Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:06

«Əlində bir çantası olur, onunla gəlir, onunla da gedir»


Qulamhüseyn Əlibəylinin seçki qərargahı
Qulamhüseyn Əlibəylinin seçki qərargahı
Dinlə

Prezidentliyə namizəd Qulamhüseyn Əlibəylinin seçki qərargahının yerləşdiyi küçəni tapsam da, ofisin özünü tapmaq müşkül oldu. Çünki mənə deyilən yerdə Q.Əlibəylinin seçki qərargahını nə tanıyan vardı, nə də haradasa bunu göstərən bir yazı. Bu üzdən də əlaqə saxladığım qərargah sədri məni kiminsə qarşılayacağını dedi.

İki otaqdan ibarət ofisdə məni qarşılayan xanımdan başqa, heç kim yox idi. Otaqdakı sakitliyi televizorun gur səsi pozurdu. Gözüm otaqda Q.Əlibəyli, onun platforması ilə bağlı bir yazı, bir əlamət axtarsa da, namizədin şkaf rəfinin bir küncünə yığılmış şəkillərindən başqa, heç nə görünmürdü. Ofisdə işləyən Xatirə Bağırovanın dediyinə görə, əslində bura seçki qərargahı deyil.

Bu iki otaq Qulamhüseyn Əlibəylinin seçki qərargahının sədri Qorxmaz İbrahimlinin rəhbərlik etdiyi QHT-nin ofisidir və bəzi hallarda seçki qərargahı kimi istifadə olunur:

- Ofisdə platforma ilə bağlı nə isə məlumat varmı?
- Heç nə yoxdur. Özü gəlir, əlində bir çantası olur, onunla gəlir, onunla da gedir. Həftədə bir dəfə gələ - gəlməyə.
- Bəs zənglər gəlirmi?
- Xeyr.
- Sizdən başqa, işçi varmı?
- Yox, mənəm bir də Qorxmaz müəllim.

Xatirə xanımın dediyinə görə, onun bundan artıq məlumatı yoxdur. Onunla bir saat dərin sükutu bölüşdükdən sonra ofisə Qulamhüseyn Əlibəylinin seçki qərargahının Mətbuat Xidmətinin rəhbəri Xanoğlan Əhmədov gəldi. O, namizədin rayonlara səfərindən çəkilən şəkilləri kompyuterin yaddaşına köçürdükdən sonra seçki təbliğatı barədə söhbətə başladı. Dedi ki, maddi imkanları aşağı olduğundan qərargah tuta bilməyiblər. Maddi vəsaiti daha çox plakatlar çap etməyə və seçicilərlə görüşə sərf etməyə üstünlük veriblər. X.Əhmədovun sözlərinə görə, Q.Əlibəyli çox vaxt səfərdə olduğundan ara-sıra ofisə gəlir və bəzən də onlar burda bir sıra işlərini koordinasiya edirlər. Bu məkanda namizədlə bağlı şəkildən başqa, heç bir məlumatın və ya hər hansı bilgini verə biləcək şəxsin olmamasını isə o belə izah etdi:

- Bayramdan sonradır da. Platformamız da var, bukletlərimiz də. Sadəcə olaraq hamısını paylamışıq.
- Kimsə zəng vurub maraqlanırmı?
- Edirlər, dünən neçə zəng olub. Yazıçılar, ziyalılar zəng edirlər. suallara cavabı telefon vasitəsi ilə axtarırlar. Görüşdən daha çox telefonla deməyi üstün tuturlar. Daha çox Qulamhüseyn müəllimin platforması və AXCP sıralarından istefa verməsi ilə maraqlanırlar.

Xanoğlan Əhmədov deyir ki, platformanın olduğu bukletdə namizədin mobil nömrəsi yazılıb, maraqlananlar zəng vurub onunla danışırlar. Seçki qərargahında keçirdiyim iki saat ərzində isə kiminsə zəng vurması, yaxud ofisə gələrək namizəd və platforması ilə maraqlandığını müşahidə etmədim.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG