Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:35

«Hələ bunun qabağı qışa gedir…»


«Ölkənin bir çox yerlərində əhali 220 voltluq enerji almır»

«Ölkənin bir çox yerlərində əhali 220 voltluq enerji almır»

Dinlə

«Ötən həftənin şənbə və bazar günləri işığımız olmayıb. Bina evidir, «otopleniya» da yoxdur ki, evi isidək. Məcburuq «plitka» yandıraq. İşıq da olmayanda bilmirsən nəylə isidəsən evi. Hələ bunun qabağı qışa gedir…»

Svetlana Mehdiyeva Bakı qəsəbələrinin birində yaşayır. Deyir ki, ötən ilin qış aylarında elektrik enerjisinin verilməsində tez-tez fasilələr olub.

«Bakıelektrikşəbəkə» Səhmdar Cəmiyyətinin sözçüsü Tanrıverdi Mustafayev payız-qış aylarında əhalinin enerjiyə tələbatının artacağını istisna etmir, amma deyir ki, onlar camaatın fasiləsiz işıqla təmin olunmasına çalışırlar. Bütün yayı yarımstansiyalarda yenidənqurma işləri aparıblar:

«Xüsusilə bu il çox ciddi hazırlaşırıq. Ancaq hardasa problem varsa, deməli, yüklənmə nəticəsində yaranıb».

T.Mustafayev onu da deyir ki, ötən həftə Bakının bəzi ərazilərində işığın fasilələrlə verilməsinin səbəbi təmir işləriylə bağlı olub. Elektrik enerji təchizatında problem olmadığını deyən «Bakıelektrikşəbəkə»nin sözçüsü bununla belə abonentlərə qənaətcil olmağı məsləhət görür.

Amma soyuq aylarda işığın fasilələrlə verilməsinə təkcə paytaxtda yox, ölkənin bəzi ucqar rayonlarında, kəndlərində də rast gəlinir. Məsələn, Ağdamın Çəmənli kəndinin sakini Vaqif Məmmədov deyir ki, işıqlar gecə saat 1-dən səhər saat 5-ə kimi söndürülür. Amma onun sözlərinə görə, elektrik enerjisinin qiyməti qalxandan sonra kənd camaatı evi odunla isidir:

«Odun ucuz başa gəlir. İşıqda da gündüzlər fasilə olur. Amma indi yaxşıdır, əvvəllər fasilə daha çox olurdu».

«Azərenerji» Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti Marlen Əsgərov isə deyir ki, elektrik enerjisinin verilməsində fasilələr artıq aradan qaldırılıb:

«O fasilə deyil, yağışdan-küləkdən ola bilər. İşıq problemi yoxdur. Qışa tam hazırıq. İki yarımstansiyanı da ilin sonuna kimi təhvil verəcəyik . Biri Sumqayıtda, digəri Səngəçalda».

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin əməkdaşı Rövşən Ağayev isə hesab edir ki, qışa hazırlıqla bağlı verilən bəyanatlar gözdənpərdə asmaq üçündür:

«Ötən il Qaradağ rayonunda prezidentin müşavirəsində «Bakıelektrikşəbəkə»nin rəhbəri Baba Rzayev dedi ki, qışda heç bir problem olmayacaq. Amma qışın ortasında Qaradağın qəsəbələrində problemlər yarandı. Heç kim izah vermədi ki, niyə belə oldu».

R.Ağayev deyir ki, Gəncə-Qazax və Lənkəran rayonlarında aparılan tədqiqatlar adambaşına düşən elektrik enerjisinin minimum normativdən, yəni 50 kilovatsaatdan aşağı olduğunu göstərib:

«Adambaşına 40-45 kilovatsaat düşüb. Normal enerji təchizatının olmaması ölkədə həm də yoxsulluğun göstəricilərindən biridir».

Ekspert diqqəti həm də enerjinin keyfiyyətinə çəkir. O deyir ki, ölkənin bir çox yerlərində əhali 220 voltluq enerji almır. İqtisadçı bunda korrupsiya meylləri görsə də, söhbət etdiyim rəsmilər ölkənin hər yerinə 220 voltluq elektrik enerjisi verildiyini deyirlər.

Rövşən Ağayev hesab edir ki, həm paytaxt, həm də əyalət sakinləri bu qışda da keyfiyyətli, fasiləsiz elektrik enerjisi almayacaqlar.
XS
SM
MD
LG