Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:34
Dinlə

Bakıdakı «Köhnə dəyirman» adlanan yerin yaxınlığında adamlar üç-bir, dörd-bir dayanıblar. Kimisi oturub, kimisi də ağaca söykənib. Sakit-sakit söhbət edəni də var, əlində siqaret fikrə gedəni də…Adını bilmədiyim cürbəcür alətlər, torbalar isə yolun qırağında sıralanıb. Bəlkə də paytaxta ilk ayaq basan əcnəbi elə bilər ki, bu avadanlıqlar satlıqdır, başında duranlarsa satıcı. Amma yerlilər heç gözlərinin ucuyla da onlara baxmırlar, çünki çoxdan bilirlər ki, burda toplaşanlar günəmuzd işləyənlərdir. Hətta bura ad da qoyublar - «qul bazarı». Video

Onlar əvvəl-əvvəl söhbətə meyl göstərməsələr də, sonradan açdılar sandığı, tökdülər pambığı:

- Gərək sizi rayona aparaq.
- Niyə? Nə olub rayonunuzda?
- Bizə baxan yoxdur.
- Hansı rayondansan?
- Lerikdən?
- Lerikdə iş yoxdur?
- Yox.

Bura yığışanların çoxu ölkənin cənub bölgəsindəndir. Deyirlər, ayağı yer tutan Bakıya gəlir ki, bir iş tapıb başını dolandırsın. Lənkəranlı Mehdi Əliyev də deyir, işsizlik ucbatından ev-eşiyindən olub:

- İş olsaydı, bura niyə gəlirdim? Elə dədə-baba yurdumda qalardım da.

Mehdinin yoldaşları da deyirlər ki, hər səhər gəlib axşama kimi müştəri gözləyirlər. Müştəri də olanda olur, olmayanda kor-peşman evə dönurlər:

- Bəs deyirlər, 710 min iş yeri açılıb. Bəs bu 710 mindən sizə bir yer düşməyb?

- 710 min iş yeri? Qulaq as, deyir, mənim cibimə 100 manat sal işə düzəldim. Üç aydan sonra da bir təpik vurub çıxarırlar.

- Qaynaqçı işləməyə də rüşvət istəyirlər?

- Bu dəqiqə hər şey ruşvətnəndir.

- Ruşvətsiz işin maaşı da az olur.

Dövlət başçısı İlham Əliyevsə deyir ki, beş illik prezidentlik dövründə 700 mindən çox iş yeri açılıb.

Bəzi ekspertlərsə bildirirlər ki, adətən işə qəbul olunanda qeydiyyat aparılsa da, işdən çıxma halları qeydə alınmır. İldə bir neçə dəfə iş yerlərini dəyişənlər isə işlə təmin olunanların sayına təsir edir. Söhbət etdiyimiz ekspertlər onu da vurğulayırlar ki, ölkədə tikintinin sayının çoxalması iş yerlərinin artmasına səbəb olub. Amma bu iş yerləri heç də prezidentin dediyi rəqəmə uyğun gəlmir, rəsmilər rəqəmləri şişirdirlər. Onların fikrincə, bu qədər iş yerləri açılsaydı, bölgələr boşalmaz, paytaxtda isə «qul bazar»ları yaranmazdı.

İqtisadi Tədqiqatlar Mərkəzinin əməkdaşı Vüsal Qasımlı isə diqqəti statistik rəqəmlərə çəkir:

«Dövlət Statistika Komitəsi bildirir ki, 2003-cü ildə 400 min işsiz varıydı, 2007-ci ildə onların sayı 281 oldu. Amma bu müddət ərzində iqtisadi fəal əhalinin sayı 4 milyon 150 mindən 4 milyon 300 minə çatıb. Bu göstərici isə onu deyir ki, əslində 370 min iş yeri açılıb».

«Köhnə dəyirman»ın yaxınlığını özlərinə əmək bazarı seçənlər isə nə prezident vədlərinə inanır, nə də ekspert təhlilləriylə gələcəklərinə baxırlar. Deyirlər ki, şəhərin bir çox yerində onlar kimi əməyini satan işsizləri görə bilərik.

Yoldan ötən bir ağsaqqal söhbətimizə qoşulur. Adı Novruzəlidir, özü də rus dil müəllimi. Deyir, indi tikintidə fəhlə işləyir:

«Bir-iki yerə asfalt salmaqla, məktəb tikməklə iş bitmir. Camaatın qarnı doymalıdır. Xalqı saymaq lazımdır, yoxsa axırı yaxşı olmaz».

Şərhləri göstər

XS
SM
MD
LG