Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:51

Sabitliyin Şimal variantı


Əgər Moskvanın xoş məramı olsaydı, Azərbaycanın Dağlıq Qarabağdan kənarda işğal olunmuş 7 rayonunun azad olunmasına yardım edərdi

Əgər Moskvanın xoş məramı olsaydı, Azərbaycanın Dağlıq Qarabağdan kənarda işğal olunmuş 7 rayonunun azad olunmasına yardım edərdi

Son vaxtlar xarici siyasətlə bağlı məsələlər üstünlük təşkil etməsəydi ölkənin informasiya məkanında xeyli kasadlıq olardı. Seçki ictimai marağı ödəmək iqtidarında deyil - hətta televiziyadakı siyasi diskussiyalar üçün elə vaxt seçilib ki, əhalinin əksəriyyəti bunu izləmək iqtidarında deyil. İnsanlar təkcə onu bilirlər ki, oktyabrın 15-də ölkədə prezident seçkisi olacaq.
Xarici siyasət isə başqa məsələ. Burada hələ ki problemlər olduğu kimi çatdırılır. Bu nə vaxta nə qədər davam edəcək? Bunu heç kim bilmir. Axı, xarici siyasətin də xüsusi süzgəcdən keçirildiyi vaxtları görmüşük. Adətən sovetlər vaxtı belə edilirdi. Elə bu səbəbdən insanlar daha çox «xarici səslərə» qulaq verməyə məcbur olurdular.

Xarici siyasətin də öz tapmacaları var. Sırf informasiya jurnalistikası onları açmaqda acizdir. Bu daha çox analitik jurnalistikanın predmetidir. Ölkədə prezidentin BMT-nin Baş Assambleyasında iştirak etməməsi ilə bağlı mübahisələr oldu. Buna bəraət qazandıranlar da oldu, qınayanlar da. Əgər tədbir bu qədər əhəmiyyətsiz idisə niyə görə Ukraynanın və Gürcüstanın prezidentləri burada çıxış etdilər? Bəziləri deyir ki, xarici işlər nazirinin çıxışı kifayət idi.

Amma adı çəkilən ölkələrin xarici işlər nazirləri yoxdurmu?

Hazırda Minsk Qrupu böhran keçirir. Ortalıqda Rusiya-Ermənistan-Türkiyə-Azərbaycan formatı yaranıb. Türkiyənin bölgədə fəallaşmasını hamı müdafiə edir. Amma bu, problemin həlli üçün kifayətdirmi? Daha yaxşı olmazdımı ki, problemlə bilavasitə BMT-nin özü məşğul olsun. Axı bu vaxta qədər 4 qətnamə qəbul edilib və hələ də onların heç birinə əməl olunmayıb. Əgər Moskvanın xoş məramı olsaydı, Azərbaycanın Dağlıq Qarabağdan kənarda işğal olunmuş 7 rayonunun azad olunmasına yardım edərdi.

Milyonlarla əməkçi miqrant Rusiyada çalışır, buna görə Azərbaycan Rusiyaya minnətdardır! Azərbaycan, neftini sata bilir deyə Rusiyaya minnətdardır! Bütün bunlar mövcud «balanslaşdırılmış» xarici siyasətin nəticəsidir
Gürcüstanda olduğu kimi bunlar da kənar zonalardır, onların bilavasitə münaqişə zonasına dəxli yoxdur. Hazırda Gürcüstanda bu ərazilər ABŞ-ın və Avropa Birliyinin təzyiqi ilə boşaldılır. Azərbaycanda sabitlik nə vaxt ola bilər? Qeyd olunan 7 rayon azad edilsin və münaqişə mərhələli yolla, ölkənin ərazi bütövlüyü təmin edilməklə həll edilsin. İndi isə biz «sabitliyin şimal variantı»nı yaşayırıq. Azərbaycan geniş miqyaslı hərbi əməliyyatlar yoxdur deyə Rusiyaya minnətdardır! Milyonlarla əməkçi miqrant Rusiyada çalışır, buna görə Azərbaycan Rusiyaya minnətdardır! Azərbaycan, neftini sata bilir deyə Rusiyaya minnətdardır! Bütün bunlar mövcud «balanslaşdırılmış» xarici siyasətin nəticəsidir.

Gürcüstanın da Rusiyadan asılılığı çox idi. Hətta əməkçi miqrantları var idi. Amma Gürcüstan vaxtında dərk etdi ki, bu yol uzunmüddətli, perspektivli deyil, ölkəni inkişafa aparmır. İnkişaf haradasa Rusiyadan kənardadır. «Sabitliyin şimal variantı» isə sadəcə mövcud olmaq üçün kifayətdir. Sadəcə, mövcud olmaq isə çox azdır, çox az...

Rusiyalı analitiklər əvvəllər açıq-aşkar yazırdılar ki, biz keçmiş SSRİ ərazisində sabitliyə və inkişafa yol verməyəcəyik, çünki sabitlik və inkişaf bu ölkələrin Rusiyadan uzaqlaşması deməkdir. «Dondurulmuş münaqişələr» -«sabitliyin şimal variantını»n ən yaxşı halda neytral forması belədir.

Bizim geosiyasi passivliyimizin acı nəticələri olacaq. Keçmiş SSRİ ərazisi yeni dəstək zonalarına bölünəcək. Bir vaxt Baltikyanı respublikalar seçildi. Onların SSRİ-dən ayrılması, inkişafı, NATO-ya və AB-nə daxil olması üçün hər şey edildi. Digər respublikalara isə formal yardımlar edildi. İndi SSRİ məkanı növbəti diqqət və bölgü ərəfəsindədir. Bu dəfə də Ukrayna və Gürcüstan seçiləcək. Qalanlarını sadalamağa dəyməz. Təbii ki, bu ölkələrdən təşəbbüs olsa Qərb onları da müdafiə edəcək. Amma indiki halda Qərb kimi müdafiə etsin: Belarusu , yoxsa Orta Asiyanı? Mütləq yerlərdən təşəbbüslər olmalıdır, bu ölkələr də sübut etməlidirlər ki, daha perspektivli gələcəyə layiqdirlər.

Əbədi olaraq Rusiyanın siyasi orbitində qalmaq, onun satellitinə çevrilmək- etiraf etmək lazımdır ki, bu, bir o qədər də ürəkaçan perspektiv deyil. Hətta bu, hakmiyyət naminə edilsə belə bu cür hakimiyyətin məziyyətləri adama xoş gəlmir. MDB-dən gələn seçki müşahidəçiləri haqqında eşidəndə insanlar gülüşlərini gizlədə bilmirlər. Axı bu adamların əvvəlcə özlərinə əsl demokratiya, əsl demokratik seçki göstərmək lazımdır. Harada görüblər onu bunu?

Məqalədəki fikirlər müəllifin şəxsi mulahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG