Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:51

«Alman tamaşaçılar konsertə minnətlə gəlmirlər»


Cazmen Salman Qənbərov və opera müğənnisi Fəridə Məmmədova
Cazmen Salman Qənbərov və opera müğənnisi Fəridə Məmmədova
Dinlə

Azərbaycan musiqiçiləri Almaniyada «Azərbaycan Mədəniyyət İli» çərçivəsində konsert veriblər. «Azadlıq» radiosunun «Can Bakı» verilişinin qonağı olan cazmen Salman Qənbərov və opera müğənnisi Fəridə Məmmədova konsertin yüksək səviyyədə keçdiyini deyirlər. Musiqiçilər sentyabrın 25-27-də Almaniyada Bethoven festivalına qatılıblar:

«Biz bu festivalda maraqlı layihə ilə çıxış etdik. Fəridə Məmmədova ilə birgə Avropa bəstəkarlarının əsərlərini yeni üslubda təqdim etdik. Konsertin birinci hissəsində xalq artisti Alim Qasımov, ikinci hissəsində isə «Bakustik caz» triosu cıxış etdi. Almanlar təzə layihələrə açıq xalqdır. Ona görə də, layihəni maraqla qarşıladırlar».

Fəridə Məmmədova deyir ki, konsertdən sonra tamaşaçılar onları ayaq üstə alqışlayıblar:

«Çox narahat idik, amma zalın reaksiyasını görəndə sevindik. Zal isti, qaynar idi. 4-5 dəfə bizi təkrar səhnəyə qaytardılar».
Fəridə xanım deyir ki, konserti əsasən almanlar izləyiblər. Tamaşaçılar arasında azərbaycanlılar da olub.

Salman Qənbərov isə Almaniya dinləyiciləri ilə azərbaycanlı dinləyicilər arasındakı fərqdən də söz açıb. Deyir ki, orda tamaşaçılar konsertə minnətlə gəlmirlər:

«Bahalı bilet alıb, konserti seyr edirlər. Telefonu söndürürlər, söhbət etmirlər, gülmürlır, zalda gəzişmirlər. Konsert xoşlarına gəlməsə belə, zalı tərk etmirlər. Axıra kimi otururlar, konsert qurtarandan sonra bir-birilərinə fikirlərini söyləyirlər. Təəssüf ki, Azərbaycanda indi belə atmosfer yoxdur».

Caz ifaçılarının yaşam tərzinə gəlincə, Almaniyada da vəziyyət ürəkaçan deyil:

«Dünyanın heç bir yerində cazmenlər milyonçu deyillər. Nə Maykl Cekson kimi varlıdırlar, nə də Cenifer Lopes kimi məşhur. Mən Berlində çox tanınmış cazmenlərin konsertinə getdim. Dünya şöhrətli musiqiçilərdir, amma xırda caz klubunda çıxış edirdilər. Bilirsiz, bu sənətə pul qazanmaq üçün gəlmirsən, caz –hava, su kimi bir şeydir».

Verilişə telefonla qoşulan xalq artisti Alim Qasımov da konsertdən məmnun qayıdıb. Deyir ki, həm özü ləzzət alıb, həm də alman tamaşaçıları feyziyab edib:

«Elə bil təzə aləmə düşmüşdük. Konsert kilsədə keçirilirdi, səslənmə, akustika valehedici idi. Çox razı qaldım».
XS
SM
MD
LG