Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 10:34

«Sayğac qoyulandan bir dəfə də qaz gəlməyib»


Rayonlarda təbii qaz problemi Bakı kəndlərindəkindən daha az hiss edilir
Rayonlarda təbii qaz problemi Bakı kəndlərindəkindən daha az hiss edilir
Bakı kəndlərinin sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramına uyğun olaraq 2008-ci ildə paytaxtın kənd və qəsəbələri bütünlüklə qazlaşdırılmalı, köhnə xətlər yenilənməli, təzə yaşayış massivlərinə isə yeni xətlər çəkilməli idi. «Azəriqaz»ın prezidenti Əlixan Məlikov bildirir ki, artıq uzun illər təbii qaz almayan Bakı kəndlərində də problem aradan qaldırılıb:

«Bu şikayətlər artıq arxada qalıb. Xeyli işlər görülüb. Prezident sərəncamı üzrə Bakı kəndlərinin təbii qaz problemi aradan qaldırılır. Bu gün də işlər davam edir. Məncə, payız-qış aylarında problem olmayacaq».

Bakının Maştağa kəndinin sakinləri isə deyirlər ki, kəndə yeni qaz xətti çəkilsə də, hələlik bu boru onların evlərinə təbii qaz gətirməyib:

- Lap şam kimi gəlirdi. Bir həftədən çoxdur onu da kəsiblər. Hər dəqiqə də gəlirlər ki, pul ver. Nəyin pulunu verim, axı qaz gəlmir? Əlimizin altında ancaq İrandan gətirilən maye qazdır.

- Siz bütün işi-gücü bu balon qazı ilə görürsüz?

- Başqa nə çarə var ki…Evdə uşaq, xəstə.

- Bu maye qaz balonu neçə günə çatır?

- 10 günə, bir həftəyə.

- Məktəbdə uşaqlarınız oxuyur. Bəs məktəblər necə qızdırılır?

- Evlərdə necə, məktəblər də elə. Qaz yoxdur. Uşaqlar hər qış məktəbdə soyuqdan donurlar.

- Bələdiyyə iki addımlığınızda yerləşir. Şikayət etmisinizmi?

- Dəfələrlə. Heç baxan da yoxdur.

Vahid Orucov Maştağanın köhnə məhəllələrində durumun lap pis olduğunu deyir:

- 1994-cü ildən qaz yoxdur.

- Axı rəsmilər deyirlər ki, qaz çəkilir.

- Xətləri çəkib gətiriblər, ancaq içərisində qaz yoxdur. Elə hər il deyirlər olacaq, ancaq qazı gördüm deyən yoxdur.

- Havalar soyuyub, bəs evlərinizi nəylə qızdırırsız?

- Heç nəylə. Soyuqdan əsirik. Bayır evimizdən istidir.

Evlərə təbii qaz verilməsə də, Maştağanın bütün evlərində sayğac quraşdırılıb. Sakinlər deyirlər ki, sayğaclar quraşdırılandan sonra magistral kəmərin yaxınlığında yerləşən evlərə belə qaz gəlmir. Dediklərinə görə, təzyiq aşağı olanda sayğac qazı ötürmür:

- Qaz çoxdan yoxdur. Heç neçə ildir qaz görmürük.

- Bəs bu sayğacları nəyə görə qoyublar?

- Sayğac qoyulandan bir dəfə də qaz gəlməyib.

- Bəs evləri nəylə qızdırırsız?

- Elektriklə. Yenə işıq qazdan yaxşıdır. Heç bizi saymırlar.

Azərbaycanın rayonlarında isə təbii qaz problemi Bakı kəndlərindəkindən daha az hiss edilir. Tovuz rayon sakini Rizvan Məmmədovun sözlərinə görə, ötən ildən başlayaraq normal təzyiqdə təbii qaz alırlar:

- Bir-iki kənd istisna olmaqla demək olar, bütün kəndlərə qaz verilib. O kəndlərə də artıq ana xətt çəkilib, borular qoşulub, yaxın vaxtlarda ora da qaz veriləcək.

- Yəni fasiləsiz qaz alırsız .

- Bəli. 10-15 gündə bir dəfə bir-iki saat kəsilir. O da təmirlə bağlı olur. Sonra yenidən bərpa olunur.

İmişli rayonunda isə hələlik abunəçilərin hamısı təbii qaz ala bilmir. İmişli şəhərinin ərazisində isə təbii qazla bağlı problem demək olar yoxdur:

- Gəlir, bizdə kəsilmir. Biz mərkəzdə yaşayırıq deyə yaxşıdır. Ancaq İmişlidə elə yerlər var ki, neçə illərdir qaz almır.

«Azəriqaz»ın prezidenti əmin edir ki, bu qış Azərbaycan vətəndaşları təbii qaz qıtlığı ilə üzləşməyəcəklər. Əlixan Məlikovun sözlərinə görə, indi yeraltı qaz anbarlarında 1 milyard 100 milyon kubmetr qaz ehtiyatı var. Qışa qədər qaz ehtiyatının 1 milyard 400 milyon kubmetrə çatdırılacağı planlaşdırılır. Bu isə hətta ən soyuq havalarda belə vətəndaşların tələbatını ödəmək üçün bəs edəcək.
XS
SM
MD
LG