Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:26
Dinlə

«Vətən deyiləndə bir az da yavaş,
Yandırar qəlbimi gözümdəki yaş.
Təbrizə getməyə nə varmış qardaş,
Burdan kəndimizə gedə bilmirəm…»

Qürbət müəllimi elə burada tapdım – Quruçayın bu tayında təpənin üstündə dayanıb – xarabalıqları və qəbiristanlığı aydın görünən doğma kəndi Seyidəhmədliyə baxırdı. Evlərinə əl uzatsan çatardı. Suyu qurumuş çayı keçib getsən 10 dəqiqəlik yol eləmir. Amma getmək olmaz. 15 ildir ki, Füzulinin Seyidəhmədli kəndi işğal altındadır:

«Bax, o zavodu görürsən, o bizim Seyidəhmədli kəndidir. Aradan ancaq bu çay keçir. Amma bu çayı keçib getmək olmur. Çünki ordan o yana postdur».

Qürbət Səfərov xeyli müddətdir ki, doğulduğu kənddən 20 dəqiqəlik məsafədə yerləşən «Qayıdış» qəsəbəsində məcburi köçkün kimi yaşayır, kimya-biologiyadan dərs verir.

Dayandığı yer snayper gülləsi üçün əla nişangah idi. Məni bu təhlükədən qorumaq üçün deyir ki, düşək aşağıda - bulaq başında söhbətləşək. Dərədə ağacların altında otururuq.

- Necədir, dərslər gedir?

- Dərslər gedir deyəndə, normal getmir ey, biz imkan daxilində babat dərsimizi deyirik.

- Məktəbdə vəziyyət necədir?

- Bizim məktəbdə yaxşıdır.

- Şərait var?

- Hə, şəraitimiz var. Rəngləmişik, təmir eləmişik, hər şey qaydasındadır. Həqiqətən bizim məktəb bir az nümunəvidir. Yəni pilot məktəbdir.

Şükürbəyli kəndi
- Sizin maşınınız var, amma velosiped də sürürsünüz. Niyə velosiped almısınız?

- Velosiped sağlamlıqdır. Əvvəl ətraf qınadı. Amma mən fikir vermədim. Yaponiyada Baş nazir velosipedlə gəzirsə, mən də velosiped sürəndə özümü ona bənzədirəm. Avropa Şurasına girmiş demokratik ölkədə yaşayırıq. Bunun nəyi pisdir ki!

- Amma ətrafdakılar yaponlara oxşamırlar.

- Oxşamasalar da, mən irəli gedənlərin yaxşı nəyi var, onu götürməyin tərəfdarıyam. Pisi götürmək olmaz.

- Elə adam var, görürsən ətrafın fikrini nəzərə alır. Siz necə?

- Əgər ətrafdakı fikir səninkindən qüvvətlidirsə, onunla barışmaq lazımdır. Amma cılızdırsa, barışmağa dəyməz.

- Başqa adamlara da təlqin edə bildiniz velosiped sürməyi?

- Qəsəbədə bir-iki nəfər alan var artıq. Sərfəli nəqliyyatdır də. Beli götürüb torpağımı suvarmağa onunla gedirəm. Bir kənara qoyub rahat işimi görürəm, sonra da sürüb qayıdıram.

- Qürbət müəllim neçə işlə məşğul olur?

- Ticarətlə oğurluqdan başqa, nə desən bacararam. Lap sizin kimi müxbirlik də edərəm. Gözüm yeyir bu peşəni.

50 yaşını haqlamış həmsöhbətim müəllimlik oxuyub qayıdan vaxt qonşu aşağı Veysəlli kəndində ona iş verməyiblər. Deyir, əsgərlikdə bir az rus dili öyrənibmiş. Ovaxtkı «Uçitelskaya qazeta»ya yazıb, bundan sonra tez çağırıb işə götürüblər. Beş il o kənddə dərs deyib.

