Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:55

Lukaşenko Naxçıvandan gətirilən bronejiletdə gəzirdi


Syargey Navumçık
Syargey Navumçık
Syargey Navumçık - 1990-1996-cı illərdə Belarus parlamentinin deputatı, Belarus Xalq Cəbhəsinin sədr müavini olub. Jurnalistdir. 90-cı illərin sonunda Belarusdan mühacirət edib. Hazırda «Azadlıq» radiosu Belarus xidmətində redaktor vəzifəsində çalışır. 1992-ci ilin yayında Azərbaycanda prezident seçkilərini müşahidə etmək üçün Belarus parlamenti tərəfindən Bakıya ezam olunub. Seçkiləri Naxçıvanda müşahidə edib. O vaxt Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevlə də görüşüb. Bizimlə müsahibədə Naxçıvan səfərini xatırlayır.

- Syargey, Azərbaycandakı prezident seçkilərinə olan marağınız haradan yarandı?

- 1992-ci ilin iyununda Belarusun Ali Sovetinə Bakıdan, Milli Məclisdən teleqram daxil oldu. Teleqramda deyilirdi ki, Azərbaycan Milli Məclisi Belarusun 2 millət vəkilini müşahidəçi qismində Azərbaycandakı prezident seçkilərinə dəvət edir. SSRİ-nin yenicə dağıldığı vaxtlar idi, bizim ölkələrin beynəlxalq əlaqələri çox zəif idi. Diplomatik əlaqələr hələ qurulmamışdı və əslində biz bəlkə də belə yüksək səviyyədə Azərbaycana səfər edən ilk Belarus rəsmiləri idik. Mənə bu təklifi verəndə qəbul etdim, mən və bir başqa deputat - Viktor Kuçinski getməli olduq. Ali Sovetin Prezidiumunun iclasında (o vaxt Belarusda hələ prezident vəzifəsi yox idi, ölkənin başçısı Ali Sovetin sədri sayılırdı) sədr Stanislav Şuşkeviç bizim namizədliyimizi səsə qoydu, Prezidium üzvləri yekdilliklə səs verib bizə müşahidəçi səlahiyyəti verdilər. İclasdan sonra mən Şuşkeviçə yaxınlaşıb soruşdum ki, bəlkə bizə tövsiyələri var. Mənə cavab verdi ki, tövsiyələri yoxdur, amma əlavə etdi ki, mənim yerimə olsaydı, bu səfərə getməzdi. Təəccüblənib soruşdum ki, niyə? Cavab verdi ki, Azərbaycanda «qaynar nöqtələr» var, müharibə gedir. O, çox emosional adam idi, onun bu cavabına təəccüblənmək lazım gəlmirdi. Amma bundan dərhal sonra bizim ovaxtkı Xarici İşlər naziri Pyotr Kravçenko mənə yaxınlaşıb bildirdi ki, bircə xahişi var – özümü qoruyum və sağ-salamat geri qayıdım. Biz bilirdik ki, Azərbaycanda Dağlıq Qarabağ uğrunda müharibə gedir, amma bu bizi qorxutmurdu - hər ikimiz zabit idik. Bizə maraqlı idi ki, Azərbaycanda demokratiya quruculuğu necə gedir.

- Bəs Naxçıvanı seçməyiniz necə baş verdi?

- Bakıda bizi qarşılayıb birbaşa Ali Sovetə apardılar. Burada bizi Ali Sovet sədrinin müavini Cəlilov çox səmimi qəbul edib gəldiyimizə görə təşəkkürünü bildirdi.

Bizdən soruşdu ki, seçkiləri Azərbaycanın hansı bölgəsində müşahidə etmək istəyirik. Soruşduq ki, sizin təklifiniz nədir. Cavab verdi ki, istəsək Bakıda da qala bilərik, amma Bakıda artıq kifayət qədər müşahidəçi var və təklif elədi ki, o özü Naxçıvandandır, əgər ora getsək yaxşı olar. Əlavə etdi ki, Naxçıvana Ermənistanın üzərindən uçmaq lazım gəlir və ora təhlükəli bölgə sayılır. Təhlükə bizi, əksinə, özünə cəlb edirdi, ona görə dedik ki, əla – biz Naxçıvanı seçirik. Əlbəttə, Bakı gözəl şəhər idi. Amma istəmirdik ki, Bakıda qalmaqla özümüzü turist kimi hiss edək. Artıq bir gün sonra Naxçıvana yola düşdük.

- Naxçıvanda Sizi necə qarşıladılar?

- Naxçıvan aeroportunda bizi Naxçıvan Ali Məclisinin nümayəndələri və rus ordusunun Naxçıvanda yerləşən diviziyasının komandiri, general Sloboşeviç qarşıladı. General bizə dedi ki, rus ordusunun generalı olsa da, əslən belarusdur. Sloboşeviç bildirdi ki, onun hərbi hissəsində belarus millətindən olan çoxlu zabit var və bizim gəlişimiz lap yerinə düşüb. Çünki onun hərbi hissəsini Naxçıvandan çıxarırlar və biz belarus zabitlərinin Belarusa qayıtmasına kömək etməliyik. Belə ki, hərbi hissəni harasa uzaq Sibirə aparmaq istəyirdilər. General zarafatla dedi ki, bu məsələni həll etməyincə bizi girov saxlayacaq.

