Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:21
Dinlə

«Maliyyəni öz hesabımıza həyata keçiririk. Bir də yerli işgüzar adamlar bizə maliyyə dəstəyi göstərir». Prezident seçkisində təqribən 500 məntəqədə «exit-poll» keçirmək niyyətində olan «Rəy» Monitorinq Mərkəzinin rəhbəri Rizvan Abbasov belə deyir. Ancaq R.Abbasov nə «exit-poll»un neçəyə başa gələcəyini, nə də onlara yardım edən yerli işgüzar dairələrin adlarını açıqlayır.

«Rəy» Monitorinq Mərkəzindən başqa, «Vətəndaş Cəmiyyəti Uğrunda» Məsləhət və Yardım Mərkəzi və Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası da «exit-poll» keçirəcəklərini açıqlayıblar. Ancaq məsələ burasındadır ki, bu təşkilatlar da «Rəy» Monitorinq Mərkəzi kimi layihənin maliyyə tərəfi ilə bağlı məlumatları cəmiyyətə açıqlamamağa üstünlük verirlər. Hərçənd Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının vitse-prezidenti Vəli Əlibəyli deyir ki, onlara yerli işgüzar dairələrlə yanaşı, bir xarici təşkilat da yardım edir:

- Adı «Ergon Associates»dir.
- Sizə onlar nə qədər maliyyə ayırıblar?
- Deyə bilmərəm. Bunu heç mən də bilmirəm…

Üstəlik, Vəli Əlibəyli bu təşkilatın hansı ölkəyə mənsub olduğunu da bildirmir.

Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası ötən parlament seçkilərində də «Mitovski International» təşkilatı ilə birgə «exit-poll» keçirmişdi. Həmin vaxt müxalifət dairələrində bu «exit-poll»a tənqidi münasibət bəslənildi. Sonradan həmin təşkilatın rəhbəri cənab Mitovski də vəfatından bir qədər öncə yazdığı məqaləsində yerli tərəfdaşlarının «exit-poll»un nəticələrini saxtalaşdırmaq cəhdlərindən söz açmışdı. Yeri gəlmişkən, Uorren Mitofski də onlara «exit-poll» keçirməyi sifariş verən «Renaissance Associates» təşkilatının Bolqarıstan vətəndaşı tərəfindən idarə olunan İsveçrə qurumu olduğunu demişdi. Birləşmiş Ştatlarda çıxan «Nyu Yorker» jurnalı və digər nəşrlər isə həmin təşkilatın Bakıda qeydiyyatdan keçdiyini və Azərbaycanın hakim siyasi dairələri üçün lobbi xidmətləri göstərdiyini ortaya çıxarmışdı.

«Praqma» İctimai-Siyasi Mərkəzinin rəhbəri Taleh Şahsuvarlı deyir ki, indi «exit-poll» keçirən yerli təşkilatların maliyyə mənbələri ilə bağlı açıqlamalar verməməsi şübhəlidir:

«Çox inandırıcı versiyadır ki, bu təşkilatları elə dolayı yollarla Azərbaycan hakimiyyəti maliyyələşdirir. Məqsəd də seçkilərdə hakimiyyətin maraqlarını təmin etmək, MSK-nın elan etdiyi nəticələrə yaxın nəticələr açıqlamaqdır. Belə olarsa mən təəccüblənməyəcəyəm».

«Exit-poll» keçirən yerli təşkilatlara Azərbaycan hökumətinin dolayı yardımlar etməsi ilə bağlı versiyalara isə «Rəy» Monitorinq Mərkəzinin rəhbəri Rizvan Abbasovun cavabı belədir:

- Bəzi ölkələrdə «exit-poll»u ya hökumət, ya da müxtəlif qeyri- hökumət təşkilatları maliyyələşdirir. Bizdə də bu olsa, qəbahətli heç nə olmaz.
- Yəni sizə də hökumət kömək edib?
-Yox, bizə fərdi şəxslər kömək edib.

Taleh Şahsuvarlı isə deyir ki, Azərbaycan kimi ölkələrdə hökumətə bağlı olmayan iş adamlarının siyasi layihələrə dəstək verməsi o qədər də inandırıcı səslənmir.

Hüquq və İnkişaf İctimai Birliyinin sədri Hafiz Həsənov isə deyir ki, «exit-poll» keçirən təşkilatların maliyyə mənbələrini açıqlamaması həm Seçki Məcəlləsi, həm də qeyri-hökumət təşkilatları haqında qanunun tələbləri ilə ziddiyyət yaradır:

«Əgər məlumatlar açıqlanmırsa, onların keçirəcəyi «exit-poll»un nəticələrinə şübhə olacaq. Yəni bu, reallığı əks etdirmir. Hansısa biznesmenin hökumətin strukturunun və ya xarici ölkənin sifarişini yerinə yetirmiş sayılacaq».

Şərhləri göstər

XS
SM
MD
LG