Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:41

Prezidentliyə namizəd yağışdan gileylənir


«İlham Əliyev heç vaxt hakimiyyəti əlindən verməyəcək»

«İlham Əliyev heç vaxt hakimiyyəti əlindən verməyəcək»

Təxminən iki həftədən sonra prezident seçkisinin təşviqat kampaniyası başa çatır. Ancaq hələ də bir çox seçki lövhələrində bəzi namizədlərin - Fazil Qəzənfəroğlunun, Qulamhüseyn Əlibəylinin plakatlarına rast gəlinmir. Bəs seçicilər necə, namizədləri tanıyırlarmı? Onlara qulaq asırlarmı? Söhbət etdiyimiz Bakı sakinlərinin cavabları belə oldu:
- Bir İlham Əliyevi, bir də İqbal Ağazadəni tanıyırıq. Kimin nəyinə qulaq asaq, hamısı yalandır.
- Yox, qulaq asmırıq, vaxtımız olmur.
- Yox, vaxtım yoxdur. Gecə səhərə qədər işləyirəm.
- Vallah, namizədləri sifətdən tanımırıq, ona görə ki, biz səhər saat 7-dən gecə 1-ə kimi işləyirik.
- İlham Əliyevdən başqa heç kimi tanımırıq.
Zibil yığmaqla çörək qazandığını deyən, arıq, xəstə görkəmli bir kişi isə sözünü deyəndə göz yaşını saxlaya bilmədi:
- Bu dəqiqə heç kimə inanmıram. Guya mənim səs verməyimlədir? İlham Əliyev heç vaxt hakimiyyəti əlindən verməyəcək.
Prezidentliyə namizəd Fazil Qəzənfəroğlu deyir ki, havaların yağışlı keçməsi plakatların yayılmasına maneə yaradıb. Amma həm də bəzi seçki lövhələri sadəcə unudulub. Prezidentliyə namizəd öz təbliğat kampaniyasından razıdır. Amma teledebatlar onun ürəyincə deyil:
- Seçilən forma uyğun deyil. Debatın vaxtı da uğursuzdur. Amma real proqramımız olduğu üçün efir imkanlarından səmərəli istifadə etməyə çalışırıq.
Digər namizəd Qulamhüseyn Əlibəyli isə deyir ki, onlar seçki plakatlarının bütün ölkəyə yayılmasının qayğısına qalırlar:
- Əksər yerlərdə yapışdırılıb.
Söhbət etdiyimiz ekspertlərsə bu təbliğat kampaniyasını «pis düşünülmüş seçki oyunu» adlandırırlar. Onların fikrincə, indiyədək Azərbaycanda seçkinin nəticəsinin saxtalaşdırıldığı müşahidə edilirdisə, artıq seçki prosesinin özünün saxtalaşdırıldığından danışmaq lazımdır.
Məsələn, şərhçi Alya deyir ki, prezident seçkisi kimi əhəmiyyətli bir seçim dövrü yaşanılsa da, ölkədə bu postun miqyasına uyğun ictimai proses getmir. Şərhçi bunu Seçki Məcəlləsində nəzərdə tutulan təbliğat imkanlarıyla əsaslandırır. Amma onu da deyir ki, prezident kürsüsü uğrunda yarışa qatılan İlham Əliyevdən başqa digərləri real namizəd deyil və onlar sadəcə, seçki oyununda öz namizəd rollarını oynayırlar:
«Sanki onlar da təbliğat imkanlarından minimum istifadə etmək barədə sözləşiblər. Prezidentliyə namizəd kimi yüksək bir statusla xalqın qabağına çıxan adamlar elə seçki çıxışları edirlər ki, sanki bir ölkənin yox, bir məhəllənin səsini almaq istəyirlər. Çünki onlar özləri də bilirlər ki, bu oyuna sırf simvolik şəkildə qatılıblar».
Alyanın fikrincə, iki həftəlik seçki kampaniyası heç bir ehtiraslı, qızğın hakimiyyət iddiasından xəbər vermir:
«Təbliğat kampaniyasının son iki həftəsindən də sürpriz gözləməyə dəyməz».

Şərhləri göstər

XS
SM
MD
LG