Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:45

Seçkini Obama udacaq


Şərhçi yazır ki, istənilən halda Makkeyn Obamanı üstələyə bilməyəcək

Şərhçi yazır ki, istənilən halda Makkeyn Obamanı üstələyə bilməyəcək

«Fox news» kanalının şərhçisi Fred Barners hesab edir ki, prezident seçkisini Obama udacaq. «Wall Street Journal»da çıxan məqaləsində Barners Amerika prezidentliyinə namizədlərin debatı barədə təəssüratını bölüşüb. Şərhçinin fikrincə, ötən cümə günü keçən debatda respublikaçıların namizədi Con Makkeyn məharətlə çıxış edib. Amma çıxışı ona kömək etməyəcək. Şərhçi hesab edir ki, debatlar hər şeyi həll etmir, əsas vəziyyətdir. İndiki vəziyyətsə demokratların xeyrinədir. İqtisadiyyat zəifləyib, prezident Buş populyar deyil, qeydiyyatdan keçən seçicilər arasında demokratlar daha çoxdur, nəinki respublikaçılar, İraq məsələsi prioritet deyil. Bütün bunlar Con Makkeynin Ağ Evə yolunda maneədir. Ən böyük maneə isə maliyyə bazarlarındakı böhrandır:
«Seçkiyə altı həftə qalır. Amerika iqtisadi böhran içindədir. Böhran uzandıqca sorğular demokrat Barak Obamanın Makkeyni üstələdiyini göstərir».
Fred Barnersin fikrincə, Obama debatda da pis görünməyib; sakit idi, özündən çıxmırdı, bir dəfə də olsun, böyük səhv buraxmadı, səhvləri kiçik idi. Şərhçi yazır ki, Obama Makkeynlə milli təhlükəsizlik məsələsində ayaqlaşa bilmədi. Amma bu dəfə seçkidə prioritet milli təhlükəsizlik deyil, daxili siyasətdir. Ola bilər ki, Makkeyn birinci debatda yaxşı göründü, gələn debatlarda Obama daha yaxşı çıxış edə bilər. Çünki gələn iki debatdan biri seçicilərin iştirakıyla keçiriləcək, o biri isə daxili məsələlərə həsr olunacaq.
Şərhçi yazır ki, istənilən halda Makkeyn Obamanı üstələyə bilməyəcək. O, misal çəkir, deyir ki, 1984-cü ildə Ronald Reyqanla Uolter Mandeylin debatında Reyqan daha yorğun görünüb, özünə əmin olmadığı hər an hiss olunub. Mandeyl isə əksinə parlaq çıxış edirmiş. Amma seçkidə Reyqan qalib gəlib, çünki o, həmin vaxt populyar olub. Müəllif bildirir ki, o vaxtdan anlayıb ki, debat seçkinin nəticələrinə təsir edə bilməz, nəticəni dəyişən vəziyyətdir.
Oktyabrın 2-si vitse-prezidentliyə namizədlərin debatı olacaq. «Newsweek» jurnalı respublikaçıların namizədi Sara Peylin barədə yazıb. Nəşr bildirir ki, Peylin vitse-prezidentliyə heç yaramır. Ola bilər ki, o, sərt və xarizmatik siyasətçi kimi Alyaskada yaxşı işlər görüb, amma milli və beynəlxalq məsələlər barədə fikirləşməyə bir gün belə sərf etməyib. Üstəlik, axı indi administrasiya bir yığın problemlə, Amerikada son dövrlərin ən ağır problemləriylə üz-üzə olacaq. İraqda əməliyyatlara ayda 10 milyard dollar xərclənir. Əfqanıstan və Pakistanda talibançılarla mübarizə heç də uğurla getmir. İran, Rusiya, Venesuela Amerikaya qarşıdır. Bütün bunlar bir yana, ölkə maliyyə böhranı yaşayır.
«CBS»in əməkdaşı Sara Peylinə hökumətin planı barədə sual verib; Yaxşı olmazdımı ki, hökumət maliyyə sisteminə xərcləmək istədiyi 700 milyard dolları elə birbaşa orta təbəqəyə - evpulu, qazpulu verməli olan, sağlamlığı üçün pula ehtiyacı olan ailələrə versin?
Sara Peylinin cavabı belə olub:
«Söhbət etdiyim hər bir amerikalı düşdüyümüz vəziyyətdən əziyyət çəkir. Amma bu planın məqsədi səhiyyədə islahatlarla məşğul olanlara kömək etməkdir ki, iqtisadiyyatımızı dirçəldək. Səhiyyədə islahat aparmaqla yanaşı, amerikalıların vergi yükünü də azaltmaq lazımdır. Ticarət məsələsinə də baxmaq lazımdır. Ticarətə qorxulu bir şey kimi yox, bir fürsət kimi baxmaq lazımdır...»
Sara Peylin cavabı bu tonda bir az da davam edib. Xarici siyasətlə bağlı suala da eyni tərzdə, uzun, dolaşıq cavab verib. Müəllif Peylinin nitqinin məzmunsuzluğunu, onun yəqin ki, məsləhətçilərinin dediyi sadə, siyasi duaları təkrarladığını, həm də bacardığı qədər uzun-uzadı təkrarladığını deyir. Hesab edir ki, Makkeynin vitse-prezidentliyə Sara Peylini seçməsi sadəcə məsuliyyətsizlikdir.
XS
SM
MD
LG