Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:24

Xəzərə 12 milyard kubmetr çirkab suyu daxil olur


Küləkli günlərdə tullantılar 22 kilometrlik Bakı buxtasının burun hissələrinə yığılır və nəticədə xoşagəlməz qoxu yaranır
Küləkli günlərdə tullantılar 22 kilometrlik Bakı buxtasının burun hissələrinə yığılır və nəticədə xoşagəlməz qoxu yaranır
«Dünya miqyasında okean və dənizlərə əsasən 2,5 milyon tona qədər neft tullantıları tökülür. Xəzər dənizinə isə 12 milyard kubmetr çirkab suyu daxil olur»-«Azadlıq» radiosunun «Can Bakı» proqramının qonağı Ekoloji Standartların Monitorinq Fondunun rəhbəri Rauf Sultanov belə deyir. Onun sözlərinə görə, bu göstərici həddindən artıq çoxdur. Bunun nəticəsində son 20 ildə Xəzərdə flora və faunanın miqdarı 10-15 dəfə azalıb.

Rauf Sultanov deyir ki, Xəzər dənizini ən çox Volqa və Kür çayına axıdılan sənaye və neft tullantıları çirkləndirir: «Bir ton neft 5 min hektar sahəni əhatə edir. Odur ki, Xəzərin cüzi neftlə çirklənməsi üfunətin yaranmasına səbəb olur».
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzərin Ekoloji Monitorinq İdarəsinin rəisi Mirsalam Qəmbərov isə deyir ki, Xəzər dənizinə neft məhsulu axıdılmır: «Xəzər ətrafında güclü karbohidrogen ehtiyatları var, ilbəil hasilat çoxalır. Bu da ki, istər-istəməz dənizə mənfi təsir göstərir. Küləkli günlərdə tullantılar 22 kilometrlik Bakı buxtasının burun hissələrinə yığılır və nəticədə xoşagəlməz qoxu yaranır».

Mirsalam Qəmbərovun dediyinə görə, Xəzərin ekoloji problemlərinin aradan qaldırılması üçün prezident 2006-cı ildə «Ekoloji durumun sağlamlığı üzrə kompleks tədbirlər proqramı» təsdiq edib. 7 hissədən ibarət proqramın icrasına artıq iki ildir ki, başlanılıb:

«Bakı buxtasında formalaşan tullantı sular idarə olunmalı və ya təmizləyici qurğularda təmizlənməlidir. Mərkəzləşdirilmiş kanalizasiya sistemi olmalıdır. Yəni, işin kompleks formada həlli nəzərdə tutulub. İlk növbədə Sahildən və dənizdə fəaliyyət göstərən müəssisələrdə formalaşan tullantıların Xəzərə atılmasının dənizə təsirinin qarşısı alınmalıdır. Artıq müəyyən hissəsi alınıb. Bibiheybət mədən sahəsində 130 hektardan artıq ərazi, yəni neftlə çirklənmiş torpaqlar rekultivasiya olunub. Neftli tullantıların təmizlənməsi üçün beynəlxalq standartlara və müasir normalara cavab verən texnologiyalardan istifadə edilməklə bir sıra tədbirlər həyata keçirilir. Fəaliyyəti saxlanılmış 78 quyu bir ay bundan qabaq tam konservasiya olunub. Növbəti mərhələdə isə Bakı buxtasının dibində mazutlaşmış, qətranlaşmış tullantıların yığılmasına başlanılacaq».

Buna da bax:

XS
SM
MD
LG