İmişlidə məskunlaşan Füzuli köçkünləri
Məktəbə erməni tanışlarının maşınında gedirmiş. Qarabağ problemi ilk olaraq onu bu imkandan məhrum edib. Bir il də öz kəndində dərs dedikdən sonra həyatının çadır ev, çadır məktəb dövrü başlayıb:

«Çadır bir az çox çılpaq oldu. Yəni bizim üçün çox acınacaqlı oldu. Çadırda çox adamın ürəyi partladı öldü, çoxunun başı xarab oldu. Malyariyaya tutulmuş bir neçə nəfər dərmanın dozasının düz təyin edilməməsindən öldü. O vaxt heç mən də bilmirdim malyariya nədir. Amma görəndən sonra, biologiya müəllimiyəm də, kitabı var, qoydum qabağıma tanış oldum. Xeyli adama da kömək elədim. Maşınımda səyyar laboratoriya düzüb qoşmuşdum. Yarım saata qanı götürüb müayinə edirdim cavabını verirdim, xəstə sağalırdı. Texnologiyasını bilirəm. 3-4 ay kurs keçib sertifikat da almışdım. Yəni yararlı olmuşam mən orda. Vahid Əlifoğlunun bir sözü var ey, deyir:

Şirni tapılmadı başına səpək,
Yatmış qeyrətlərin huşuna səpək,
Çadırdan çadıra gəlin köçən qız!

Vaxt olub çadırdan çadıra gəlin köçən qızların toylarını çəkdirməyə imkanları olmayıb, mən öz kameramı götürüb gedib təmənnasız çəkmişəm. Yəni belə işlər görmüşəm. Və fəxr edirəm ki, bir insan kimi orada kimin üçünsə yararlı olmuşam.

Qürbət müəllim həm də yaxşı saz çalır. Aralıda görünən kəndinin xarabalığındanmı, ya qaralan qəbiristanlıqdanmı çəkindi, bilmirəm, sazı dilləndirmədi. Amma geri qayıdanda yol boyu maşını sürərkən Arif Babayevi dinlədi:

«Əgər üz çevirib getsən uzağa,
Qalmaz aşiqində hal sənə qurban, hal sənə qurban…»

İmişlidə məskunlaşan Füzuli köçkünləri
Çadırdakılar «Qayıdış» qəsəbələrinə köçəndə Qürbət müəllim bir müddət 5-ci qəsəbədə dərs deyib. Amma sonra onu məktəbə direktor qoymadıqları üçün acıq edib 3-cü qəsəbədəki məktəbə keçib. İndi orada işləri pis getmir. Şagirdlərindən razıdır. Deyir, ümumiyyətlə o tərəflərdə hamı ona hörmətlə yanaşır. Bircə təsərrüfat qonşusundan başqa:

- Orada bir kişi var, məni bezdirib. Bütün günü malı, qoyunu yoncamın içindədir. Söz də deyəndə söyür, danlayır deyə dinmirəm. Bir arvad var, mənə ağzına gələni deyir. O gələndə qorxub qaçıram ki, məni təhqir eləməsin. İstəmirəm qıraqdan uşaqlar eşitsin. Müəlliməm axı.

- Qürbət müəllim bu işlərin axırı necə olacaq?

- Hansı işlərin?

- Elə hamısının.

- Kimin səbri varsa, o qalib gələcək.

Quruçayın bu tayındakı Şükürbəyli kəndində mobil telefon yaxşı tutmadığından arada bir danışmaq üçün ağaca dırmaşmalı olurdum. Belə məqamların birində mənə baxıb belə dedi:

– Heyf ki, kameramı götürməmişəm. Yoxsa sənin bu vəziyyətini çəkmək maraqlı olardı, çox gözəl səhnədir.

Nədənsə, mənə elə gəldi ki, sonradan Qürbət müəllim özü də kəndlərini daha yaxşı görmək üçün elə bu irigövdəli çinar ağacına dırmaşacaq. Özü də oğrun-oğrun. Şagirdləri görməsin deyə...

Qeyd: Oktyabrın 5-i Azərbaycanda Müəllim Günüdür

Şərhləri göstər

XS
SM
MD
LG