aşurov
Dinlə

Odlu silahların əhalidən yığılması və sənədləşdirilməsi olduqca çətin prosesdir. Bunu ehtiyatda olan polis Mahmud Hacıyev deyir. Onun sözlərinə görə, keçmiş sovet qoşunları 1992-ci ildə Azərbaycandan gedəndə, daha sonra Qarabağ müharibəsi dönəmində vətəndaşların əllrində çoxsaylı silahlar toplanıb:

«Sovet qoşunları Azərbaycandan çıxanda faktiki olaraq silah-sursatı dövlətə təhvil vermədən atıb getdilər. Hüquq-mühafizə orqanları müəyyən tədbirlər həyata keçirərək silahların bir hissəsini yığdı. Ancaq silahların hamısını yığmaq mümkün olmadı».

M.Hacıyev deyir ki, əllərdə silah olmasına baxmayaraq Azərbaycanda odlu silahın qara bazarı yoxdur. Ancaq bu o demək deyil ki, silahlar yalnız qanunla müəyyən edilmiş şəxslərin əlindədir. Ekspert bildirir ki, bir sıra məmurların, iş adamlarının təhlükəsizlik məqsədilə öz mülklərində silah saxlaması faktları var:

«Onların hamısı qeydiyyatdan keçmiş silahlardır. Bu insanlar o qədər də ağılsız deyillər ki, evlərində qeydiyyatsız odlu silah saxlasınlar. Xaricdən leqal yolla gəlir. Gizlin gələni də var, ancaq bu çox azdır. Bunlar da yüksək mənsəbli məmurların şəxsində qeydiyyata alınır və qanuniləşir».

Azərbaycanda son illər qanunsuz silahlarla törədilən bir neçə hay-küylü cinayət baş verib. Bunlardan ən çox rezonans doğuranı DİN-in yüksək rütbəli zabiti olan Hacı Məmmədovun başçılıq etdiyi cinayət qruplaşmasının davamlı olaraq bir neçə il odlu silahlarla çoxsaylı cinayətlər törətməsi faktıdır. Ötən ay prokurorluq və MTN odlu silahlarla cinayət törədən keçmiş polis əməkdaşlarının daha bir dəstəsini yaxaladığını elan etdi. Axtarış zamanı həmin insanların da cinayətləri heç də tabel silahları ilə törətmədikləri ortaya çıxıb.

Vəkil Adil İsmayılov bildirir ki, qanunda kimlərin silah saxlamağa ixtiyarı çatdığı konkret göstərilib. O, ölkəyə gətirilən silahların çox zaman sənədləşdirildiyini düşünür:

«Ölkəyə gətirilən bütün silahlar üçün DİN-dən lisenziya alınmalıdır, hətta Azərbaycandan tranzit kimi istifadə edilməsi üçün də mütləq həmin nazirlik icazə verməlidir».

Vəkil İsaxan Aşurov isə hesab edir ki, vətəndaşlarda olan qanunsuz silahlar ölkəyə həm leqal, həm də gizli yolla gətirilir. Silah əldə etmək istəyən şəxslər bu işi faktiki olaraq qanunsuz silah satanlardan alır:

«Bu sərhədlərdən gizli şəkildə keçirilir. Bunun qarşısını almaq həddən artıq çətindir. Elə cəmiyyətlər var ki, silah saxlanması leqallaşdırılıb. Ancaq bir çox ölkələrdə varlılar öz əmlaklarını qorumaq, qan davalarını çözmək üçün odlu silahlar əldə edirlər. Təbii, həm də cinayət törətməyə meylli qruplar və dəstələr də odlu silahların əldə edilməsində, sonradan istifadə edilməsində iştirak edirlər».

İ.Aşurov da o fikirdədir ki, qanunsuz silah dövriyyəsi ilə daha çox təcrübəli kriminal qruplaşmalar məşğul olduğundan onların üzə çıxarılması o qədər də asan başa gəlmir.
XS
SM
MD
LG