Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:56
Dinlə

Bu həftə Cənubi Qafqaz beynəlxalq diplomatiyanın diqqət mərkəzinə çıxıb. «Azadlıq» radiosunun Brüssel müxbiri Ahto Lobyakas yazır ki, ola bilər eyni vaxtda fəallaşan Birləşmiş Ştatlarla Avropa Birliyi (AB) öz aralarında vəzifələri hətta bölüblər. AB-nin 340 nəfərlik missiyası Tbilisiyə gəlib ki, Rusiya-Gürcüstan münaqişəsi ilə bağlı yaranmış vəziyyəti monitorinq etsin. Belə görünür, Avropa Birliyinin son məqsədi Rusiya qoşunlarının Gürcüstandan tamamilə çıxmasına nail olmaqdır.

AB-nin xarici siyasət rəhbəri Xavyer Solana deyir:

«Mən çox ümid edirəm ki, oktyabrın 10-na Rusiya qoşunları Gürcüstandan çıxacaq. Bu, bizim məqsədimizdir və bunun həyata keçirildiyini görsək çox şad olarıq».

Gürcüstandan bir az kənarda duran ABŞ isə öz diplomatik fəallığını Azərbaycana yönəldib və vitse-prezident Dik Çeyninin səfərindən çox keçməmiş Dövlət katibinin müavini Con Neqroponteni Azərbaycana göndərib.

«Azadlıq» radiosunun Brüssel müxbiri Lobyakas yazır ki, məlumatlara görə, sentybarın əvvəlində Bakıya gələn Çeynini Azərbaycanda soyuq qarşılayıblar.

Bakıdakı Qərb diplomatları deyirlər ki, neft və qazın qiymətinin qalxmasından varlanan Azərbaycan indi özünə daha arxayındır. Digər tərəfdən, Azərbaycan hazırda Xəzər neftini və qazını Avropaya çatdıracaq yeganə ağlabatan qeyri-Rusiya yoludur. Azərbaycansız «Nabucco» layihəsi baş tutan deyil.

«Azadlıq» radiosunun Brüssel müxbiri Ahto Lobyakas Əfqanıstanda, fevral 2007
Rusiya-Gürcüstan münaqişəsindən sonra Azərbaycan və Ermənistan gözləmə mövqeyi tutublar. Ermənistana Rusiyadan gələn yeganə yol Gürcüstandan keçir və Yerevan Tbilisi ilə münasibətləri korlamaq istəmir. Elə buna görə Yerevan Rusiyanın qəzəbinə gələ bilər.

Yerevanın Türkiyə ilə münasibətləri normallaşdırmaq istiqamətində son fəallığının bir əsas səbəbi odur ki, Gürcüstan-Rusiya münaqişəsi Ermənistanın regionda təcridini gücləndirib. Və Yerevan Ankara vasitəsilə öz təcridini yüngülləşdirmək istəyir. Ancaq bu, baş tutacaqmı? Lobyakas yazır ki, məsələn, Ermənistan Türkiyə ilə dəmiryolunu işə salmaq istəyir. Ancaq həmin dəmiryolu Rusiya şirkətinin əlindədir və Moskva bu dəmiryolu ilə bağlı bütün cəhdlərin qarşısını alır.

Gürcüstana təcavüz edən, Ermənistanı nəzarət altında saxlayan Rusiya Bakıya da təzyiq edir. Moskva Bakıya təklif edib ki, qazını Rusiyaya satsın. Azərbaycan imtina etsə, onda nə olacaq? Məlumatlar var ki, Azərbaycanın şimalında - Dağıstanla sərhəddə Rusiya pasportları alanlar var. Bu, nə qədər ciddidir, hələ demək olmaz, ancaq vaxtilə Cənubi Osetiya və Abxaziya əhalisi Rusiyadan pasport alanda da buna əhəmiyyət verən yox idi.

Şərhləri göstər

XS
SM
MD
LG