Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:02

«Azərbaycanda qocalar daha çox yükə çevrilir»


75 yaşlı Yaqub kişi deyir ki, bir vaxtlar aldığı maaşla müqayisədə təqaüdü çox azdır

75 yaşlı Yaqub kişi deyir ki, bir vaxtlar aldığı maaşla müqayisədə təqaüdü çox azdır

Dinlə

Payız yağışı Bakının küləyinə qarışıb küçələri keçilməz eləsə də, ara-sıra qocalara rast gəlirsən. Məsələn, 75 yaşlı Yaqub kişi evdən pomidor və tum almaq üçün çıxımışdı. Deyir ki, bir vaxtlar aldığı maaşla müqayisədə təqaüdü çox azdır. Amma yoldaşı ilə birlikdə ayı başa vururlar. Çünki paltar və başqa əşyalara pul verən vaxtları deyil. Aldıqlarını ərzağa verirlər. Xalidə xala isə təqaüdlə keçinə bilmədiyi üçün evlərə süd, qatıq, göyərti paylamaqla çörəkpulunu çıxardığını deyir.

Amma Yaqub kişi və Xalidə xalanın heç xəbəri yoxdur ki, oktyabrın 1-i Beynəlxalq Ahıllar Günüdür. Azərbaycanda onlar kimi ahıllar əhalinin yalnız 4 faizini təşkil edir. Lakin iqtisadçı ekspert Rövşən Ağayev deyir ki, dövlət hətta belə kiçik bir zümrənin də qayğısız yaşayışını təmin edə bilməyib:

«Təqaüd və müavinətlər elə olmalıdır ki, qocalar ailələrinin üzərində bir növ yükə çevrilməsin. Azərbaycan reallığında isə təəssüf ki, qocalar daha çox yükə çevrilir. İnsan yaşlaşdıqca onun qayğıları, səhiyyə xarcləri də artır. Amma bugünkü 75 manat bir insanın minimum qidalanmasına da imkan vermir».

Milli Məclisin Sosial Siyasət Daimi Komissiyasının sədri Hadı Rəcəbli isə deyir ki, hökumət qanunun ahıl hesab etdiyi, yəni yaşı qadınlar üçün 65-i, kişilər üçünsə 70-i keçənlərin qayğısına qalır:

«Bu yaxınlarda prezident sərəncamları ilə təqaüdlər, müavinətlər artırıldı. Bizdə qocalığa görə də müavinət verilir. Qocalar Evində qalanlar orada dövlət hesabına yaşasalar da, həm də təqaüdlərini 100 faiz alırlar. Onların da müavinətləri bu yaxınlarda 25 faiz artdı».

H.Rəcəbli ahılların sosial müdafiəsinin eyni adlı qanunla tənzimləndiyini deyir. İqtisadçı ekspert Rövşən Ağayev də qanundan razıdır. Amma deyir ki, qanunda göstərilənlərin tətbiqi ürəkaçan deyil.

Əslində, Bakı küçələrində dilənməklə, xırda alverlə çörəkpulunu çıxarmağa çalışan ahıllar elə bu qanundan, onun tətbiqindəki problemlərdən də xəbərsizdirlər. Bunu öyrənmək üçün küçəyə çıxıb onlarla söhbətləşmək kifayətdir. Bakının «Torqovı» adlanan mərkəzi hissəsində, yağışın altında rastlaşdığım adam belə ahıllardandır:

- Salam, adınız nədir?
- Məhəmməd.
- Neçə yaşınız var?
- 71.
- Məhəmməd kişi, bu yağışda küçəyə sıxıb insanlardan pul dilənməyinizə səbəb nədir?
- Ehtiyacım var. Ehtiycım olmasaydı, bu gün heç evdən çıxmazdım.
- Təqaüd alırsınız?
- Alıram. Amma heç kommunal xərclərə və dərmana çatmır. Dükana da gedirsən hər şey od qiymətinədir. Hər gün də qiymətlər dəyişir.
- Dükana gedəndə nə alırsınız?
- Çörək, paraşok, sabun, «qalinablanka», vermeşil, makaron, «qreçka».
- Ət demədiniz.
- Ətdi, yağdı onların adını day dil də tutmur. Onlar lap bahadı, ala bilmirik.
- Toyuq necə?
- Toyuq da bahadır.
- Son dəfə nə vaxt balıq əti yemisiniz?
- Sözün düzü, yadımdan çıxıb.
- Bakı dəniz kənarındadır ona görə soruşuram.
- Onu biz ala bilmərik a bala. Bizim kimi adamların yeməyi deyil o.
- Ayın əvvəli təqaüd alırsınız, neçə gün gedir?
- O günə bağlı deyil. Baxır, necə qənaət edirsən.
- Qənaət eləmək olur?
- Qarına necə qənaət edəsən. Ac qala bilmirsən axı.
- Ayağınızı niyə kəsiblər.
-«Qanqrena» olmuşdu, kəsdilər.
- Yoldaşınızın səhhəti necədir?
- O da xəstədir.
- Dərmanı necə çatdırırsınız?
- Necə çatdıracam zülümlə. Bir xəstənin dərmanı 60-70 «Şirvan»a gəlib çıxır.
- Evdə şəraitiniz necədir?
-Şərait yoxdur.
- Bu Qocalar Evi deyirlər, nə yaxşı ora getmirsiniz?
- Mən uşaqlarımı qoyub necə gedim Qocalar Evinə ay Allahına qurban olum. Bəs onların tərbiyəsi nə olsun.
- Necə fikirləşirsiniz, vəziyyət belə gedəcək, yoxsa düzələcək?
- Elə belə getsə düzələcək.

…Məhəmməd kişi isə cavanlıqda ticarət işçisi olub. Deyir ki, dolanışığı pis deyilmiş. Onunla söhbətləşdiyimiz vaxt bizə iki gənc qız yaxınlaşdı. Keçmiş qonşuları idi. Qızlarla söhbət edəndə Məhəmməd kişi kənardan halına acıyıb ona pul uzadanları görməməzliyə vururdu. Özünü elə göstərirdi ki, guya adamlar onu sadəcə kiminləsə səhv salıblar. Bir azdan qızlar sağollaşıb aralandılar. Məhəmməd kişi yenə də işə başladı. Yağış getdikcə güclənirdi.

Milli Məclisin Sosial Siyasət Daimi Komissiyasının sədri Hadı Rəcəbli deyir ki, hazırda ahıllar evində cəmi 400-ə yaxın adam yaşyır. Onun fikrincə, Azərbaycanda da özəl ahıllar evləri yaradılmalıdır. Özü də bu evlər düşünüldüyü kimi ahılların yalnız maddi sətinlikdən üz tutduqları məkan kimi yox, həm də mənəvi ehtiyacların ödəndiyi yer kimi qəbul olunmalıdır. Belə olsa ora kasıblarla yanaşı imkanlı qocalar da gedəcək. Bu təcrübə dünyada özünü doğruldub.

Şərhləri göstər

XS
SM
MD
LG