Biz diviziyaya, onun kabinetinə getdik. General Naxçıvan Daxili İşlər naziri polkovnik Məmmədovu dəvət etdi. Məmmədov xəritəni açıb bizi Naxçıvandakı vəziyyətlə ətraflı tanış etdi.

Bundan əvvəl isə Naxçıvan Ali Məclisinin deputatları ilə görüşdük, onlar bizə dedilər ki, istədiyimiz seçki məntəqəsinə gedib seçkiləri müşahidə edə bilərik.

Bizi dəbdəbəli bir evdə yerləşdirdilər. Təxmin edirəm ki, ora ya hökumətin qonaq evi idi, ya da vaxtilə vilayət partiya komitəsinin sədri burada yaşayırdı. Çox təmtəraqlı şəraiti var idi.

Naxçıvan Xalq Cəbhəsindən də bizimlə görüşmək istədiklərini dedilər. Biz bu təklifi qəbul edib Naxçıvan cəbhəçiləri ilə görüşə getdik. Cəbhəçilər bizdən soruşdular ki, Belarusda vəziyyət necədir. Mən cavab verdim ki, vəziyyət çox ağırdır. Biz müxalifət kimi kommunistlərlə mübarizə aparırıq. İstəyirik ki, Belarusun öz milli ordusu yaransın, milli pul vahidinə keçək, Moskvanın təsiri altından çıxaq. Lakin AXC fəalları mənə deyəndə ki, onlar da Azərbaycanın ərazi bütövlüyünü qorumağa çalışırlar, mən hətta vicdan əzabı çəkdim, dərk elədim ki, Azərbaycandakı vəziyyət bizimlə müqayisəyə gəlməz, qat-qat ağır idi.

- Heydər Əliyevlə görüşünüz nəzərdə tutulurdumu?

- Biz general Sloboşeviçin yanında olanda bizdən soruşdu – Heydər Əliyevlə görüşmək istərdinizmi? Dedi ki, o indi Türkiyədədir, amma özündən soruşmaq olar. Xüsusi rabitə vasitəsilə Heydər Əliyevlə danışdı və bildirdi ki, Belarus parlamentinin nümayəndələri gəlib. Heydər Əliyev dedi ki, Türkiyədəki səfərini qısalda, sabaha və ya birisi günə Naxçıvana qayıda bilər və bizdən onu gözləməyi xahiş etdi.

Bu, bizi təəccübləndirdi. Bir tərəfdən bu görüş planlaşdırılmamışdı. Digər tərəfdən Heydər Əliyev Azərbaycan «DTK»sının sədri, Kommunist Partiyasının birinci katibi olub, Sov.İKP Siyasi Bürosuna daxil olub, bir sözlə, bizim kimi deputatlardan yüzlərlə görüb, öz səfərini niyə qısaltsın ki... Biz əlbəttə razı olduq.

Naxçıvandakı seçkiləri müşahidə etməyə başladıq. Seçkilər bizə normal göründü, hər-hansı pozuntu ilə rastlaşmadıq. Adamlardan soruşurduq ki, kimə səs verirsiniz, sizə hər hansı təzyiq varmı və sair. Hamı cavab verirdi ki, Elçibəyə səs veriblər. Hiss olunurdu ki, Elçibəy bu seçkilərin qalibidir.

Sonra isə Əliyev Türkiyədən qayıtdı və bizim bu görüşümüz baş tutdu. Görüşümüz Naxçıvan Ali Məclisinin binasında idi. Bizi ora general Sloboşeviç apardı, amma özü bu görüşdə iştirak etmədi. Ali Məclisin binası mənim diqqətimi cəlb elədi. Tipik sovet tikilisi idi – daha çox raykom binasını xatırladırdı, nəinki vilayət miqyaslı bir binanı. Əsl kənd mənzərəsi idi, bunu yekəxanalıq kimi demirəm, mənim valideynlərim kənddəndirlər – sadəcə səhnənin təbiiliyi xatirəmdə qalıb.

Görüşdə bizdən başqa mətbuat xidmətindən bir xanım da iştirak edirdi. Söhbətimizi videolentə aldılar və sonra Naxçıvanı tərk edəndə, hərəmizə videonun surəti olan bir kaset verdilər.

- Bəs bu görüşü necə xatırlayırsınız?


