Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:12

Bakının mərkəzində «parkometr»lər quraşdırılacaq


Təxmin olunur ki, bu ilin axırına kimi Bakıda avtomobillərin sayı 1 milyona çatacaq
Təxmin olunur ki, bu ilin axırına kimi Bakıda avtomobillərin sayı 1 milyona çatacaq
«Son bir həftə ərzində - sentyabrın 20-dən 27-dək Bakıda sərnişindaşınma qaydalarının pozulması faktı ilə 316 sürücü saxlanılaraq məsuliyyətə cəlb olunub». «Azadlıq» radiosunun «Can Bakı» proqramının qonağı - Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov belə deyir.

O, əlavə edir ki, bu il 518 avtoxuliqan aşkar olunaraq, cərimələnib: «Son bir həftə ərzində 24 avtoxuliqanlıq əlamətləri ilə əhalini narahat edən sürücülər saxlanılıb».

Verilişə zəng vuran dinləyiciləri narahat edən məsələlərdən biri avtomobillərdə yüksək tonlu, müxtəlif heyvan səsləri çıxaran siqnallardır. Vaqif Əsədov bu istiqamətdə də tədbirlər gördüklərini qeyd edir:

«Belə səs siqnalları əsl faciədir. İnsanların sağlamlığına, psixikasına mənfi təsir göstərir. Bu sahədə yol polislərinin keçirdiyi reydlər saysız-hesabsızdır. Çox zaman belə əcaib səsli siqnallar məcburi açılıb, məhv edilib. Başqa sürücünü xəbərdar etmək və ya yol qəza hadisəsinin qarşısını almaq məqsədilə siqnal vermək olar. Bakının bir çox yerlərində səs siqnalının verilməsini qadağan edən yol nişanları qoyulub. Əfsuslar olsun ki, səs siqnallarına meylli sürücülər həddindən artıqdır».

Əsədovun fikrincə, bununla bağlı digər təşkilatların da məsuliyyəti var: «Yaxşı olardı ki, bu siqnalları ölkəyə gətirən və onların satışını təşkil edən aidiyyatı qurumlar də öz məsuliyyətlərini dərk etsinlər».

Vaqif Əsədov yol hərəkəti qaydalarını pozan sürücülər üzərində bir neçə ay öncə tətbiq edilən cərimələrin sərtləşdirilməsi məsələsinə də toxunub. O, dedi ki, cərimələrin artırılması yol hərəkəti qaydalarının pozulması meylliliyini aşağı salıb: «Ötən ilin müvafiq dövründə paytaxt üzrə 9879 sürücü saxlanılıb, məsuliyyətə cəlb olunmuşdusa, bu il bu rəqəm 9759-dur. Yəni, 120 fakt aşağı düşüb».

«Can Bakı»nın digər qonağı – Yol Təhlükəsizliyi və Əhalinin Maarifləndirilməsi İctimai Birliyinin sədri Aydın Xudiyev həyata keçirmək istədikləri kompleks layihələrdən söz açdı. O, dedi ki, şəhərin mərkəzi küçələrində eksperimental şəkildə bir neçə «parkometr» quraşdırılacaq. Bu «parkometr»lər pullu olacaq, qiyməti vaxta görə hesablanacaq: «Layihəni Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə həyata keçirəcəyik. İstəyirik, «parkometr»lərə Daxili İşlər Nazirliyinin əməkdaşları nəzarət etsinlər. Əgər layihə uğurlu alınsa, bunu bütün şəhər mərkəzində inkişaf etdirmək olar».

Aydın Xudiyev dövlət qurumlarına təkliflə müraciət etdiklərini də vurğuladı: «Təklif edirik ki, Prezident Aparatı və Nazirlər Kabineti yanında bir şura yaradılsın. Bu şura yol hərəkətinin qlobal problemlərini həll etsin. Təxmin olunur ki, bu ilin axırına kimi Bakıda avtomobillərin sayı 1 milyona çatacaq. Bir-iki ildən sonra Bakıda böyük problemlərlə qarşılaşa bilərik». Onun fikrincə, bu sahədə mütləq dünya təcrübəsindən yararlanmaq, sürücü və sərnişinlər üçün təmənnasız maarifçilik kursları təşkil etmək lazımdır.

Buna da bax:

XS
SM
MD
LG