Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:07

Silah mağazalarından tapançalar niyə yığışdırılıb?


Bakıdakı silah mağazalarından biri, 6 oktyabr 2008
Bakıdakı silah mağazalarından biri, 6 oktyabr 2008
Dinlə

Hazırda Bakıda 50-dən artıq silah mağazası var. Hamısında da müxtəlif çeşidli silahlar. Bu mağazalarda bircə tapança da yoxdur. Niyəsi barədə bir qədər sonra danışacağam.

Xidməti və mülki silah haqqında qanunda silah almaq, silah gəzdirməklə bağlı xeyli müddəalar var. Xidməti silah müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi əsasında, dövlət orqanları və hüquqi şəxslər tərəfindən əldə edilir. Yalnız bu cür icazəsi olan hüquqi şəxslər odlu silahı və onun döyüş sursatını əldə edə bilərlər. Həmin qanunun tələblərinə görə, 18 yaşına çatmış ölkə vətəndaşlarının mülki silah almaq hüququ var. Amma mülki silah alınması təkcə yaşla bağlı deyil. Bunun üçün insan həm də sağlam olmalıdır.

Alkoqolizm, narkomaniya, ruhi xəstəliklə, habelə görmə qabliyyətinin pozulmasıyla bağlı əks tibbi göstərici olduqda vətəndaşın silah əldə etməsi qadağandır. Yəni mülki silah əldə etmək istəyən şəxs silah alınmasına icazə verən orqana ərizə ilə müraciət etməklə yanaşı, həm də sağlamlığı haqqında tibbi arayış və şəxsiyyət vəsiqəsini təqdim etməlidir.

Silah almaq məsələsi bununla da bitmir. Əgər vətəndaş ağır cinayətlərə görə, habelə silahdan, döyüş sursatından və partlayıcı maddələrdən istifadə etməklə törədilən cinayətlərə görə, məhkum olunubsa, həmin şəxsin mülki və xidməti silah əldə etməsi qadağandır.

Bəs Azərbaycanda nə qədər adamda qanuni silah var? Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov bu məlumatların məxfi olduğunu deyir.

Məlum olansa odur ki, Azərbaycanda 22 min nəfərə yaxın ovçu var. Bu isə elə o qədər də ov silahının əllərdə olması deməkdir. Amma Ovcular Cəmiyyətinin sədri Ramazan İsmayılov deyir ki, qanun bir ovçunun yeddi silaha malik olmasına icazə verir. Bu baxımdan da o Azərbaycanda əllərdə olan ov silahlarının daha çox olduğunu düşünür.

R.İsmayılova görə, indi bir çox silah mağazaları satdığı silahın üstündə vətəndaşlara ovçuluq vəsiqələri verilər ki, bu da qanuna uyğun deyil. Onun sözlərinə görə, ovçuluq vəsiqəsini yalnız Ovçular Cəmiyyəti verir. Silahdan istifadəyə gəlincə, belə icazə yalnız beş ildən az olmayaraq Ovçular Cəmiyyətinin üzvü olanlara verilir.

Bakıdakı silah mağazalarından birində satıcı işləyən Samir deyir ki, elə onlar da silah almaq istəyənlərdən bu sənədləri tələb edirlər.

Amma Samir bildirir ki, odlu silahla törədilən hadisələrin əksəriyyəti elə həmin sənədləri təqdim edib silah alanlardır.

Bəlkə elə bu səbəbdəndir ki, Vüqar adlı həmsöhbətim hesab edir ki, Azərbaycanda silah satışı tamamilə yığışdırılsa, daha yaxşı olar.

Amma hələlik Bakıdakı silah mağazalarından qaz və rezin güllə atan tapançalar yığışdırılıb. Səbəb də odur ki, bir müddət əvvəl paytaxtda bu cür tapançalarla silahlanmış bir qrup gənc arasında əməlli-başlı atışma olub.
XS
SM
MD
LG