- Əliyev o zaman Naxçıvan Ali Məclisinin sədri idi. Onunla görüşmək mənə iki səbəbdən maraqlı idi. Bir tərəfdən, Muxtar Respublikanın rəhbəri kimi o respublikadakı vəziyyəti yəqin ki, hamıdan yaxşı bilirdi. Digər tərəfdən isə, söhbət elə bir adamdan gedirdi ki, necə deyim, vaxtilə biz bu adamın portretlərini əlimizdə daşıyırdıq, belə bir adama yüz addımdan yaxın düşmək qeyri-mümkün idi. Elə bir adam ki, vaxtilə bütöv bir respublikanın taleyini həll edirdi, sonra isə nəhəng bir ölkənin rəhbərliyini həyata keçirənlərdən biri idi. Maraqlı idi, görəsən, bu adam indi necə təəssürat yaradır? Həm də, maraqlı idi ki, öz siyasi karyerasının zirvəsinə çatan bu adam – ona görə zirvə deyirəm ki, Stalindən sonra sovet rəhbərliyinin lap zirvəsinə yalnız milliyətcə rus olanları buraxmaq qərara alınmışdı - azərbaycanlıya, gürcüyə, belarusa və s. milli azlığa belə bir vəzifəyə yol bağlı idi. Odur ki, milli azlıq kimi Heydər Əliyev əldə edilə biləcək ən yüksək zirvəyə qalxa bilmişdi. O adi əməliyyat müvəkkilindən «DTK»nın sədri vəzifəsinə, partiya funksionerindən Siyasi Büronun üzvlüyünə qədər qalxa bilmişdi. Mənə maraqlı idi ki, öz siyasi ambisiyasını tamamilə ödəmiş belə bir adamı əldən-ayaqdan uzaq bir əyalətə gətirən nə idi.

Bundan başqa, mən siyasətə antikommunizm dalğasında gələn bir adam idim, bütün siyasi fəaliyyətim məhz Heydər Əliyevin təmsil etdiyi bir ideologiyaya müxalif olmaqdan ibarət idi. Başqa düşərgənin adamı kimi onun nə düşündüyü də mənə maraqlı idi. Hərçənd ki, yaranmış vəziyyətdə Heydər Əliyev ideologiyanı deyil, konkret bir inzibati ərazini təmsil edirdi.

- Əliyevlə görüş onun haqqında olan təsəvvürlərinizi dəyişdimi?


- Görüşümüz bir saata yaxın davam etdi. Biz səfərimizin məqsədi haqda qısa məlumat verəndən sonra Əliyev seçkilər haqqında danışdı, səsvermənin demokratik olduğunu, hakimiyyətin prosesə qarışmadığını dedi – bir sözlə, rəsmi bir şəxs üçün zəruri olan formallığa riayət etdi.

Sonra söhbət regiondakı vəziyyətdən düşdü və Heydər Əliyev bir-necə dəqiqə ərzində regiondakı geosiyasi vəziyyətin, Rusiya, Türkiyə və Qərbin maraqları kəsişməsində qalan Azərbaycanın vəziyyəti haqda, buradakı qüvvələr nisbətinin çox dərin təsvirini verdi. Hər halda məni təəccübləndirən o oldu ki, belə dərin təhlili bizim parlamentdə olan kommunist deputatlardan eşidə bilməzdin. Onlarda ümumiyyətlə hadisələrə geosiyasi kontekstdən baxmaq vərdişi yox idi. Əliyev isə məhz belə geniş baxırdı vəziyyətə. O dedi ki, Elçibəy çox güman prezident seçiləcək, lakin gizlətmirdi ki, Azərbaycanın durumu geosiyasi baxımdan mürəkkəbdir. Həm də ümid elədiyini dedi ki, Elçibəyin prezidentliyi xalqa xeyir gətirəcək.

Mən ondan soruşdum ki, onu Moskvadan bura gətirən nədir? Cavab verdi ki, sadəcə olaraq yerlilərim məndən xahiş etdilər ki, gəlim. Heç bir maddi marağım yoxdur, dedi ki, bacımın yanında yaşayıram, bura mənim doğma vətənimdir və əgər xalq xahiş edirsə, öz yerlilərimə kömək etmək üçün əlindən gələni əsirgəməyəcək.

Biz başqa məsələlərdən də danışdıq. O, Belarusun Baş katibi olan, 1980-ci ildə avtomobil qəzasında həlak olan Maşerovu xatırladı. Onun haqqında hörmətlə danışdı.

Öz növbəmizdə biz də Belarus haqqında danışdıq, iqtidar-müxalifət münasibətləri haqda məlumat verdik. Mən dedim ki, parlamentdə müxalifəti təmsil edirəm. Əliyev cəmiyyətdə müxalifətin varlığını zəruri saydığını dedi.

- Naxçıvan səfərindən suvenir kimi nə isə əldə edə bildinizmi?

- Naxçıvandan qayıdanda mənə və Viktor Kuçinskiyə hərəmizə bir bronejilet hədiyyə etdilər. İki ildən sonra Belarusda prezident seçkiləri keçiriləndə namizədlərdən biri Aleksandr Lukaşenko idi. Naxçıvan səfərində mənim yoldaşım olan Viktor Kuçinski isə onun vəkili idi, Lukaşenkonu daim müşayiət edirdi. Lukaşenko Naxçıvandan gətirilən bronejiletdə gəzirdi. Mənim gətirdiyim hədiyyəyə isə tətbiq yeri tapılmadı. Mən onu Belarus Xalq Cəbhəsinin sədri Pozdnyaka təklif etsəm də, boyun qaçırdı.
XS
SM
MD
LG