Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:57

Prezidentliyə namizədin vəkili həm də alma satır


Prezidentliyə namizəd Fuad Əliyevin vəkili Mirzəyev Fəxrəddin

Prezidentliyə namizəd Fuad Əliyevin vəkili Mirzəyev Fəxrəddin

Dinlə

Azərbaycan Liberal-Demokrat Partiyasının (ALDP) prezidentliyə namizədi Fuad Əliyevin prezident seçkisinə necə hazırlaşdığını öyrənmək üçün onun seçki qərargahına yollandıq. ALDP-dən qərargahın yerini soruşanda dedilər ki, Bayıl qəsəbəsində Nemanzadə küçəsi - 48 ünvanında yerləşir.

Ancaq Bayılı ələk-vələk etsək də, Nemanzadə-48 ünvanını tapa bilmədik. Bizə polis bələdçilik etdi. Bəlli oldu ki, deyilən ünvan Bayılda yox, 20-ci sahədədir. Qəsəbənin köhnə, uçuq-sökük, palçıqlı yollarında xeyli gəzsək də, qərargahı tapa bilmədik. Axır ki, qəsəbə sakinlərindən biri bizə ipucu verdi:

- Mən burada yaşayanam. Elə bir yer tanımıram. Ancaq burada bir alma satan var, onun vəkilidir. «Moskviç»də alma satır. Sizi onun yanına apara bilərəm.

20-ci sahənin köhnə məhəllə yeməkxanalarından birinin birinci mərtəbəsindəki nimdaş dükanında bir nəfər bizi qarşıladı. Dükanın qabağında yeşiklərdə meyvə-tərəvəz düzülüb. «Qazel» maşınında isə Quba almaları müştərilərini gözləyir:

- Mən «Azadlıq» radiosunun müxbiriyəm. Fuad Əliyevin seçki qərargahını axtarırıq, tapa bilmirik.

- Bir dəqiqə gözləyin…Biz qərargaha təzə köçmüşük, nə məsələ lazımdır, mən kömək etməyə hazıram.

Cibindən MSK-nın vəsiqəsini çıxarıb özünü təqdim edir. Prezidentliyə namizəd Fuad Əliyevin vəkili Mirzəyev Fəxrəddin. Yenə qərargahı soruşuruq. Yuxarıdakı yeməkxananı göstərib sözünə davam edir:

- Biz buranı götürmək istəyirik. Yuxarı tərəfi, ancaq onun yiyəsi burada yoxdur. Gərək danışaq, oranı götürək.

- Deməli, hələ qərargahınız yoxdur?

- Bir dəqiqə gözləyin.

Telefonla kiməsə zəng vurur:

- Qardaş «Azadlıq» radiosundan gəliblər sizi axtarırlar.
Qərargahı hələ ki, tam götürməmisiz də. Varınızdır? Hə, yaxşı, oldu. Qərargah deyir, götürmüşük ikimərtəbəli. Deyir, indi yoldayıq, özümüz gəlib söhbət edərik.

- Olarmı biz ora gedək?

- Buyurun, gedə bilərsiniz.

- Siz bizi müşayiət edə bilərsiniz?

- Bəli, mən sizi müşahidə edə bilərəm, gəlin. Ancaq Vahid müəllim o işlərə baxır. O da Qobustanda seçicilərlə görüşdədir.

- Vahid müəllimə ehtiyac yoxdur, biz ora gedə bilərik?

- Gedəyin.

Bu arada bayaqdan təəccüblə mer-meyvə satıcısının siyasi söhbətlərinə qulaq asan müştərilərdən birinin səbri daralır:

- Biz gözləyək, yoxsa gedək?

Üzrxahlıq edirəm:

- Deyəsən, sizin də alverinizə mane olduq.

- Bunun mənim alverimə heç bir maneçiliyi yoxdur.

Müştəriləri yola salıb yenə seçki söhbətinə qayıdır:

- Siz indi necə fikirləşirsiniz, Fuad Əliyevin seçkidə rəqibi kimdir?

- Əlbəttə ki, İlham Əliyev. İlham Əliyevin ümumiyyətlə rəqibi yoxdur. Azərbaycanda onun alternativini görmürəm.

- Bəs onda seçkiyə niyə gedirsiniz?

- Ona görə gedirik ki…yəni Azərbaycanda gedən ictimai-siyasi işlər, iqtisadiyyatla bağlı şəffaflıq, beynəlxalq siyasətlə bağlı hər şey göz qarşısındadır. Bütün ölkələrdə olduğu kimi, Azərbaycan da seçkiyə getməlidir.

- Deməli, siz seçkiyə yalnız seçki xatirinə gedirsiniz?

- Seçkiyə seçki xatirinə getmirik. Bizim özümüzün milli mentalitetimiz var.

Namizədin vəkili İlham Əliyevin uğurlu siyasətindən danışır və yenə bizi əmin etməyə çalışır ki, Fuad Əliyevin seçki qərargahı var:

- Yaxşı qardaş, seçkiyə çox qısa müddət qalıb, rəsmən vəkili olduğunuz Fuad Əliyevin seçki qərargahı varmı?

- Özünüz dediz də, Nemanzadə - 48.

İki saata yaxın Bayılın və 20-ci sahənin çala-çuxurlu küçələrində maşın sürməkdən bezən taksi sürücüsünün
səbrinin tükəndiyini görüb siyasi söhbətimizə son verirəm. Elə müsahibimi də xeyli müştəri gözləyir.

Şərhləri göstər

XS
SM
MD
LG