Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:53

Azərbaycanlı Stalini adıyla çağıranda əsəbiləşir


C. Ziyadəliyev indi Gürcüstanda məclislərin ən əziz qonağıdır
C. Ziyadəliyev indi Gürcüstanda məclislərin ən əziz qonağıdır
Dinlə

«Toylara-filana çağırırlar, video ilə qarşılayırlar, «Katyuşa» mahnısı ilə… Hamı ayağa qalxıb, məni salamlayır, mən də əlimi qaldırıram».

Gürcüstanda yaşayan Cəmil Ziyadəliyevin toyların ən əziz qonağıdır. Hər şeyi ilə - qəlyanı, hərbi forması, danışığı, duruşu, sifəti ilə İosif Stalinə bənzəyən C. Ziyadəliyevi indi Gürcüstanda məclislərə dəvət etmək üçün növbəyə dururlar.

«Toyda xalqı təbrik edirəm: Товарищи дорогие! Я вас всех поздравляю! Пейте! Кушайте! Веселитесь, как веселится Иосиф Виссарионович Сталин!»

Əvvəllər mühasib olmuş Cəmil kişi sonradan bir müddət Cənubi Osetiyaya gedib meyvə-tərəvəz gətirib, üç övladının çörəyini qazanıb. Deyir, elə alver edəndə də, Stalinə bənzəməyi onun əlindən tuturmuş:

«Polis saxlamırdı, saxlayanda da «çest» verir, hətta mənə bələdçilik edirdilər».

İndi Cəmil kişinin əsas işi Stalin olmaqdır. Stalinə bənzəməsinə görə, onu toylara dəvət edənlər növbəyə dayanır. Gürcülərin Stalinə olan məhəbbəti onu bir çox qayğılardan hifz edir, bir çox xidmətlərə görə, ondan pul almırlar. Çöldə-bayırda maşının təmirinə, nahara pul verməyi çoxdan yadından çıxarıb:

«Küçədə gedirəm yeyib-içməyə, yeyib içənlər qalxırlar ayağa. Hamı qonaq edir. Yeyirik, içirik, pulsuz».

Stalin olmaq Cəmil kişinin o qədər ürəyincədir ki, öz adıyla çağıranda onun acığına gəlir:

«Mənim adım Cəmildir, amma mənə «tovariş Stalin» deməsə, acığım gəlir, hətta, bir-ikisini şillələmişəm də».

Stalinə bənzəməyi Cəmil kişinin ömür-gün yoldaşı Pakizə xanımın da ürəyincədir. Deyir ki, kişinin elə xasiyyəti də Stalin kimi tündür, bəzən onu döydüyü də olub:

- Bir az sərt adamdır. Bir iş görməyəndə, dediyi sözü yerinə yetirməyəndə acıqlanır.
- Heç döyübmü sizi?
- Cavan vaxtlar.

İndi yoldaş Stalini filmə çəkirlər. Dediyinə görə, Avstriyadan bir çəkiliş qrupu gəlib Marneuli rayonunda Stalindən bəhs edən film çəkir. Baş rolda da Cəmil kişi. Filmə görə qonorar təklifinə sizcə, Cəmil kişinin, daha doğrusu, yoldaş Stalinin cavabı nə ola bilər?

«Avans kimi avro verdilər. Dedim: Иосиф Виссарионович не любит деньги. Çek çıxartdılar. Dedim, aparın nəvələrimə verin. Hələ filmin çəkilişi davam edir. Maşın da verəcəklər. Nə bilim, belə deyirlər».

Gürcü İosif Stalinin bənzəri Cəmil Ziyadəliyev öz bənzərinin borcundan çıxmağı da unutmur. İldə iki dəfə onun doğulduğu Qori şəhərinə gedib Stalinin heykəlinin önünə gül dəstəsi qoyur.
XS
SM
MD
LG