Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:21

Psixoanalitik: «Bayram anlayışını dəyişməliyik»


Novruz Novruzov və Elmir Əkbər
Novruz Novruzov və Elmir Əkbər
«İstənilən bayramın əsas hissəsi metafizik duyğular, yaşantılardan ibarətdir. Amma heç də hamı sırf maddi tələbatını ödəmədən o duyğuları yaşamağa keçə bilmir».

Psixoanalitik Elmir Əkbər «Azadlıq» radiosunun «Can Bakı» proqramına belə deyib. Onun fikrincə, Azərbaycanda əhalinin böyük hissəsi daha əvvəlki kimi, bayram süfrəsi aça bilmir. Çünki maddi imkanları buna yol vermir. Odur ki, insanlar artıq bayram anlayışını qavramağı dəyişməyi bacarmalıdırlar:

«İndiyədək bizim üçün bayram fərqli süfrə, fərqli qidalanma və zənginlik nümunəsi olub. İndi artıq bu anlayışı dəyişməliyik».

Elmir Əkbər onu da etiraf edir ki, bayram duyğusu insandan ayrılmayan bir hisdir:

«Götürək, elə Ramazan bayramında qədr gecəsini. İnsanların səhərə kimi oyaq qalması, müxtəlif rituallar, ayinlər həyata keçirməsi ürəkdən gələn yaşantılardır. Bu psixikanı dəyişmək çox çətindir».

«Can Bakı»nın digər qonağı - «Savalan» qrupunun solisti Novruz Novruzov isə 2000-ci ildən fəaliyyət göstərdiklərini deyir. Bu illər ərzində repertuarlarını zənginləşdirsələr də, albom buraxa bilməyiblər. Heç fəxri adları da yoxdur:

«Əslində, fəxri adın tam əleyhinəyəm. Önəmlisi odur ki, sən hansı formada, hansı kütlə tərəfindən qəbul olunursan. Yəni, məni xalq qəbul edir, sənəd üstündə yazılan ad isə vacib deyil. Amma bu adı mənə verərlərsə, təşəkkür edərəm».

N.Novruzov «Savalan» qrupunun müxtəlif festivallarda Azərbaycanı layiqincə təmsil etdiyini, yaxın aylarda növbəti qastrol səfərlərinə çıxacaqlarını deyir.

Buna da bax:

XS
SM
MD
LG