Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:33
«Bakıda muğam oxuyanların səsi Qarabağ muğam ifaçılarının səsindən tamam fərqlənir». «Azadlıq» radiosunun «Can Bakı» verilişinin qonağı olan Muğam Teatrının bədii rəhbəri Arif Qazıyev belə deyir. O, bunu dənizin səsi ilə əlaqələndirir:

«Əvvəllər Bakıda muğam məclisləri keçirilərdi. Çox tanınmış sənətkarlar qəzəllər deyərdilər. Yaxşı ki, bu ənənə Bakıda hələ də qalıb. Xüsusən də, Bakı kəndlərində toylarda muğama böyük yer verilir. Ona görə də hər muğam oxuyan Bakı kəndlərinə toya getməyə ürək etmir».

Arif Qazıyevin sözlərinə görə, muğama uşaq vaxtlarından heyranlıqla qulaq asıb. 1956-cı ildə Azərbaycan Televiziyasının ilk kişi diktoru olub, sonralar musiqi şöbəsində işləyib. Görkəmli sənətkarlarla görüşüb, onların ifasında canlı muğam dinləyib:

«İllər keçdikcə muğama maraq azalırdı. Muğam hətta toylarda da oxunmurdu. Fikirləşdim ki, bir Muğam Teatrı yaratmaq lazımdır. 1988-ci ildə nəhayət ki, bu istəyimə nail oldum. Bizə İçərişəhərdə Karvansarada bir otaq verdilər».

Bu ilin noyabrında artıq Muğam Teatrının 20 illik yubileyi qeyd olunacaq. Bu illər ərzində teatrda bütün muğam dəsgahları yeni quruluşda hazırlanıb:

«Yubileyimizdə teatrın gənc solistləri ilə birgə 7 muğam dəsgahı təqdim edəcəyik. Yeni süjet qururuq, tamaşa formasında hazırlayırıq. Yubiley münasibətilə teatrımız haqda kitab da yazılır».

Arif Qazıyev Muğam Teatrının binasından çıxarılacağı ilə bağlı yayılan söz-söhbətə də aydınlıq gətirdi:

«20 ildir ki, teatrı zülmlə düzəltmişəm. Həmin yeri bizə verəndə çox pis vəziyyətdə idi. Orada muzey yaratmışam, qədim musiqi alətlərimizi nümayiş etdirirəm. Bizə xarici ölkələrdən çoxlu qonaqlar gəlir. Canlı konsertlər dinləyirlər, musiqi alətlərimizlə tanış olurlar. Milli yeməklərimizi dadırlar. Teatrdakı daşlar da qədim əsrlərə məxsusdur. Həmin daşların üstündə yazılar yazılıb. Vasim Məmmədəliyevə deyəcəyəm, gəlib həmin yazıları oxusun».

Arif Qazıyev onu da deyir ki, bu il Muğam Teatrında bir sıra sənətkarların yubiley və xatirə gecələri keçiriləcək. Onların arasında Rəsul Rza, Qulu Əsgərov, Münəvvər Kələntərli, Aşıq Pənah, Əşrəf Əşrəfov və Elmira Rəhimova var.

Muğam Teatrının bədii rəhbəri 20 illik yubileyləri ərəfəsində dövlətdən bir hədiyyə gözlədiklərini etiraf edir:

«Maaşlarımız çox azdır, dolanışığa çatmır. Arzulayıram ki, 20 illik yubileyimizdə maaşlarımızı, həm də teatrın kateqoriyasını artırsınlar».

Buna da bax:

XS
SM
MD
LG