Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:12

«Zaqatalada elə bir xof yaradılıb ki…»


Zaqatala sakinləri yeddi namizəddən yalnız ikisini tanıyır
Zaqatala sakinləri yeddi namizəddən yalnız ikisini tanıyır
«Seçkiyə getməyəcəm. Heç kimə də səs verməyəcəm. Həyat şəraitimdən razı deyiləm. Namizədlər vəd verirlər, amma indiyə kimi bu vədlərə əməl olunmayıb...»
Bunu Zaqatala sakini, vaxtilə mühasib işləmiş, indi isə işsiz olan Ziyafət xanım deyir. O bildirir ki, ailəsinin üç ali savadlı üzvündən heç biri iş tapıb işləyə bilmir və üz tutduqları yerlərdə də onlardan rüşvət istəyirlər. Elə buna görə də güvənmədiyi ölkənin seçkisində də iştirak etmək istəmir. Rayonun söhbət etdiyim digər sakinlərinin fikirləri isə belə oldu:
- Yox, mən seçkiyə getməyəcəm. Hökumətə qarşı inamım yoxdur.
- Mən istəyirəm İlham Əliyev böyüyümüz olsun. Təqaüd də verir, yaxşı adamdır.
- Seçkiyə getməyəcəm. Ailə vəziyyətimiz çətindir, bizimlə maraqlanan yoxdur.
- Seçkiyə gedəcəyəm, özüm də İlham Əliyevə səs verəcəyəm. Çünki onu çox bəyənirəm, təqaüdləri artırıb.
- Seçkiyə getməyəcəm. Çünki Azərbaycandakı həyat şəraitindən xoşum gəlmir. Həyat yaxşı olsa idi, Azərbaycan vətəndaşları Rusiyada yaşamazdılar.
Müsavat Partiyası Zaqatala təşkilatının sədri Saleh Sultanov deyir ki, rayonda seçki əhval-ruhiyyəsi ümumiyyətlə yoxdur:
«İnsanlar seçkiyə ümidlərini itiriblər. Seçki lövhələrində İlham Əliyevdən başqa heç kimin şəklini görmək mümkün deyil. Son günlər YAP-ın qərargahında o biri namizədlərin şəkillərini paylamaqla məşğuldurlar. Çünki müxtəlif yerlərdən beynəlxalq müşahidəçilər gəlir. Onların gözünə nə isə görsənməlidir axı».
Boykot mitinqinə gəlincə, S.Sultanov deyir ki, bununla bağlı rayon icra hakimiyyətinə müraciət edilsə, onlara həmişəki yeri göstərəcəklər. Bu yer Zaqatala və Balakənin arasında yerləşən tikiş fabrikinin həyətidir və ora əhalini toplamaq mümkün olmur.
«Ümid» Partiyasının Zaqatala təşkilatının sədri Valeh Məmmədov isə deyir ki, əhalinin təhlükəsizliyi baxımından mitinq taktikasını bu rayonda reallaşdırmaq mümkün deyil:
«Zaqatalada elə bir xof yaradılıb ki…Deyiblər ki, müxalifət adamları ilə söhbət etməyin. İnsanlar canı, qanı, ürəyi ilə bizimlədir, amma gəlib gündüz vaxtı bizimlə söhbət etməyə çəkinirlər. Ona görə ki, ardınca polis, prokuror, bələdiyyə, icra çağırır ki, birdə belə bir şey olsa, haqqınızda ölçü götürüləcək».
Yeni Azərbaycan Partiyasının Zaqatala təşkilatının sədri Habil Qurbanov isə rayonda seçkiyə çox yüksək hazırlıq getdiyini bildirir. O, seçki lövhələrinə digər namizədlərin şəkillərini vuracaqları barədə fikirlərin yanlış olduğunu deyir:
«Bəs bizim nüfuzumuz, hörmətimiz? Bu, yalandır».
H.Qurbanov bütün namizədlərə bərabər şərait yaradıldığını və hər kəsin şəklinin lövhələrdə yer aldığını desə də, rayonun mərkəzi küçə və meydanlarında İlham Əliyev və bəzi yerlərdə İqbal Ağazadədən başqa digər heç bir namizədin şəkli gözə dəymirdi . Bəlkə də elə bu səbəbdən də Zaqatala sakinləri yeddi namizəddən yalnız ikisini tanıyır:
- İlham Əliyev və İqbal Ağazadəni tanıyıram.
- Mən bilən İlham Əliyevdən başqa iki namizəd var.
- Heç kimi tanımıram, maraqlı deyil mənə.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG