Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:53
Dinlə

Video

«Elə bildim zəlzələdir. Ayağa duranda bir də partlayış oldu, əlim-ayağım tamam yandı. Gördüm evimiz yanır, qapını nə qədər itələdim, açılmadı. Sonra atam gəldi, qapını güclə itələyib açdı, ancaq əlləri tamam kəsilmişdi…»

Oktyabrın 1-də səhər tezdən evlərinin partlaması 8 yaşlı Fərmanın yadında belə qalıb. İndi nə onu yanan evdən çıxaran atası Arif, nə də anası Nəzakət həyatda deyil. Hər ikisi xəstəxananın yanıq şöbəsində vəfat edib. Ancaq Fərman da, bacıları da bundan xəbərsizdir. İndi Fərmanla böyük bacısı Aytac xəstəxanada müalicə olunur. Həkim Şöhrət Məmmədov deyir ki, Fərmanın durumu yaxşılaşsa da, Aytacın taleyinin necə olacağı dəqiq bilinmir. Ən çətini isə uşaqların «anam niyə gəlmir, atam hardadır» suallarını cavablandırmaqdır:

Həkim Şöhrət Məmmədov: «Aytacın durumu ağırdır, həyatı təhlükə qarşısındadır. 12-13 günə hər şeyi biləcəyik».

Partlayan ev Bakının 1-ci Bülbülə küçəsində yerləşir. Biz bura gələndə 100-ə yaxın evin yerləşdiyi küçənin başdan-başa qazıldığını gördük.
Partlayışdan evin damı uçub
Sakinlər deyirlər ki, küçədə kanalizasiya xətti olsa da, sentyabrın 15-dən «Azərsutikinti» idarəsi əraziyə yeni kanalizasiya xəttinin çəkilməsinə başlayıb. Onlar iddia edirlər ki, Məcidovların evinin partlamasına da məhz bu tikinti səbəb olub, kanalizasiya xətti üçün qazıntı aparılarkən qaz xətti zədələnib.

Sızan təbii qazın qoxusu məhəlləni axşamdan başına götürüb. Sakinlər bir-birinə xəbərdarlıq da ediblər. Bayram günləri olduğundan nə Qaz İstismarı İdarəsindən, nə kənd İcra Nümayəndəliyindən, nə də bələdiyyədən heç kimi tapa bilməyiblər:

- Arifin evinin qabağından o qazın iyi axşamdan gəlirdi. Arif elə bilib ki, iy küçədən gəlib, qapı-pəncərəni bağlayıb. Səhər tezdən durub bir dəfə küçəyə çıxıb. Ancaq qaz iyi ciyərlərinə dolduğundan heç nə hiss etməyib. 1-2 dəqiqə sonra yoldaşı Nəzakət xanım işığı yandıranda partlayış olub.

- Kanalizasiya xətlərimiz var idi. Küçənin o başından asfaltı dağıda-dağıda gəldilər, heç bilmirik burda kanalizasiya xətti ola-ola niyə yenidən çəkirlər. İndi də qaçıb gizləniblər, heç kim gəlib-getmir.

100-ə yaxın evin yerləşdiyi küçənin başdan-başa qazıldığını gördük
- Keçən qış burdan yük maşınları da keçə bilmirdi. 20 maşın daş tökdük, sonra da bütün küçəni asfaltladıq, öz xərcimizə. İndi hər iki tərəfdən əsas magistral xəttə çıxışımızı kəsiblər. Bir yol qalıb – o da Ramanadan. Bu, bizim yolumuzu təxminən 4 km uzadır. Partlayış olan gün bu uçulmuş yolla yaralıları düz 1 km qucağımızda təcili yardım maşınına daşımışıq. Evin sahibi Arif yanmış uşaqlardan birini qucağına alıb ayaqlarından qan axa-axa uçmuş yolla təcili yardım maşınına çatmağa çalışırdı.

Sakinlərin sözlərinə görə, dəfələrlə tikintiyə rəhbərlik edən şəxslərdən də, fəhlələrdən də tikintini dayandırmağı xahiş ediblər. Ancaq «Azərsutikinti» işçilərinin cavabı belə olub ki, kanalizasiyanın təzələnməsi dövlət səviyyəsində aparılır və dayandırılması mümkün deyil:

- Burada kanalizasiya var, heç buna ehtiyac yoxdur, körpünün altında bir az yağış yağan kimi göl əmələ gəlir. Ora nədən kanalizasiya xətti çəkilmir? Öz pulumuza asfalt çəkmişik, sındırdılar, dağıtdılar, hamısı oldu palçıq. Trasda yolu kəsiblər, içəriyə nə təcili yardım maşını, nə də yanğınsöndürən girə bilmir.

- Bu evə nə oldusa, yerin altından oldu. Çünki bu evin qaz xətləri yerin üstündən gedir.

Nəzakət Əliyeva partlayışdan bir neçə saat sonra keçinib. Arif Məcidov isə oktyabrın 7-də vəfat edib. Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi qaldırılıb. İstintaqı aparan müstəntiq Rövşən Allahverdiyev deyir ki, bu, ehtiyatsızlıqdan baş verən cinayətdir:

- Əsas xəttdən hamı həyətinə qaz çəkib. Orada kanalizasiya xətti çəkiləndə ekskavator borunu zədələyib, boru yerindən qopub evin altına qaz sızmağa başlayıb. Ola bilər ki, təqsirləndirilən şəxslər arasında yalnız «Azərsu»nun deyil, başqa idarələrin də işçiləri olacaqlar. Hələlik istintaq gedir. Şahidlər dindirilib, boru ekspertizaya göndərilib. Ekskavatoru kimin idarə etdiyini müəyyən edə bilməmişik, işi yarımçıq qoyub gediblər. İstintaqın gedişində işə rəhbərlik edən şəxslər tapılmalıdır.

İstintaq «Azərsutikinti» ekskavatorunun zədələdiyi borunu tapıb Məhkəmə Ekspertizası Mərkəzinə göndərib. Müstəntiqin sözlərinə görə, ekspertizanın nəticələri bir aya bəlli olacaq.

«Azərsu» Səhmdar Cəmiyyətindən isə məsələ ilə bağlı heç bir məlumat verilmir.

Şərhləri göstər

XS
SM
MD
LG