Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:19

Bakıda nə qədər insan var?


2008-ci ilin iyul ayına olan rəsmi məlumata görə, Bakının daimi qeydiyyatda olan əhalisinin sayı 2 milyona yaxındır
2008-ci ilin iyul ayına olan rəsmi məlumata görə, Bakının daimi qeydiyyatda olan əhalisinin sayı 2 milyona yaxındır
Dinlə

2008-ci ilin iyul ayına olan rəsmi məlumata görə, Bakının daimi qeydiyyatda olan əhalisinin sayı 2 milyona yaxındır (1milyon 929 min nəfər). Həmçinin paytaxtda 270 minə yaxın qaçqın və məcburi köçkün məskunlaşıb. Dövlət Statistika Komitəsindən (DSK) bildirirlər ki, 1999-cu ildə aparılan ümumi siyahıyaalmanın nəticələrinə əsaslanaraq hər il paytaxta qeydiyyata düşənlərin və çıxanların, doğulanların və vəfat edənlərin hesabı aparılır. Bununla da illik göstərici müəyyən edilir. Hazırda qaçqın və məcburi köçkünlər də daxil olmaqla Bakıda 2 milyon 200 minə qədər əhali var.
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Dünya Bankı ilə birgə «Böyük Bakının regional inkişaf layihəsi» üzərində işləyir. Həmin layihənin meneceri Fuad Cəfərli bildirir ki, onlar paytaxtda əhalinin sayı və sıxlığını müəyyənləşdirməklə məşğuldurlar. Müxtəlif üsullarla aparılan ilkin tədqiqatlar göstərir ki, hazırda Bakı əhalisinin sayı 3 milyona çatmır:
«Bakıda əhalinin sayı təxminən 2,5- 2,7 milyon nəfər çərçivəsindədir.Dəqiq rəqəmlər əldə etmək üçün biz indi növbəti siyahıyaalmanı gözləyirik».
Fuad Cəfərli deyir ki, onların hesablaması yalnız Bakıda daimi qeydiyyatda olanlara yox, ümumi əhalinin sayına aid edilir. Başqa milyonluq şəhərlərlə müqayisədə paytaxtda əhalinin sıxlığı daha az hiss olunur. Sadəcə, fərq ondadır ki, gündəlik həyatda Bakının mərkəzi hissəsində əhalinin sıxlığına daha çox rast gəlinir. Bu da onunla bağlıdır ki, bütün idarəetmə, mədəni və sair qurumların demək olar ki, hamısı mərkəzdə yerləşir.
Fuad Cəfərlinin sözlərinə görə, əvvəlki 3-4 illə müqayisədə Bakıda əhalinin artım sürəti sabitləşib. Regionlarda iş yerlərinin açılması, Bakıda daşınmaz əmlakın qiymətinin xeyli artması isə əhalidə geriyə - rayonlara qayıtma meyllərini artırıb.
Söhbətləşdiyimiz sakinlər isə paytaxt əhalisinin durmadan artdığını deyirlər. Bu artım xüsusilə metroda özünü daha çox büruzə verir. Buna səbəb kimi rayonlarda iş olmamasını, tələbələrin sayının çoxluğunu, məcburi köçkünlərin böyük hissəsinin burada məskunlaşmasını göstərirlər.
Bakı Metropoliteninin rəisi Tağı Əhmədov da paytaxtda əhalinin artdığını bildirir və fikrini konkret rəqəmlərlə izah edir:
«Biz əgər 2002–ci ildə aya, ya ilə 109 milyon sərnişin aparırdıqsa, bu il 200 milyon aparırıq».
Ölkənin əksər universitet və kollecləri paytaxtda yerləşir. Təkcə Bakı Dövlət Universitetində 18 min tələbə təhsil alır. Özəl universitetlərdən isə yalnız Beynəlxalq Universitetində 15 mindən artıq tələbə var.
«Adam» sorğu mərkəzinin rəhbəri Rüfət Qaragözov hesab edir ki, gec–tez regionlardan paytaxta axın dayanacaq. Çünki Azərbaycan əhalisi o qədər çox deyil ki, bu proses daim davam etsin:
«Artım azalıb, amma hələ də Şəkidən, Gəncədən, şimal, cənub bölgələrindən adamların Bakıya axını davam edir. Azərbaycanın 6 milyon əhalisi varsa, onun 3 milyonu Bakıda yaşayır. Ancaq rayonlarda da qalan var. Ola bilsin ki, 3-5 ildən sonra bu proses əksinə getsin».
R.Qaragözov hesab edir ki, hələlik bölgələrdə açılan iş yerləri Bakıdan əhalini rayonlara qaytaracaq dərəcədə deyil. Ona görə indidən bu barədə danışmaq tezdir.
Dövlət başçısının fərmanı ilə hər 10 ildən bir bütün rayonlar üzrə ölkədə siyahıyaalma keçirilir. Sonuncu siyahıyaalma 1999-cu ildə keçirilib. Növbəti isə gələn ilin aprelində keçiriləcək. Bəzi mütəxəssislər yalnız bundan sonra Bakı əhalisinin sayı barədə dəqiq nəsə deməyin mümkün olduğunu bildirsələr də, bu prosesin o qədər də keyfiyyətli aparılmadığını deyənlər də var.
XS
SM
MD
LG