Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:51

«Elə bilirsiniz bütün götürülən silahlar qeydiyyata alınır»


Dünyada silah biznesi narkotik alverindən sonra ən gəlirli sahələrdən sayılır
Dünyada silah biznesi narkotik alverindən sonra ən gəlirli sahələrdən sayılır
Dinlə

«Elə bilirsiniz bütün götürülən silahlar qeydiyyata alınır. Mən 97-ci ildə bir hadisənin izinə düşmüşdüm. Bakının girəcəyində bir cinayətkar qrup tutulmuşdu. Onlardan 3-4 tapança müsadirə edilmişdi. Sonra o silahlar qeydiyyata alınmadı. Həmin tapançalardan biri də Daxili İşlər Nazirliyinin general rütbəli müavinlərindən birinə hədiyyə edildi…»

«Femida - 007» qəzetinin baş redaktoru Əyyub Kərimov deyir ki, əhalidən və ya cinayətkar qruplardan yığılan qanunsuz silahların heç də hamısı qeydiyyata alınmır. Ancaq «Xidməti və mülkü silah haqqında qanun» belə halları qadağan edir. Qanunda qeyd edilir ki, geri alınan və müsadirə edilən texniki cəhətdən istismara yararlı silah, onu satmaq hüququ olan müəssisələr vasitəsilə satılmalıdır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov da deyir ki, əhalidən yığılan qeyri qanunu silah-sursatın sonradan istismarı zamanı qanunvericiliyin bütün tələblərinə əməl edilir:

«Müəyyən prosedurdan keçdikdən sonra - yəni həmin silah bizim ekspertlərə verilir, onlar yoxlayırlar ki, bu silah cinayət məqsədi ilə işlədilib yoxsa-yox, sonra qanuna müvafiq olaraq silah anbarlarına təhvil verilir».

Əyyub Kərimov isə deyir ki, Azərbaycanda qanunun tələblərinə elə hüquq mühafizə orqanlarının bir sıra hallarda əməl etməməsi heç kimə sirr deyil. Onun sözlərinə görə, Azərbaycanda qanunsuz silah dövriyyəsi təkcə əhalidən yığılan silahların qeydiyyatdan gizlədilməsi ilə məhdudlaşmır. Əyyub Kərimov deyir ki, dünyada silah biznesi narkotik alverindən sonra ən gəlirli sahələrdən sayılır. Onun ehtimallarına görə heç şübhəsiz ki, Azərbaycandan silah biznesində tranzit ölkə kimi də istifadə edilir. Üstəlik onun fikrincə, həm Dağlıq Qarabağ və ətraf rayonlarda, həm də qonşu Gürcüstan və Şimalı Qafqazda gedən savaşlar Azərbaycanda da silah istifadəçiləri üçün münbit şərait yaradır.

Yeri gəlmişkən keçmiş döyüşçülərin bildirməsinə görə, Qarabağ savaşı zamanı müdafiə məqsədi ilə əhali və müxtəlif könüllü dəstələrə avtomat silahlar paylanılmışdı. İddialara görə, işğal nəticəsində qaçqın düşən həmin insanlar özləri ilə birgə silahlarını da gətirmişdilər. Sırxavətənd Özünü Müdafiə Batalyonun keçmiş üzvü Tofiq Əliyev deyir ki, sonradan o və bir çox döyüş yoldaşları silahlarını təhvil veriblər.

Keçmiş döyüşçülərdən Rey Kərimoğlu isə deyir ki, kim silahları qaytarmadı ya o həbs edildi, ya da başqa silah alıb vermək məcburiyyətində qaldı.

Hələ sovetlər birliyi dağılmamış, Qarabağ savaşının ilk illərində isə əhalidə olan ov tüfəngləri belə yığışdırılmışdı. Keçmiş Laçın Alayının komandiri Arif Paşa deyir ki, həmin silahların taleyi hələ də qaranlıq qalır:

«Bütün sənədli ov tüfənglərini yığdılar milis şöbələrinə, ordanda guya gətirdilər Orduya Könüllü Yardım Cəmiyyətinin anbarlarına. Sonradan da onların taleyi məlum olmadı».
XS
SM
MD
LG