Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:34

Xaos günü


Prezident Corc Buş Kabinet Otağında Konqres üzvləri ilə maliyyə böhranını müzakirə edir, 25 sentyabr 2008
Prezident Corc Buş Kabinet Otağında Konqres üzvləri ilə maliyyə böhranını müzakirə edir, 25 sentyabr 2008
«Xaos günü...» «Nyu York Times» qəzeti Ag Evdə sentyabrın 25-də baş verənləri belə adlandırır.
Xaos günü isə belə başladı ki, Amerika prezidenti Corc Buş jurnalistlərə «biz ciddi iqtisadi böhrandayıq, ümid edirəm ki, çox tezliklə razılığa gələcəyik», - deyib, Ağ Evin Kabinet adlanan otağında Konqresin liderləri, eləcə də prezidentliyə namizədlər Con Makkeyn və Barak Obama ilə danışıqlara yollandı.
Kabinet otağının qapısı bağlanan kimi isə Nümayəndələr Palatasında respublikaçı azlığın lideri Con Bohner hamını şoka salıb ki, o, çökən maliyyə qurumlarının batan borclarını hökumətin alması fikrini müdafiə etmir.
Bohner deyib ki, o, hökumətin daha az rol oynaması fikrini müdafiə edir, qoy bazar özü-özünü tənzimləsin. Prezidentin özünün Respublikaçılar Partiyasının liderlərindən biri belə deyəndə rəqib demokratların plan əleyhinə kəskin çıxışlarını təsəvvür etmək çətin deyil.
Hökumət maliyyə böhranı ilə mübarizəyə 700 milyard dollar istəyir, ancaq bunu Konqres təsdiq etməlidir, ona görə də Buş hökuməti səsvermədən qabaq konqresmenlərlə dil tapmağa çalışır.
Ağ Evdəki danışıqlar kabinet otağından sonra Ruzvelt otağında daha maraqlı davam edib. Orda olanların «Nyu York Times»a və «Vaşinqton Post»a dediyinə görə, Amerikanın Maliyyə naziri Henri Paulson Nümayəndələr Palatasının sədri demokrat Nensi Pelosi qarşısında yarızarafat, yarıciddi bir dizini qoyub yerə xahiş edib ki, demokratlar bu planı dağıtmasınlar.
Maliyyə nazirinin diz çökməsinə və katoliklərin bu qayda ilə özlərindən yuxarıdakılara təzim etməsinə işarə edən Pelosi deyib ki, o bilməzdi ki, Paulson katolik imiş və əlavə edib ki, planı dağıdan demokratlar yox, respublikaçılardır. Paulson da deyib ki, «bilirəm, bilirəm».
Hökumət planını «Con Makkeyn üçün xilas proqramı» adlandıran Senatın Bank Komitəsinin sədri demokrat Kristofer Dodd da düşünür ki, hökumət əvvəlcə öz respublikaçıları ilə dil tapmalıdır:
«Prezident bizim (yəni demokratların) qarşısına ölümcül vəziyyətin mənzərəsini qoydu, biz bunu qiymətləndiririk. Eyni vəziyyəti Paulsondan da eşitdik. Ancaq onlar doğrudan da bir iş görmək istəyirlərsə, qoy əvvəlcə telefonu götürüb Nümayəndələr Palatasında özlərinin Respublikaçılar Partiyasının nümayəndələrinə zəng etsinlər, onlarla danışsınlar».
Danışıqlarda çox mühüm, hətta həlledici rollardan birini oynayan Nümayəndələr Palatasının Bank Komitəsinin sədri demokrat Barni Frank da deyir ki, «Nümayəndələr Palatasındakı respublikaçıların ya hökumət planının təsdiqində iştirak edib-etməmək planı, ya da onların bu plana kömək etmək istəyi yoxdur».
Sual yaranır ki, niyə Nümayəndələr Palatasındakı respublikaçılar hökumət planına dəstək vermirlər? «Azadlıq» radiosunun xəbərlər şöbəsinin məlumatına görə, bir çox konservativ respublikaçılar deyirlər ki, onlar öz seçicilərinin güclü narazılığı ilə üzləşiblər ki, hökumət niyə bankları xilas etmək üçün belə böyük xərclərə gedir. Və respublikaçı konqres üzvləri açıq bildirirlər ki, onlar belə hökumət xərclərini müdafiə etmək istəməzdilər.
Hökumətin iqtisadiyyatdakı rolunu artırmağa çalışan demokratlardan fərqli olaraq respublikaçıların ideologiyası azad bazardır. Elə bazar ki, ona hökumət mümkün qədər az müdaxilə etsin.
Hökumət - Konqres danışıqları isə sentyabrın 26-da da davam edəcək. Maraqlıdır ki, bütün bu mübahisələrə baxmayaraq həm demokratlar, həm hökumət üzvləri düşünürlər ki, bir razılığa gəlinəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG